Kremlin ideoloqu: Gürcüstan Cavaxetiyanı itirə bilər

0
642

Paşinyan Ermənistanın tarixində yeni dövr başladır.

Arazinfo.com axar.az-a istinadən xəbər verir ki, bunu “Moskva-Bakı” portalına müsahibəsində rusiyalı yazar Aleksandr Proxanov deyib.

“O özündən əvvəl baş verənləri kənara itələyir. Nəticədə Paşinyan zəngin Qərbdən və Beynəlxalq Valyuta Fondundan “dopinq” almaq istəyir. Corc Soroun Paşinyanın kariyerasında birbaşa iştirakı inandırıcı deyil. Onun hökumətindəki şəxslər sırasında Sorosun adamlarının olması sadəcə erməni geostrategiyasının ümumi istiqamətində işarə və ya ştrixdir.

Paşinyan Rusiya ilə dostluq etmək istədiyini bəyan etsə də, biz hamımız anlayırıq ki, yeni liderin istiqaməti Qərbə və böyük amerikayönlü erməni lobbisinin olduğu dairəyə yönəlib. Bu dairələr istəyirlər ki, Ermənistan Rusiyanın ağuşundan çıxsın və Qərbə tərəf yönəlsin. Digər tərəfdən, bu dairələri, görünür, həm də dənizə və NATO sərhədlərinə çıxış maraqlandırır.

Paşinyanın Gürcüstandakı danışıqlarının açıq hissəsi kifayət qədər neytraldır. Lakin bu danışıqların qapalı hissəsində nələr müzakirə edilib? Bəlkə də amerikalıların Gürcüstan vasitəsilə Ermənistana ekspansiyası müzakirə olunub. Paşinyanın Tiflisdə nələr danışdığını bilmək üçün zaman və kəşfiyyatın səyləri lazımdır”, – deyə o bildirib.

Onun sözlərinə görə, Gürcüstanın Paşinyanın Cavaxetiyaya getməsinə izn verməsi böyük səhvdir:

“Paşinyanın Cavaxetiyaya getməsinə izn verməsi Tiflisin jestidir. Bu səfər həm də amerikayönlü Tiflislə rusiyayönlü Ermənistan arasında yeni münasibətlərin nişanıdır. Demək ki, Gürcüstan Paşinyan haqqında bizim sizlə bildiklərimizdən daha çox şey bilir. Görünür, Gürcüstan rəhbərliyi Paşinyanın keçmiş tarixini yaxşı mənimsəyib.

Məncə, Tiflisin bu səfərə icazəsi böyük səhv idi. Bu məsələdə Paşinyana güvənmək lazım deyildi. Bu bölgədə mərkəzə tabe olmamaq əhval-ruhiyyəsi artır, ikinci Qarabağ yaranır. Gürcülər daxili çöküşün təcrübəsini yaşayıblar. Onlar bu çöküş zamanı Acariyanı əllərində saxlasalar da, Abxaziya və Cənubi Osetiyanı itirdilər. Əgər böyük geostrateji və qlobal silkələnmələr olsa, onların bu ərazini itirəcəklərini də istisna etmirəm”.

Proxorov həmçinin Paşinyanın Ermənistanı iqtisadi baxımdan dirçəltmək imkanlarının olmadığını deyib:

“Ermənistanın iqtisadi yüksəliş imkanları yoxdur, ona görə ki, Ermənistanın potensialı yoxdur. Yeni cəmiyyəti yaradıb, ona optimizm aşılamaq istəyinə ənənəvi qaydalarla çatmaq çətin olacaq.

Hər bir halda Qarabağda müharibə başa çatmayıb. Nəzəri baxımdan Paşinyan Azərbaycan-Ermənistan münasibətlərini hansısa formada ölü zonadan irəliyə apara bilər. Əgər bunu edə bilsə, böyük nüfuz qazanacaq, amma hələlik bunu müşahidə etmirəm”

BIR CAVAB BURAXIN