Rusiyanın Ermənistanı bir çox məqamda təmənnasız olaraq silahlandırması regionda təhlükəsizliyi təhdid edir.
Bu sözləri Axar.az-a açıqlamasında Rusiyanın İrəvana növbəti dəfə hərbi kredit ayırmasına münasibət bildirən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. O bildirib ki, Rusiyanın Ermənistanı silahlandırması nə Azərbaycan üçün, nə də Ermənistan üçün yeni bir şeydir:
“Rusiya həmişə Ermənistanı silahlandırıb və silahlandırmaqda da davam edir. Azərbaycan bu gün 20-dən çox dövlətdən silah alır. Ermənistanın isə yürütdüyü siyasət nəticəsində iflic olan iqtisadiyyatı bu ölkəyə hardansa silah almağa imkan vermir. Bunun əvəzində isə Rusiya bu və ya digər formada Ermənistana müasir siyalhlarını ya açıq-aşkar hədiyyə edir, ya da ən aşağı faizlə, uzunmüddətli kredit adıyla göndərir. Bu isə Rusiya və Azərbaycan arasında mövcud strateji əlaqələrə cəmiyyətin etirazına səbəb olur. Digər tərəfdən, Minsk Qrupunun həmsədri olan Rusiyanın Qarabağ münaqişəsinə obyektiv yanaşdığını ciddi şübhə altına qoyur”.
Polkovnik qeyd edib ki, Ermənistanın hər hansı ölkədən, o cümlədən Rusiyadan öz pulu ilə silah alması daxili işidir və normal qarşılana bilər:
“Ancaq məsələ də bundadır ki, bu silahları Ermənistan almır və ala da bilməz. Az öncə Ermənistana 200 milyon hərbi kredit verən Rusiyanın proses çərçivəsində İrəvana həmçinin “İsgəndər” raketlərini yerləşdirdiyini gördük. Hətta Ermənistan tərəfi bu raketlərin idarəetməsinin İrəvana verildiyini də bildirdilər. Bundan qısa müddət sonra isə Rusiyanın İrəvana daha 100 milyonluq hərbi kredit ayırması əlbəttə ki, Azərbaycanda böyük ictimai reaksiyaya səbəb olur”.
Polkovnik vurğulayıb ki, Rusiyanın bu siyasəti illərdir Qarabağ probleminin həll edilməməsinin arxasında Kremlin dayandığı barədə mövcud mövqeyi bir daha gücləndirməkdədir:
“Bu probleminin həllində Rusiyanın mövqeyi bizə artıq bəllidir. Aydındır ki, Rusiya istəsə idi, bu problem sülh yolu ilə həllinə nail ola bilərdi. Ancaq Rusiya postsovet məkanında qaynar nöqtələr olmasının tərəfdarıdır. Bu, Rusiyanın bölgədə mövcudluğunu qorumaq üçün iqtisadi-siyasi əməkdaşlıq deyil, təzyiq yolu tutmasının görüntüsüdür. Ancaq hesab edirəm ki, bu təzyiqin əks-effekt verəcəyi də hesablanmalıdır. Birinci ona görə ki, Azərbaycan Rusiyadan böyük partiyalarla silah alan ölkələr sırasındadır və bu cür addımlar Azərbaycanı Rusiya silahından imtinaya təhrik edə bilər, nəticədə isə Rusiya büdcəsi itirəcək. hazırda sanksiyalar altında olan, Suriyada əməliyyatlar aparan Rusiya üçün bu büdcə itkisi kifayət qədər ciddi məsələdir. Digər tərəfdən, Rusiyaya ictimai inam zəifləyir və bölgənin aparıcı ölkəsi olan Azərbaycan öz milli maraqlarını təmin etmək üçün ciddi seçim edə bilər”.
Qeyd edək ki, 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Ermənistan hökuməti oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketini təsdiq edib.