Keşikçidağ məbədində gürcülər nələr edib? – Memar sirri açdı

0
653

Hələ Sovet dövründə gürcülər “Keşikçidağ məbədi” adlanan Alban kilsəsinin tavanına, loru dillə desək, “şpavlyovka” vurub üstündə ikonalar işləyiblər. Gürcülər bununla kilsəni özününküləşdirməyə çalışıb. Lakin abidənin qədim Alban kilsəsi olduğunu sübut edən memarlıq üslubu var.

Arazinfo.com-un verdiyi xəbərə görə, bu sözlərikult.az-a açıqlamasında Azərbaycan Memarlar İttifaqının üzvü Keşikçidağ (“David Qareci”) monastırında 3 dəfə tədqiqat aparan memar Rizvan Qarabağlı sözügedən kilsənin memarlıq üslubundan danışarkən deyib.

Memar R.Qarabağlı bildirib ki, əslində Alban kilsələri ilə gürcü kilsələrinin memarlıq baxımından bir o qədər də fərqi yoxdur. Səbəb isə gürcülərin öz kilsələrini konstruksiya və üslub cəhətdən Alban kilsələrinə uyğun inşa etmələridir:

“Alban kilsələri ilə gürcü kilsələri arasında bir o qədər də fərq hiss olunmamasının əsas səbəbi odur ki, gürcülər öz kilsələrinin Alban kilsələrinin davamı kimi inşa ediblər. Memarlıq baxımından gürcülər Alban kilsələrinin eynisini yaradıblar. Alban kilsələri ilə gürcü kilsələrinin oxşarlıqları fərqlərindən daha çoxdur. Hər iki kilsədə tarbənd dairəvidir. Hər ikisində də aksida hissəsi nalvaridir.

Fərqli cəhətləri də əlbəttə mövcuddur. Məsələn, pəncərələrinin formasında, konstruksiyasında fərqlər var. Alban kilsələrinin əksəriyyətində divar çox qalın olduğuna görə pəncərələr içəriyə doğru çox geniş açılır. Ancaq gürcü kilsələrində belə bir memarlıq üslubu yoxdur.

Tikinti materialında da fərqlər var. Belə ki, gürcü kilsələrinin əksəriyyəti kərpic materialdan tikilib. Həmçinin Alban kilsələrindən fərqli olaraq, gürcü kilsələrində xaç xüsusi vurğulanır, qabarıq şəkildə və bacardıqca ən uca formada tikilir. Alban kilsələrində belə qayda olmayıb. Məsələn, Gürcüstanın məşhur qədim Misxeti şəhəri var. Orada dağın başında 7-cı əsrə aid kilsə var. O kilsədə olduğum zaman aşkar etdim ki, kilsə oraya xaç qoyulandan sonra tikilib. Bunu özləri də qəbul etdilər. Yəni, təsəvvür edin, neçə metr hündürlükdə uca xaç qoyulub. İllər sonra isə xaçın ətrafı kərpiclərlə hörülərək kilsə tikilib. Yəni gürcü kilsələri üçün xaç, onun yüksəkliyi və böyüklüyü, qabarıq təqdimatı önəmlidir. Alban kilsələrində belə bir ənənə yoxdur”.

Memar bildirib ki, gürcülər öz kilsələrini Alban kilsələri üslubunda tikdiyi üçün zaman-zaman Alban abidələrinin onlara məxsus olduğunu iddia edirlər:

“Mən gürcülərin “David Qareci”, azərbaycanlıların isə “Keşikçidağ” məbədi və ya “Qaraca” məbəd adlandırdığı kilsədə 3 dəfə tədqiqat aparmışam. Orada çoxlu mağaralar var və əksəriyyəti də süni mağaralardır, sonradan yaradılıb. Hələ Sovet dövründə, sərhədlər olmayan vaxt gürcülər dağı keçərək qədim Alban kilsəsinin tavanına, belə deyək, “şpavlyovka” vurub üstündə ikonalar işləyiblər. Biz tədqiqat zamanı da müəyyən etmişdik bunu. Onlar ikonaları o qədər primitiv şəkildə işləyiblər ki, o işləmələr miqyas baxımından memarlıq üslubuna uyğun gəlmir. Bunu adı vətəndaş müəyyən etməyə bilər, ancaq istənilən memar, tədqiqatçı bu dəyişikliyin sonradan edildiyini aydın görə bilər.

Bu gürcülərin özününküləşdirmə siyasətidir. Keşikçidaş məbədində vaxtilə gürcülərin gördüyü işlərin hamısı qeyri-qanunidir.

Ərazi də, orada yerləşən kilsə də tamamilə albanlara məxsusdur. Sadəcə sərhədin digər tərəfində qalan hissəsini gürcülər özününküləşdiriblər. Orada yerləşən kilsənin, məbədin gürcülərə, gürcü kilsə memarlıq üslubuna qətiyyən dəxli yoxdur. Hazırda onlar kilsənin onlar tərəfində qalan hissəsində memarlıq baxımından müdaxilələr olunduğundan özlərinin tarixi abidəsi iddiasındadırlar”.