Bu şair bildiyimiz məşhur şairlərdən deyil. Amma bir çox şairlərdə ondan xeyli əlamətlər qalıb. Adı Yaftımalı olub. Kərbalayi Yaftımalı… həyatda yeganə istəyi şair kimi ad çıxarması və tanınması olub. Lakin, di gəl ki, istedadsızlığı buna imkan verməyib.
Amma köhnə bakılılar onu uzun müddət unutmadılar. Bu talehsiz “şair” sonradan höhnə Bakının bütün araşdırıcılarının əsər və xatirələrində özünə yer tapdı.
Moderator.az xəbər verir ki, bu araşdırmaçılardan olan yazıçı Qılman İlkin özünün bir xatirəsində qəribə taleli şairi bu cür xatırlayır:
“Qoca, kasıb bir kişi idi. Gündüzlər qapı-qapı gəzib şişə salmaqla çörək pulu çıxarardı. Bir az da şairlik təbi vardı. Axşamlar təkyələrə gedib özünün yazdığı dini mərsiyələri oxuyardı. Əlbəttə, yazdığı şer və qəsidələrdə şer qaydaları çox pozuq olurdu. Bəzən elə mənasız şerlər yazardı ki, camaatın ağzında dildən-dilə gəzir və müəllifini lağa qoyurdular. Həqir Həqiqini o özünə təxəllüs seçmişdi. O, qəpik-qəpik yığdığı və boğazından kəsdiyi pulları toplayıb şerlərini “Cənnət-ülgüşah” adlı toplusunda çap etdirmişdi. Onun “Göydə uçar çalağan, yerdə gəzər malağan” misraları ilə başlayan şerini oxuya-oxuya uşaqlar küçədə onun arxasınca düşüb bərkdən gülərdilər. O dövrdə zəif bir şer yazılanda deyərdilər ki, lap Kərbəlayi Yaftıməli kimi yazmışdır. Bu sətirlər pis şerlər üçün meyar kimi işlənirdi. Bu zavallının ölümü də miskincəsinə olmuşdu. 1918-ci ilin mart hadisələrində hardansa köhnə, pas atmış bir xəncər tapıb küçəyə çıxmış və bərkdən çığırmışdı: “Ay müsəlmanlar, cahaddır”. Elə bu zaman qəfil bir erməni gülləsi onu yerə sərmişdi”.