Əziz Mustafa
Onun haqqında çox danışıblar və hələ 100 illər bundan sonra belə danışacaqlar. O, sağlığında ikən adı canlı əfsanəyə çevrilmişdi. İş o yerə gəlib çatmışdı ki, adı gələndə milyonlarla insan ayağa qalxırdı. Çəkildiyi filmlər dərhal bestsellerə çevrilir və rekord miqdarda gəlir gətirirdi. Onu dünyanın hər yerində sevirdilər. Şöhrətin zirvəsinə qalxanda belə, o təvazökar və adi adamlardan biri olaraq qalmaqda davam edirdi. 36 filmdə çəkilmişdi və 20-ci əsrdə, Şərq əlbəyaxa döyüşünün ABŞ-da və Avropada geniş yayılmasında əvəzsiz xidmətlər göstərmişdi. Əlbəyaxa döyüşdə onunla bacaran, qabağına çıxan tapılmırdı. 171 sm boyu olmasına baxmayaraq Şərq əlbəyaxa döyüşündə qeyri-adi sürətə və qarşışı alınmaz zərbələrə malik idi. Milyonların sevimlisi olan bu insan dünya kinematoqrafiyasının heç vaxt sönməyəcək ulduzu Brüs Li idi.
Amerikada anadan oldu
Gələcəkdə bütün dünyanın canlı əfsanəsinə çevriləcək Brüs Li 1940-cı il, noyabr ayının 27-də ABŞ-ın San-Fransisko şəhərində anadan olub. Həmin vaxt onun ata və anası, Çinin Konton şəhərində fəaliyyət göstərən opera teatrının komik aktyorları olan Li Xoy Çen və Qreys Li ABŞ-da qastrol səfərində idilər. Anası Qreys çinli və alman izdivacından dünyaya gəlmişdi və hər iki millətin milli ənənələrinə yaxşı bələd idi. Anası oğlunun böyüyəndə ABŞ-a qayıtmasını və bu ölkənin vətəndaşlığını almasını arzulayırdı. ABŞ-a qastroldan Honqkonqa qayıdan ər-arvad yeni doğulmuş uşaqlarına Li Can Fan (geri qayıdan) adı vermişdilər. Ancaq San-Fransiskodakı doğum evi tərəfindən arayışda onun adı Brüs Li kimi qeyd olunmuşdu. Brüs yetkinlik yaşına çatanda onu Li Yen Kam (heç vaxt yerində oturmayan) çağırmağa başladılar. İlk dəfə kinofilmdə çəkiləndən sonra isə o, Li Suy Lunq (balaca əjdaha) adı ilə tanınmağa başladı. Valideynlərinin aktyor olması Brüsün həyatında önəmli təsir göstərmiş və o, uşaq yaşlarından kinoda çəkilməyə başlamışdı. Kinoda əsasən çətin tərbiyə olunan və ya yetim küçə uşaqları rolunda çəkilirdi. Təbii ki, hər bir çinli kimi Brüs də uşaqlıqda Şərq əlbəyaxa döyüşü ilə maraqlanırdı. Ancaq o, hec vaxt bununla ciddi məşğul olmamışdı. Uşaqlığından çox dəcəl idi və valideynlərinin sözünə baxmır, bütün günü şəhərdə veyillənirdi. Necə deyərlər, yetənə yetir, yetməyənə də bir daş atırdı. Buna görə bütün şəhəri boğaza yığmışdı. Hamı onun əlindən dad edirdi. Brüsdən valideynlərinə o qədər şikayət gəlmişdi ki, onlar az qalırdılar şəhərdən baş götürüb qaçsınlar. Əslində Brüsün belə böyüməsinin əsl günahkarı onun ailəsi idi. Çünki valideynləri işin çoxluğu ilə əlaqədar övladlarının tərbiyəsi ilə məşğul ola bilməmişdilər.
Qeyd edək ki, onun belə böyüməsində atasının da rolu az olmamışdı. Atası yaxşı aktyor idi və buna görə onu çox sevirdilər. Amma Li Xoy Çen ailəsinə vaxt ayırmır və onların problemləri ilə məşğul olmaq istəmirdi və övladlarına biganə münasibət bəsləyirdi. O, qazancını ailəsindən qeyri hər yerə xərcləyirdi. Honqkonq kriteriyalarına görə, Brüsün atası varlı hesab edilirdi. Onun şəhərin müxtəlif yerlərində bir neçə evi vardı və onları kirayəyə verərək kifayət qədər qazanırdı. Buna baxmayaraq, olduqca kasıb yaşayırdılar. Ailə heç bir kommunal şəraiti olmayan iki otaqda başlarını girləyirdi. Yeməkləri də kasıb ailələrindəkindən, demək olar, fərqlənmirdi.
Müəllimləri boğaza yığan və dalaşmağı sevən uşaq
Brüs və qardaşları böyüyəndə valideynləri onları Honqkonqdakı Yezuit kollecinə verdilər. Yezuit kolleci ingilislər buraya ayaq basandan fəaliyyətə başlamışdı. Bundan məqsəd yerli əhalini xristianlaşdırmaq və bununla burada müstəmləkəçilik sisteminin dayaqlarını yaratmaq idi. Bu məqsədlə isə onlar xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur və bu yolla əhalinin müəyyən hissəsini öz tərəflərinə çəkərək, onlara xristian dinini qəbul etdirə bilmişdilər. Necə deyərlər onlar artıq bir neçə yüz il idi ki, Honqkonqda missioner fəaliyyəti ilə məşğul olurdular və onlar yerli əhalini kifayət qədər yaxşı tanıyırdılar. Amma Brüs Li kollecdə müəllimləri üçün əsl başağrısına çevrildi və onunla heç cür bacara bilmirdilər. Necə deyərlər, Brüs kollec qanun-qaydaları çərçivəsinə sığan və onların mənəvi əxlaqi tövsiyələri ilə hərəkət edən ağıllı uşaqlardan deyildi. Balaca, arıq, çox cəld və çevik olan Brüs riyaziyyat və ingilis dili əlifbasını öyrənmək üzərində baş sındırmaq istəmirdi. O, yalnız kiminsə burnuna zərbə endirəndə, kimisə yıxıb yerə döyəndə rahatlıq tapırdı. Keçmiş sinif təhbəri və qardaşı Henri çox illər sonra: “O ağıllı və zəkalı uşaq idi. Ancaq onunla gərək öz dilində danışmağı, yumşaq damarını tutmağı bacaraydın. Əks halda, o özünü əsl küçə uşağı kimi aparırdı”. Qardaşı və sinif rəhbəri etiraf edirdilər ki, çox nadir hallarda Brüsün yumşaq damarını tutmaq olurdu və o, sözə baxmayan uşaq olaraq qalmaqda davam edirdi. Brüsün bu hərəkətləri kollec rəhbərliyini və müəllimləri də boğaza yığmışdı və günlərin birində onun valideynlərini məktəbə çağırdılar. Məktəbə atası deyil, Brüsün anası getmişdi və ona deyəndə ki, pis hərəkətlərinə görə oğlunu məktəbdən xaric edirlər, az qaldı qadın özündən getsin. Əvvəl bunu görüb kollec rəhbərliyinin anaya yazığı gəldi. Ancaq bir az götür-qoy edəndən sonra anladılar ki, bunun xeyri olmayacaq və ən yaxşısı, bu başdan Brüslə üzülüşməkdir. Elə də etdilər və Brüs məktəbdən xaric olumdu. Bu hadisədən sonra Brüsün anasının uzun müddət üzü gülmədi. O, qonşularını görəndə başını aşağı salır və oğluna görə heç kimlə danışmağa cürət etmirdi. Bütün bunlar isə Brüsün vecinə belə deyildi. Kollecdən qovulandan sonra onun dəhşətli və olduqca biabırçı hesab edilə biləcək küçə həyatı, əsl avaraçılığı başladı. Sanki o, anadan avaralanmaq, veyil küçə həyatı yaşamaq üçün doğulmuşdu. Hamı ilə dalaşmaq onun qanında idi və atası buna görə ona: “Bu sənin alman genindən gəlir, alman kimi dalaşqan, çinli kimi isə avara və yaramazsan, kütsən”- deyirdi. Brüs Li hara gedirdisə, orada mütləq dalaşmaq üçün bir bəhanə tapırdı. Bir də gördün uşaqlardan kiminsə baxışları və hərəkətləri onun xoşuna gəlmədi. Dərhal da bunu bəhanə edərək, onları döyürdü.
Döydüyü uşağı da elə hala salırdı ki, onu sifətdən tanımaq olmurdu. Ona görə də döyülən uşağın valideynləri Brüsün valideynlərinin yanına şikayətə gəlməyə məcbur olurdular. Amma onun qəribə bir adəti və ya centlmenliyi də vardı. Bir dəfə döydüyü uşağı heç vaxt ikinci dəfə döymür və onu incitmirdi.
Amma Brüsün özündən yaşlı və güclü uşaqlara belə hücum etməsi və onlarla əlbəyaxa olması bəzən ona baha başa gəlirdi. İki dəfə özündən böyük uşaqlar onu bərk döymüş və sifətini tanınmaz hala salmışdılar. Buna baxmayaraq, o, qorxu nə olduğunu bilmədən gücü çatanlarla da, çatmayanlarla da döyüşməkdə davam edirdi. Ona görə də sifətində həmişə göyərtilər olurdu. Bəzən gözlərinin altını şişirdirdilər və o, ətrafını zorla görə bilirdi. Həmin dövrdə valideynlərinə Brüsdən o qədər şikayət gəlmişdi ki, onlar artıq şəhərdən baş götürüb qaçmaq fikrinə belə düşmüşdülər.
Tale onu kunq-fu döyüş məktəbinə gətirir
Ata Li Xoy Çen ailə ilə maraqlanmasa da, oğlunun sifətini daim göyərmiş, qanamış görəndə əsəbiləşirdi. Anası isə Brüsün çırılmış köynəklərini tikməkdən cana gəlmişdi və nə edəcəyini bilmirdi. Li Xoy Çen vaxtı olanda Brüsə mənəviyyat dərsi keçir, bəzən də onu sərt şəkildə cəzalandıracağı ilə hədələyirdi. Lakin bütün bunlar Brüsün vecinə belə deyildi. Adətən, ata uşaqlarına pul vermirdi və ondan pul istəyən uşaqlarını sərt şəkildə cəzalandırırdı. Amma günlərin birində Brüs Li atasından kunq-fu ilə məşğul olmaq üçün pul istəyəndə o, etiraz etmədi. Çen: “Bəlkə də kunq-fu ilə məşğul olmaq onun küçələrdəki biabırçılıqlarına son qoyacaq”-deyə düşündü. Brüs Li Şərq əlbəyaxa döyüş növlərindən hesab edilən vin çunu seçdi. Rəvayətə görə bu döyüş növünü 15-ci əsrdə yaşayan rahibə qadın fikirləşmişdi. Qadın təsadüfən durna ilə ilanın döyüş səhnəsini müşahidə etmiş və onun əsasında yeni bir əlbəyaxa döyüş məktəbinin əsasını qoymuşdu. Rahibə qadın bu döyüşün sirlərini Yum Vin Çın adlı qıza, o da öz növbəsində, gələcək ərinə öyrətdi və nəticədə yeni bir döyüş məktəbi nəsildən-nəslə keçməyə başladı. Mao Çində hakimiyyəti ələ keçirəndə bu döyüşün müəllimlərindən biri, Namxoe şəhərində polis inspektoru işləyən İp Men də Honqkonqa qaçmağa məcbur oldu. O burada öz döyüş məktəbini açdı. Tezliklə İp Menin məktəbi küçə uşaqlarını özünə cəlb etməyə başladı. Bu məktəb Brüs Lini də özünə cəlb etdi. Qeyd etdiyimiz kimi, atası onun orada oxuması üçün məktəbə pul vermək barədə Linin xahişini rədd etmədi və bu da Brüsün şöhrət zirvəsinə gedən ilk yolunu açdı. Məktəbdə məşqlər olduqca ağır idi və çox uşaq buna dözmürdü. Xüsusilə Brüs Li böyük əzmkarlığı ilə seçilirdi. Bu məktəbdə Li əsl insan kimi yetişdi.
Məşğələlərə getdikdən sonra Brüsün artıq tamam başqa adama çevrildiyini, dəyişdiyini görən valideynləri onu daha yaxşı hesab edilən digər bir əlbəyaxa döyüş məktəbinə qoydular. Bu məktəbdə o daha da püxtələşdi və əsl döyüş ustası kimi yetişdi. Məktəbdə onun istedadına hörmət edirdilər. Li ətrafında özü kimi uşaqlardan xüsusi bir dəstə toplamışdı. Bundan sonra Brüs Li yerli uşaqları hər gün döyən ingilis uşaqları ilə haqq-hesab çəkməyə başladı. İngilis uşaqları da xüsusi döyüş məktəbinə gedirdilər. Lakin onlar kunq-fu döyüş növündən xəbərsiz idilər. Üstəlik, onlar xeyli cüssəli idilər və bu onların dava zamanı çevik hərəkət etmələrinə mane olurdu. Bundan istifadə edən Brüs Li çevik hərəkətləri və gözlənilməz zərbələri ilə bir-bir onların dərsini verməyə başladı. Tezliklə o, yerli uşaqların hamısının qisasını ingilis uşaqlarından aldı. İş o yerə gəlib çatmışdı ki, ingilis uşaqları Brüs Lini görən kimi dərhal qaçıb aradan çıxır və onunla üz-üzə gəlməyə cəsarət etmirdilər. Bu da Honqkonqda Brüsün şöhrətini daha da artırdı.
“Triada”çılari şil-küt edir
Həyat 18 yaşında olanda Brüs Linin üzünə gözlənilmədən güldü. O hələ uşaq yaşında ikən atası ona milli rəqs (“Ça-ça-ça”) etməyi öyrətmişdi. O, həmin il Honqkonqda keçirilən bu yarışda birinci yeri tutdu. Bu rəqsi o öyrəndiyi Şərq əlbəyaxa döyüş növü ilə sintez elədi. Nəticədə olduqca maraqlı bir rəqs alındı. Bununla da Brüs kiçik süjet çəkənlərin diqqətini cəlb etdi və onu bir neçə uşaq filmlərində döyüş rollarına çəkdilər. O, səliqəli geyinməyə başladı, qara kostyum, ensiz qalstuk ona xüsusi bir yaraşıq verirdi. Bu da onu küçədə gedərkən anasının ərköyün uşaqlarına oxşadırdı. Həmin dövrdə belə uşaqlar küçədə veyillənən xuliqanlar üçün əsl hədəf idi. Honqkonqun küçələrində belə uşaqlar üçün həmişə problem çıxırdı. Onların laklı ayaqqabılarına tüpürür, qalstuklarını dartışdırır, paltarını çirkaba bulaşdırırdılar. Günlərin birində küçədə bir dəstə avara uşaq Brüs Li ilə də belə rəftar etdi. Lakin o, dərhal onların dərsini verdi və bundan sonra ona yaxınlaşmağa heç kim cəsarət etmədi. Amma həyat bu dəfə Brüs Lini daha bir ağır imtahana çəkdi. Belə ki, şux geyiminə görə Brüs Lini imkanlı ailələrdən birinin uşağına bənzədən və onu ana uşağı hesab edən “Triada” adlanan yerli qanqster qrupunun 3 üzvü onun üzərinə hücum etdi. “Triada”nın üzvlərinin məqsədi Brüs Lini soymaq və ya onu girov götürərək valideynlərindən pul tələb etmək idi. Amma Brüs Li qanqster qrupunun üzvlərinin üçünü də şil-küt etdi. Onlardan ikisini ağır halda xəstəxanaya apardılar. Qeyd edək ki, “Triada” 100 ildən artıq mövcud idi. Bu təşkilat, əvvəlcə, Mancuriyanın işğalçılıq siyasətinə qarşı mübarizə məqsədi ilə yaradılmışdı. Amma tədricən bu qrupun üzvləri narkotik mallarla alver etməyə başlayaraq, ən qatı cinayətkar qruplaşmalardan birinə çevrildilər. Təşkilat, üzvlərindən ona sədaqət tələb edir və əvəzində də onları müdafiə edirdi. Bu təşkilata qarşı çıxan yerli hüquq-mühafizə orqanları əməkdaşları yerindəcə öldürülürdülər. Brüsün “Triada”nın üç üzvünü şil-küt etməsi onun özünün-özünə ölüm hökmü kəsməsi anlamına gəlirdi. “Triada”çılar hökmən öz imiclərini qorumaq və yerli camaatı qorxuda saxlamaq üçün onu öldürəcəkdilər. Bunu anlayan Brüsün anası çox gizli şəkildə oğlunu ABŞ-a, tanışlarının yanına göndərdi.
Belə ki, Brüs Amerikada anadan olduğu üçün adıçəkilən ölkənin vətəndaşı hesab edilirdi. Amma ana bilmirdi ki, bununla da oğlunu şöhrət zirvəsinin qapısını açmağa göndərir.
Amerika Brüs Liyə şöhrət gətirir
20-ci əsrin əvvəllərində ABŞ dəmir yollarının inşası üçün Çindən ucuz işçi qüvvəsini ölkəyə gətirməyə başladı. Bu işçilər sonra geri qayıtmayaraq, ABŞ-da məskunlaşdılar və yaşadıqları ərazilərdə kiçik restoranlar, mağazalar, paltaryuma və təmizləmə obyektləri açaraq ailələrini dolandırmağa başladılar. Belə restoranlardan birində də Brüs Li işə düzəldi. O, tezliklə ABŞ vətəndaşlığını təsdiq edən sənəd aldı. Əvvəlcə, San-Fransiskoda, sonra isə bir müddət Sietl şəhərində yaşadı. ABŞ-da o, incəsənəti öyrəndi və Edisson adına Texniki Məktəbi bitirdi. Sonra isə Vaşinqtona gedərək burada universitetə daxil oldu. Universitetdə Brüs Li gələcəkdə həyat yoldaşı olacaq Linda Li Kedvellə tanış oldu və az sonra (1964-cü il) onlar evləndilər. Lindadan Brendon (1965-1993) adlı oğlu və Şennon adlı qızı (1969) oldu. Həmin dövrdə Brüs Li kinoda çəkilmək istəyirdi. Ancaq o, yalnız seriallarda, özü də əlbəyaxa döyüş növləri ilə bağlı kiçik səhnələrdə çəkilirdi. Bu səhnələr diqqəti cəlb edərək ona müəyyən şöhrət gətirsə də, Brüsü daha böyük filmlərdə çəkmirdilər. Lakin seriallarda çəkildiyi rollarla da o, diqqəti cəlb edə və özünə pərəstişkarlar tapa bilmişdi. Onlardan biri də məşhur basketbolçu NBA ulduzu Kərim Abdul Cabbar idi. Bu dostluq onların sonralar birgə “Ölüm oyunu” adlı filmə çəkilməsinə gətirib çıxardı. ABŞ-da Brus Li özünün Şərq əlbəyaxa döyüş məktəbini açdı. Bu məktəbdə o, şagirdlərinə “Cit-Kun-Do” əlbəyaxa döyüşünü öyrətməyə başladı. Dərslər olduqca baha idi. Belə ki, məktəbdə bir saat dərsin qiyməti 275 dollar idi. Amma bu vəsait ona özünü kifayət qədər yaxşı dolandırmaq üçün yetərli idi. Lakin Brüs Li inadla kinoda baş rolda çəkilmək istəyirdi. Ancaq buna nail olmayacağını görüb, 1971-ci ildə Honqkonqa qayıtdı. Həmin dövrdə Honqkonqda “Golden Harvest” adlı kinostudiya açılmışdı. Honqkonqda Brüs Lini xüsusi təmtəraqla və hörmətlə qarşıladılar. Çünki ABŞ-dakı fəaliyyəti yerlilərinə məlum idi və onlar Brüs Li ilə fəxr edirdilər.
Honqkonqda Brüs Li “Golden Harvest”in direktoru Reymondo Çou ilə anlaşa bildi. Nəticədə Çou Brüs Liyə əlbəyaxa döyüş səhnələri ilə zəngin olan “Böyük boss” filmində baş rolu ifa etməyi tapşırdı. Əlbəyaxa döyüş səhnələrini təşkil etmək isə Brüs Liyə tapşırıldı. Bu film nəinki Honqkonqda, həm də bütün dünyada Brüs Liyə böyük şöhrət gətirdi. Filmdəki təbii və qanlı döyüş səhnələri dünyanın bütün tamaşaçılarının rəğbətini qazanmışdı. Bu filmin böyük rəğbətlə qarşılandığını görən Çou Brüs Lini daha iki filmdə (“Qəzəbli yumruqlar” və “Əjdahanın qayıtması”) baş rola çəkdi. Hər iki film dünyada ən çox tamaşaçı toplayan filmlər oldu və bu, Brüs Linin şöhrətini daha da artırdı. O, eyni zamanda həmin dövrdə kunq-fu ilə məşğul olurdu. Müxtəlif əlbəyaxa döyüş növlərini dərindən öyrənən Brüs Li özünün Cit-Kun-Do döyüş məktəbini yaratdı. Həmin dövrdə Brüs Li artıq kamil bir insana çevrilmişdi və onda döyüşkən uşaqlığından əsər-əlamət qalmamışdı. Brüs Li ətrafındakılara xüsusi hörmətlə yanaşır və heç kəsi incitməməyə çalışırdı.
Bu da onun hörmətini daha da artırmışdı. Necə deyərlər, vaxtilə Honqkonqda hamının başağrısına çevrilən “küçə uşağı” artıq əsl centlmen idi.
Son günləri
Brüs Li sanki öləcəyini öncədən hiss etmişdi. 1972-ci ildə o, Çou ilə birgə “Əjdahanın yolu” filmini çəkdilər. Bunun ardınca isə “Ölüm oyunu” adlı fimin çəkilişinə başladılar. Bu filmi çəkərkən Brüs Linin qardaşı Ceyms vəfat etdi. Ölməzdən əvvəl o, Brüs Liyə: “Tezliklə o dünyada görüşərik”,-dedi. Onun bu sözləri Brüs Lini təşvişə saldı. 1973-cü ildə Hollivudda nəhayət ki, onunla maraqlandılar. Hollivudda, növbəti filmlərdən birində Brüs Lini baş rola çəkmək qərarına gəldilər. Bu dəfə o, “Əjdahanın çıxışı “ filmində baş rolda çəkiləcəkdi. Amma əvvəldən onunku gətirmədi. Belə ki, çəkiliş zamanı o, butulkanı sındıraraq özünün və tərəfdaşının əlini kəsdi. Sonra zəhəri alınan kobra onun əlini dişlədi. 1973-cü ilin aprel ayında bu film ekrana çıxdı. Bunun ardınca Hollivud tərəfindən Brüsün iştirakı ilə “Əjdaha adası” filmi çəkilməyə başladı.
Amma dünya şöhrətli bu insanı, Brüs Lini ölüm qəfildən və gözlənilmədən yaxaladı. “Ölüm oyunu” filminin növbəti səhnələrini çəkərkən onun aramsız olaraq başı ağrımağa başladı.
Buna baxmayaraq, film üzərində iş davam etdirildi. Həmin il may ayının 10-da film üzərində iş, demək olar ki, başa çatdırılmışdı. Gözlənilmədən Brüs Li özünü pis hiss etməyə başladı. O, boğulmağa başladı. Gözləri açıq idi və heç nəyə reaksiya vermirdi. Həkimlər onu hərtərəfli yoxladılar. Ancaq bir şey tapa bilmədilər. Belə bir qənaətə gəldilər ki, o, sadəcə olaraq, təzyiqin artmasından bu vəziyyətə düşüb. 1973-cü il iyul ayının 20-də Brüs Linin iştirakı ilə növbəti film üzərində iş başa çatdırıldı. Bundan sonra bir az istirahət etmək istəyən Brüs Li rejissor Reymond Çou ilə birgə son filmdə baş rolda çəkilən aktrisa Betti Peyə qonaq getdilər. Burada Brüs Lidə yenidən güclü baş ağrıları başladı və o, qonşu otağa keçərək aspirin qəbul etdi və yatdı. Amma bir daha ayağa qalxmadı və yuxuda ikən də dünyadan köçdü. Ölümündən sonra onun sirli şəkildə dünyadan köçməsi ətrafında müxtəlif rəvayətlər baş alıb getməyə başladı. Onun qəsdən öldürüldüyü iddia edilir. Belə bir fikir vurğulanır ki, Brüs Linin iştirakı ilə çəkilən filmlər meydana çıxandan sonra ABŞ kinematoqrafçıları iflas olmaq təhlükəsi ilə üzləşmişdilər və milyonlarla dollar zərərə düşmüşdülər. Çünki tamaşaçılar o dövrdə ancaq Brüs Linin çəkildiyi filmlərə baxır və digər filmlərə maraq göstərmirdilər. Ona görə də onun ABŞ kinematoqrafçıları tərəfindən həyata keçirilən sui-qəsdin qurbanı olduğu ehtimal edilir. Eyni zamanda Brüs Linin ölümündə Mərkəzi Kəşfiyyat İdarəsinin də əli olduğu ehtimal edilir. Çünki adi bir çinlinin ABŞ-ın tanınmış aktyorlarını kölgədə qoyması ABŞ-ın beynəlxalq aləmdəki imicini sarsıdırdı. Ancaq həkimlərin ekspertizası zamanı Brüs Linin qəsdən öldürülməsi barədə hər hansı bir fakt tapılmadı. Bununla belə, Brüs Linin qəfil ölümü ilə bağlı indinin özündə də çoxsaylı şübhələr, müxtəlif ehtimallar mövcuddur. Ancaq bu iddiaları, şübhələri sübut etmək üçün fakt, sadəcə olaraq, yoxdur. Sağlığında ikən əfsanəyə çevrilən Brüs Li isə indi də milyonların sevimlisi olaraq qalmaqda davam edir.
(Son)