“Krım qaytarılana və Minsk razılaşmaları yerinə yetirilənə qədər Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq”.
APA-nın “112.ua” saytına istinadən verdiyi məlumata görə, bunu Ukraynada səfərdə olan ABŞ dövlət katibinin Avropa və Asiya işləri üzrə köməkçisi Viktoriya Nuland deyib.
V. Nuland Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib ki, prezident Obama Minsk razılaşmalarının tam yerinə yetirilməsini və Donbasın işğaldan tam azad olunmasını dəstəkləyir: “Biz öz mövqeyimizdə qalırıq ki, Krım məsələsi ilə bağlı tətbiq olunmuş sanksiyalar Krım Ukraynaya qaytarılana qədər qüvvədə qalmalıdır. Bu kontekstdə mən qeyd etmək istərdim ki, biz Krım Tatar Məclisinin qadağan olunması barədə dəhşətli qərardan hiddətlənmişik”.
V. Nuland dövlət katibi Con Kerrinin bu yaz Ukraynaya səfər edəcəyini söyləyib: “Dövlət katibi Kerri bir ilə yaxındır buraya gəlmir. Hər dəfə soruşur ki, niyə mən gəlirəm, o isə yox. O, gəlməkdə maraqlıdır və yəqin ki, bu yaz səfər reallaşacaq”.