Qarşıdan gələn Yeni il ərəfəsində Kiyev Azərbaycanlıları Konqresi valideyn himayəsindən məhrum olan “Beryozka” Uşaq Evinə ərzaq, şirniyyat və paltarla yardım göstərib.
Arazinfo.com-un verdiyi xəbərə görə, Ukraynanın “Birinci” telekanalının bununla bağlı hazırladığı reportajda deyilir ki, Kiyev Azərbaycanlıları Konqresi başda onun sədri Oleq Krapivin olmaqla hər kvartalda olduğu kimi Yeni il qabağı da valideyn himayəsindən məhrum olan uşaqlara bayram sovqatı gətirərək onları sevindirib. Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin “Birinci” telekanala verdiyi müsahibəsində deyib ki, biz hər kvartalda iki dəfə valideyn himayəsindən məhrum olan uşaqların yaşadığı “Beryozka” Uşaq Evinə yardımlar göstəririk:
“Öncə “Beryozka” Uşaq Evinin uşaqlarını Kiyev Azərbaycanlıları Konqresi üzvləri və şəxsən öz adımdan Yeni il münasibəti ilə təbrik edirəm. Bizim əsas məqsədimiz uşaq evindəki valideyn himayəsindən məhrum olan uşaqlara qayğı və yardım göstərmək, onları sevindirməkdir. Hər kvartalda iki dəfə uşaqlara ərzaq və paltar da daxil olmaqla müxtəlif yardımlar göstəririk. Biz uşaqlarla bərabər idmançılara da müvafiq yardımlar edir, onlara idman zallarımızdan sərbəst şəkildə istifadə edə bilmələri üçün şərait yaradırıq. Ötən şənbə keçirilən idman turnirində qalib uşaqlara müxtəlif diplomlar təqdim etdik və bütün yarış iştirakçılarına idman geyimləri verdik.
“Birinci” telekanalın reportajında qeyd olunub ki, 1999-cu ildə yaradılan Kiyev Azərbaycanlıları Konqresi Ukraynanın ictimai -siyasi həyatında fəal iştirk edir, imkansız ailələrə, qocalara, əlillərə, o cümlədən valideyn himayəsindən məhrum olan uşaqlara mütəmadi olaraq yardımlar göstərir, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olurlar
Kiyev Azərbaycanlıları Konqresi sədrinin yardımçısı Ələsgər Məhərrəmov adıçəkilən telekanala verdiyi müsahibəsində deyib ki, başda Oleq Krapivin olmaqla “Beryozka” Uşaq Evindəki valideyn himayəsindən məhrum olan uşaqlara hər kvartalda müxtəlif səviyyədə yardımlar göstərilir və bununla da onları sevindirirlər.
Kiyev Azərbaycanlıları Konqresi sədrinin birinci müavini Fəxrəddin Hüseynov da “Birinci” telekanala müsahibəsində qurumun sədri Oleq Krapivinin rəhbərliyi altında “Beryozka” Uşaq Evindəki valideyn himayəsindən məhrum olan uşaqlara mütəmadi olaraq yardımlar göstərildiyini söyləyib. O deyib ki, valideyn himayəsindən məhrum olan uşaqlar qayğı və diqqətə möhtacdırlar və onları sevindirmək üçün gələcəkdə də əllərindən gələni edəcəklər.
Əziz Mustafa
Oxuməni.az