Günümüzdə dünyanın hər hansı bir uzaq nöqtəsinə getmək bir o qədər çətin hesab edilmir. Belə ki, elmi-texniki tərəqqinin sürətli inkişafı insana Yer kürəsinin istənilən nöqtəsinə getməsinə imkan verir. Lakin min illər əvvəl insanın dünyanın ən uzaq nöqtəsinə deyil, okeanların arxasında olan Amerikaya gedib çıxa bilməsi günümüzdə insanın Marsa qədər uçub getməsi və ona ayaq basa bilməsi qədər çətin və möcüzəli görünürdü. Bu baxımdan Amerika qitəsinə Avropadan ilk ayaq basanın və onu kəşf edənin Xristofor Kolumb olması barədə deyilənlərin yalan olduğu ara-sıra gündəmə gəlməkdə davam edir. Bunu sübuta yetirmək məqsədi ilə on illərdir çoxlu sayda ehtimallar irəli sürülür. İlk baxışdan bunu etmək asan olmasa da Kolumbdan əvvəl Amerika qitəsinin avro-asiyalılar tərəfindən kəşf edldiyi barədə çoxsaylı ehtimallar və faktlar mövcuddur. Bunu Cənubi Amerikada tapılan qədim heykəllərdə təsvir edilən zəngi, semit, qafqaz, saqqallı ariyalı, prototürk sifətli insanlar da sübut etməkdədir. Bu heykəllərə istinadən belə ehtimal edilir ki, hələ eramızdan min illər əvvəl insanlar Avrasiyadan Amerika qitəsinə gedib-gələ bilmişlər. Bunu sübut edə biləcək faktlardan biri də eramızdan əvvəl 1290-1224-cü illərdə yaşayan Misir çarı II Ramzesin sərdabəsindən aşkar edilən tütün tozlarıdır. Tütünün Amerikadan Avropaya yalnız XVI əsrdə gətirildiyi məlumdur. Tədqiqatçıların hamısı o dövrdə yaşayan misirlilərin siqaret çəkmədiyi qənaətindədirlər. Məhz bunu nəzərə alan tədqiqatçılar qədim misirlilərin okeanları aşaraq Amerika ilə əlaqə saxladığı və oradan II Ramzes üçün tütün gətirdikləri qənaətindədirlər. Çünki istənilən halda II Ramzesin sərdabəsindən tapılan tütün tozlarını başqa cür izah etmək mümkün deyil. Nəhayət qədim finikiyalıların da mahir dənizçilər olduğu və onların Pireney yarımadasından minlərlə kilometr uzaqlarda yerləşən Azor adalarından dayanacaq məntəqəsi kimi istifadə edərək Amerikaya qədər üzüb getdikləri istisna edilmir.
Vikinqlər Şimali Amerikada
Avropada Kolumbdan əvvəl Amerikaya ayaq basanların məşhur dəniz səyyahları olan qorxmaz, cəsur və igid vikinqlərin olması elmi baxımdan tədqiqatçılar tərəfindən təsdiq edilib. Vikinqlərin Şimali Amerikaya ayaq basması bir neçə mərhələdə həyata keçirilib. Əvvəlcə vikinqlərin Farer adalarına, oradan üsə üzərək İslandiyaya getdikləri bildirilir. 985-ci ildə Eyrik Rıji bir neçə gəmi ilə İslandiya sahillərinə yaxınlaşır. Onlar İslandiya adasını dolaşaraq nəhayət ki, onun cənubunda insan yaşaması üçün az da olsa şərait olan yer tapır və onu Qryunelanda ( Yaşıl ölkə) adlandırırlar. Bununla da vikinqlərin İslandiyanı məskunlaşdırması prosesi başlayır. Vikinqlər İslandiyadan sonra Şimali Amerikaya üzüb gedərək ora ayaq basırlar. 1960-cı ildə Hyufaundlenddə ( L’ans-o Medous, Kanada) vikinqlərə aid yaşayış məskəninin qalıqları aşkar edilir. 2010-cu ildə İslandiyada aşkar edilən qadın qalıqlarının tədqiqi göstərdi ki, bu, Şimali Amerika sakini olan hindli qadındır. Onun 1000 il əvəl İslandiyada yaşadığı məlum olub. Bu da vikinqlərin Şimali Amerikanın yerli əhalisi ilə nəinki ticari, həm də nikah əlaqələrinə girdiklərini sübut edən faktlardan biri hesab edilir.
Karfagenlilər Amerikada
Bəzi avropalı tədqiqatçılar belə hesab edirlər ki, karfagenlilər və finikiyalılar Amerikaya qədər üzüb gediblər. Qədim yunan yazıçısı Feopomp yazır: “Sahillərini okean suları yuyan Avropa, Asiya və Liviyanın (Afrika) arxasında böyük bir qitə yerləşir”.
XVII əsrin ispan alimi Marianus de Orselllara qədim manuskriptlərə əsasən yazıb ki, eramızdan əvvəl 371-ci ildə Karfagenlə Roma arasında baş verən müharibədən sonra məğlub olan tərəfin (Karfagen) əhalisinin bir hissəsi canlarını xilas etmək üçün öncədən hazırlanan nəhəng gəmilərlə Amerikaya qaçıblar. Sonralar onların bir hissəsi geri qayıtsa da, digər hissəsi yerli əhali ilə qaynayıb qarışıb. Bu ehtimalı sübut edən önəmli faktlardan biri də Amerkadakı qədim məzarda II əsrə aid Roma başlı heykəlin tapılmasıdır. Venesuelada isə eramızın I-V əsrinə aid Roma xəzinəsi aşkar edilib. Belə hesab edilir ki, karfagenlilərin bir hissəsi Cənubi Amerikada inklər tərəfindən yadelli adı ilə xatırlanan imperiya qurublar. İnklər yadellilərin fərqli dildə danışdıqlarını və ancaq özlərindən olan qadınlarla evləndiklərini bildirirlər. Bu dövlətin sakinləri Karfagendə olduğu kimi Günəş allahına sitayiş edirdilər və onlar yerli əhalidən fərqli olaraq ağdərili idilər.
Nəhayət, Kolumbdan 450 il əvvəl məşhur türk alimi Əbu Reyhan Biruni də Atlantik okeanının arxasında böyük qitə olduğunu yazıb.
Amerikada Türk izləri
İnanc baxımından da qızıldərililərlə türklər arasında yaxınlıq var. Türklərdə olduğu kimi qızıldərililərdə də şamanlar önəmli rol oynayırlar. İki xalq arasında şaman adət-ənənələri demək olar eynidir. Türklər kimi qızıldərililər də çadırlarda yaşayır, geyimləri də oxşayır. Onlar da türklər kimi ovçuluğu sevirlər, geyimlərində bozqurd, at, qartal, ay təsvir olunub. Qızıldərililərin musiqi aləti qopuzu xatırladır. Bütün bunlar da Amerika qitəsinə lap qədimlərdən ayaq basan ilk xalqın prototürklər olduğunu ehtimal etməyə imkan verir. Əlbəttə, bu daha böyük araşdırma mövzusudur və gələcəkdə bu məsələyə daha geniş şəkildə qayıtmaq niyyətindəyik.
Əziz Mustafa