“Kürəkən” əməliyyatı: məşhur mediamaqnatın KİV-lərini prezidentin ailəsi alıbmış…

0
685

Türkiyədə daha bir siyasi qalmaqal yaşanmaqdadır.

Qalmaqal “RedHack” adlı haker qrupunun keçirdiyi əməliyyatla başlayıb. Hakerlər prezident Rəcəb Tayyib Ərdoğanın kürəkəni, enerji və təbii qaynaqlar naziri Berat Albayrakın elektron poçtuna daxil olaraq onun “Doğan Yayın” media holdinqinin icraçı direktoru, məşhur mediamaqnat və milyarder Aydın Doğanın (“Doğan Holding”in sahibi) kürəkəni Mehmet Ali Yalçındağla yazışmalarını ələ keçirib.

Hakerlərin bəyanatına əsasən əməliyyat bu il iyunun 16-da başlayıb və sentyabrın 23-nə qədər prezidentin kürəkəni ilə media holdinqin icraçı direktoru arasında bütün elektron yazışmalar ələ keçirilib. Bəs bu elektron yazışmalar hansı məmundadır və nədən siyasi qalmaqal yaradıb?

Hakerlər ələ keçirdikləri yazışmaları mətbuata ötürüblər. CHP-yə bağlı müxalif “Cümhuriyyet” qəzeti bu yazışmaların bir qismini dərc edib. Və belə məlum olub ki, indiyədək müstəqil hesab etdiyi “Doğan Yayın” holdinqi-holdinqə daxil olan KİV-lər əslində prezidentin ailəsi tərəfindən idarə olunurmuş. Belə ki, yazışmalara əsasən Mehmet Ali Yalçındağ “Doğan Yayın” holdinqinin bütün işləri ilə bağlı hər gün, müntəzəm olaraq Berat Albayraka məlumat verir, hər bir addımı onunla məsləhətləşir, redaktorların təyinatı məsələsində onun razılığını alır, hansı hadisəni necə işıqlandırmaq barədə kürəkən tərəfindən verilmiş təlimatlar əsasında hərəkət edir.

Əvvəlcə “Doğan Yayın” holdinqi bu elektron yazışmaların ələ keçirilməsinə reaksiya verməyib. Lakin qalmaqal böyüyəndən sonra Mehmet Ali Yalçındağ bildirib ki, hakerlər onun şəxsi məlumatlarına qanunsuz müdaxilə edərək “gündəlik qeydlərni” ələ keçiriblər. Bunun ardınca “RedHack” qrupu internetdə yazılı açıqlama yayaraq Aydın Doğanın kürəkəninin yalan danışdığını bildirib, ələ keçirilənlərin “gündəlik qeydlər” deyil, Berat Albayrakla yazışmalar olduğuna dair sübutlar təqdim edib.

Nəticədə Mehmet Ali Yalçındağ bu gün vəzifəsindən istefa verib. İstefa bəyanatında göstərib ki, ortaya çıxarılan sənədlər “saxtadır”, çünki həmin yazışmaları o aparmayıb və fərdi kompüterində belə mesajlar yoxdur. Kürəkən baş verənləri “Doğan Yayın” qrupunu nüfuzdan salmağa yönəlmiş kampaniya adlandırıb. Bildirib ki, bu “çirkin saxtakarlığın necə həyata keçirildiyini” üzə çıxarmaq üçün əhatəli texniki araşdırma aparılır və holdinqi zərbə altında qoymamaq üçün istefa edir. Aydın Doğan da baş verənlər və kürəkəninin istefası ilə bağlı analoji bəyanatla çıxış edib.

“Doğan Yayın” qrupuna CNN Türk telekanalı, “Hürriyet” qəzeti, digər KİV-lər daxildir. Bir neçə il əvvəl Aydın Doğanla Ərdoğan arasında ciddi münaqişə yaranmışdı və “Doğan Holding”ə 2 milyard dollar vergi cəzası kəsilmişdi. Lakin sonradan mediamaqnat işlərini qaydaya sala bildi…

Virtualaz.org

BIR CAVAB BURAXIN