Kremli tikən və Moskvada öldürülən azərbaycanlı kimdir?

0
646

Bu gün dünyada memarlıq incisi kimi tanınan məşhur Krem sarayının baş memarı Əliş Kərəmli olub. Təxminən 650 il əvvəl tikilən bu misilsiz abidənin memarı, özü də Azərbaycan torpağının yetişdirdiyi bu şəxsiyyət haqda nə bilirik?

Axar.az xəbər verir ki, Əliş Sübhan oğlu Kərəmli 1322-ci ildə Şamaxıda dünyaya gəlib. Həyatı barədə dəqiq məlumatlar olmasa da, Kərəmli Yaxın Şərq, Qafqaz, İran, Hindistan və doğma vətəni Azərbaycanda ən məşhur sənətkarlardan biri olub.

Ə.Kərəmli Dəməşqin Bağlar bölgəsindəki məhəlləsində ərəb üslublu üç əzəmətli dördmərtəbəli binanın, Dəclə çayı üzərindəki beş tağlı Bağdad körpüsünün, Krım yarımadasında Bağçasaray mülkünün və fəvvarələrin, gürcülərin qədim paytaxtı Msxetada (Tiflis yaxınlığı) Knyaz Dodianın sarayının, Təbrizdə Kərim ağa torcasının (kompleks), Şirazda nəhəng 80 otaqlı Karvansaranın, Dəbil şəhərindəki Cümə məscidinin, Şamaxıda bugünümüzədək qalıqları duran köhnə, şəhərə giriş körpüsünün və onlarla tikilinin müəllifi kimi tanınıb.

Memar Kərəmlinin şöhrəti qısa vaxtda vətənin hüdudlarını aşmış, onun sənətkarlıq qabiliyyəti Moskva Knyazı Dmitri İvanoviçin də diqqətindən yayınmamışdı.

Moskvaya səfər

Əliş Kərəmli Moskvaya böyük Knyazın dəvəti ilə gedib. Bu məqsədlə 1366-cı ilin sonlarında Moskvanın böyük Knyazının elçiləri – Rusiya sarayından boyar İ.A.Baratinski və Şirvanşahların Moskva Knyazlığındakı səfiri Qafur bəy, Knyazlığın 10 süvarisi ilə yola çıxırlar. Onlar uzun yolu qət edərək 1367-ci il yanvarın 5-də, şaxtalı bir qış səhərində Şirvanşahların paytaxtı Şamaxıya çatırlar. Qonaqlar burada ehtiramla qarşılanır. Boyar Baratinski Moskvanın böyük Knyazının məktubunu Şirvanşah Şeyx İbrahimə verir və gəlişin məqsədini onun diqqətinə çatdırır.

Həmin məktubda dünyaca məşhur memar-inşaatçı Əliş Kərəmli Moskvanın böyük Knyazı tərəfindən möhtəşəm tikintinin inşasına dəvət olunur.

Bu, Dimitri İvanoviçin Şeyx İbrahimə ilk xahiş məktubu olub. Şeyx əvvəlcə sevimli sənətkarını göndərmək istəməsə də, Əliş bəyin razılıq ovqatını və onun şəxsi təhlükəsizliyinə dair Knyazın zəmanətini nəzərə alaraq, bu işə razılıq verir. Şirvanşahdan səfər xeyir-duasını alan ustad sənətkar yol hazırlığına başlayır və 10 yanvar 1367-ci il tarixində rus elçiləri ilə birlikdə Moskvaya yola düşür.

Moskvada 7 seçmə döyüşçü onun mühafizəsinə verilir. O isə bunların arasından Yeqor Bulıç adlı əsgəri seçir.

Böyük knyazla müqavilə

14 mart 1367-ci ildə Əliş bəylə Moskvanın böyük knyazı Dmitri İvanoviç arasında müqavilə bağlanır. Müqaviləyə əsasən, Əliş bəyə öz işində tam sərbəstlik verilir. Heç kəs onun işlərinə qarışa və hər hansı formada ona təsir göstərə bilməzdi. Bir kimsə özünü ondan üstün tuta bilməsin deyə, Dmitri İvanoviç hətta ona boyar titulu və səlahiyyətini də verir.

Müqavilədə istənilən həcmdə maliyyə təminatına söz verilir, böyük knyaz tərəfindən gizli nəzarətlərə, qəfil təftişlərə, maliyyə hesabatlarına yol verilmir. Yalnız özü məqsədəuyğun hesab etdiyi vaxt yazılı hesabat təqdim olunacağı bildirilir. Memarın layihəsinə və iş zamanı bu layihəyə hər hansı əlavə və dəyişiklərə də müdaxilə edilmirdi.

Bu müqaviləyə əsasən, istifadə olunacaq işçilərin sayına da məhdudiyyət qoyulmurdu. İşin həcmi, sürəti və keyfiyyəti üçün lazım gəldikdə Əliş bəy istədiyi qədər fəhlə cəlb edə bilərdi. Müqavilədə knyazın yeganə ciddi tələbi inşaat işlərinin 4 il müddətində tam başa çatdırılması idi. Əliş bəy qarşılığında nəinki buna, həm də qalanın fərqli gözəlliyə və min illərcə Moskvanı qoruyacağına, hamının zövqünü oxşayacağına, şəhərin əsas qürur və gözəllik məkanına çevriləcəyinə söz verir. Buna əmin etmək üçün əlini cibindən çıxartdığı kiçik ölçülü “Quran” kitabının üzərinə qoyaraq and da içir.

***

Əliş Kərəmli işlər 1 il tez başa çatsın deyə tikintiyə rəhbərliyi də öz üzərinə götürür. Onun üçün özünün təklifi ilə yalnız görülmüş işlər tam başa çatdıqdan və hamı tərəfindən gizli səsvermə yolu ilə ən gözəl iş kimi bəyənildikdən sonra zəhmət haqqı ödənilməsi nəzərdə tutulur. Bu isə Şərq qaydasıyla tikintiyə sərf olunacaq bütün materialların dəyərinin tən yarısı məbləğində olmalı idi. İş bəyənilməyəcəyi təqdirdə zəhmət haqqı qəbul edilməyəcəkdi. Amma iş başa çatana kimi firavan dolanmaq və ya ailəsinə göndərmək üçün hər ay ona 300 rubl qızıl pul əmək haqqı ayrılmışdı. O, böyük knyazın bacısı evində yaşayacaq, onun hər cür qida və geyim təminatı orada ödəniləcəkdi. Knyazın kürəkəni Voyevoda Bobrokovun etirazına baxmayaraq, bütün məsrəfləri böyük knyaz öz üzərinə götürür.

Kremlin inşası

Moskva qalasının tikintisi əsasən Moskva çayı və onun qolu olan Yauza çayının dörd yandan əhatəyə aldığı adada aparılmalı, orada möhkəm qala divarları ilə əhatələnmiş içərişəhər yaradılmalı idi. Bu qala divarlarının müəyyən hərbi və nəzarət əhəmiyyətli hissələrində isə müxtəlif ölçü və quruluşda qüllələr, bürclər ucaldılacaq, darvazalar tikilicəkdi. Əliş bəy hələlik beş qüllənin və keşikçi bürclərinin, qala divarlarının layihəsini çəkib, böyük knyaza təsdiqlədir. Daha sonra kərpic sobalarının tikintisi üçün yer müəyyənləşdirir. Bu iş memarın vəzifəsi olmasa da, Əliş bəy özü kasıblar yaşayan məhəllələri gəzir, sağlam fəhlələr seçirdi. Tikintiyə 1500 nəfər işçi cəlb edilir. Əliş bəy yaxşı işləyənlərə tikinti başa çatdıqdan sonra onların yaşadıqları daxmaların, köşklərin içindəki ləvazimatlarla birgə bağışlanacağına söz vermişdi.

Tikinti işlərinə martın 25-də – rusların “Blaqoveşeniye” bayramı günündə başlanır. Bu bayram Məryəm ananın Müqəddəs Ruhdan lütflənməsi münasibətilə keçirilirdi. Bayram münasibətlə keçirilən təntənədə müsəlman Əliş bəy də kilsəyə gəlir və şam yandırır. Bu vaxta kimi isə çoxları, hətta yepiskopların da bəziləri müsəlmanların İsa Məsihi peyğəmbər kimi qəbul etdiklərini bilmirdilər.

Tikintinin bünövrəsi qazılarkən Əliş bəy cibindəki “Quran”ı çıxarır və bir kənarda duraraq, “Məryəm surəsi”ni avazla oxumağa başlayır. Bir kimsə onun işlərinə qarışa bilməyəcəyi üçün hətta mitropolit Aleksiy də mane olmur. Beləcə, bir tərəfdə yepiskop yoğun səslə İncildən cümlələr, digər bir tərəfdə isə Əliş bəy avazla “Quran” surəsini oxuyur.

Həmin gün qala divarları üçün qazılmış bünövrəyə yonulmuş iri, qara daşlar yığılır. İlk iş günü bu işləri hamılıqla icra edirlər. Hətta böyük knyazın özü də iş görənlərin arasında olur.

Böyük sənətkarın ölümü

1371-ci il iyun ayının 22-də içkili vaxtı bir kazak ataman xaincəsinə arxadan qılıncla güclü zərbə endirərək, Əliş bəyin başını bədənindən ayırır. Bu hadisə Moskva-Smolensk yolunun 9-cu kilometrliyində, indiki Volokolamsk yolunun başlanğıcında, soldakı meşə talasında böyük sənətkarımızın qayıtma – vida məclisi zamanı baş verir. Belə bir şərəfsiz qətlin icra olunmasında başlıca məqsəd böyük memarın adını yox etmək və Kremli ucaldan sənətkarı tarixdən silmək olub. Qəddarcasına qətlə yetirilən Əliş bəy Kərəmlini elə oradaca dəfn edirlər.

Bu ağır itkiyə görə ən çox üzülən böyük knyazın bacısı qızı Anna olur. Onun memara məhəbbəti qarşılıqlı olmasa da, bu itkiyə dözməmiş, saçlarını qırxdıraraq Penza rahibəxanasına yollanmış və ömrünün sonunacan memarın məzarına qulluq etmişdi…

Qeyd: Əliş Kərəmli Sovet yazıçısı Sergey Borodinin 1941-ci ildə qələmə aldığı “Dmitriy Donskoy” tarixi romanında əsas personajlardan biri olub. O romanda XIV əsrin sonunda Moskva Kemilinin ilk daş divarlarının tikilməsinə rəhbərlik edən şamaxılı memar-inşaatçı kimi təsvir edilir.

Azərbaycanda Əliş Kərəmli mövzusu ilk dəfə Oqtay Eldəgəz tərəfindən gündəmə gətirilib.

Yazıçı Hafiz Mirzə onun haqqında “Moskva Kremlinin memarı Kərəmli” adlı povest yazıb.

2012-ci ildə Əli Əhmədoğlunun müəllifi olduğu 168 səhifə həcmində “Kreml memarının mükafatı” adlı kitab nəşr olunub.

 

 

BIR CAVAB BURAXIN