Keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub

0
2053

Tarixi Zəfərimizin yaratdığı reallıqlara söykənərək işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. İki ildə bu torpaqlarda görülən işlərin xronologiyasına diqqət yetirsək onları sadalamaqla bitməz. Dövlət başçısı İlham Əliyev ilk gündən infrastruktur layihələrinin icrasını qarşıya mühüm vəzifə kimi qoydu. Təbii ki, hər bir bölgənin inkişafında yol infrastrukturu əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərlərinə, eyni zamanda bu torpaqlarda bərpa və quruculuq işlərinin daha da sürətləndirilməsi ilə bağlı imzaladığı Fərman və Sərəncamlara diqqət yetirsək yol infrastrukturunun prioritetliyini görərik.

Dövlət başçısı İlham Əliyev oktyabrın 5-də Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında “İndi biz burada – işğaldan azad olunmuş Ağdamda keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün potensialımızı səfərbər edirik” söyləyərək diqqəti irimiqyaslı infrastruktur layihələrinin icrasına yönəltdi: “Siz Füzuli Beynəlxalq Hava Limanını gördünüz, o, səkkiz ay ərzində tikilib. Bu ay biz Zəngilan Beynəlxalq Hava Limanını açmağı və 2025-ci ildə isə Laçında Beynəlxalq Hava Limanını istifadəyə verməyi planlaşdırırıq. Bərdə-Ağdam dəmir yolu gələn il istifadəyə veriləcək. Dünən mən yeni dəmir yolunun təməl daşını qoydum. Hazırda magistral yollar və kənd yolları tikilməkdədir. Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Bu, bizim gördüyümüz işlərin yalnız bir hissəsidir.”

Atılan hər bir addımda məqsəd bu torpaqların əvvəlki görünüşünü daha müasir tələblər səviyyəsində bərpa etmək, soydaşlarımızın Böyük Qayıdışdan sonra yüksək həyat şəraitlərini yaratmaqdır. Dövlət başçısı İlham Əliyev bu məqamı xüsusi vurğuladı ki, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayırıq. Bu insanlar buna layiqdirlər. Onlar uzun illər boyu çətin şəraitdə yaşayıblar.

“Ağıllı kənd” layihəsi çərçivəsində yenidən bərpa olunan Zəngilanın Ağalı kəndi artıq sakinləri ilə bir yerdədir. Həyat qaynayır. Burada soydaşlarımızın rahat yaşayışı üçün zəruri olan bütün imkanlar yaradılıb. Şəhərlərin, kəndlərin bərpası sistemli şəkildə həyata keçirilir. Bir faktı qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəliyi fəaliyyət göstərir. Bu mühüm addım bu torpaqlarda təkmil idarəçilik sisteminin yaradılması ilə yanaşı, görülən işlərə nəzarətin gücləndirilməsini və vaxtında başa çatdırılmasını təmin edir.

Bu gün sahibinə qovuşan torpaqlarımız sevincli günlərini yaşayır. 30 illik işğal dövrünün dağıntılarını quruculuq işləri əvəz edir. Yerlə-yeksan edilən, evlərin, tarixi və dini abidələrin, yolların tamamilə dağıdıldığı bu əraziləri yenidən qurmaq üçün zaman gərəkdir. Azərbaycan qarşısına qoyduğu hər bir hədəfə zamanında nail olur. Tezliklə bərpa-quruculuq işləri də yüksək səviyyədə başa çatacaq, növbəti mərhələdən -soydaşlarımızın bu ərazilərə qayıdaraq  torpaqlarımızın malik olduqları potensialdan səmərəli istifadə etməklə Azərbaycanın dayanıqlı inkişafına töhfələrindən bəhs edəcəyik. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir.

 

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı