Keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün bütün imkanlar səfərbər olunub

0
1669

İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən həyata qaytarılması Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdən biridir.44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi qələbədən sonra məcburi köçkünlərin öz doğma torpaqlarına ən qısa vaxtda qayıtması üçün dövlət tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir. 30 ilə yaxın davam edən işğal dövründə Ermənistan tərəfindən Azərbaycana məxsus yüzlərlə dini, tarixi və mədəni abidə vəhşicəsinə məhv edilib. Vaxtilə Ermənistanın işğal etdiyi ərazilərdə yaşayış məskənlərinin vəziyyəti, eləcə də dini və mədəni abidələrə qarşı törədilmiş vəhşiliklər erməni faşizminin nə qədər təhlükəli və qəddar olduğunu göstərir. Azərbaycan dövləti bu gün həmin ərazilərdə hava limanları tikir, avtomobil yolları çəkir, yaşayış məskənlərini yenidən bərpa edir, tarix və mədəniyyət abidələrinin görkəmini özünə qaytarır. Ağdam Cümə məscidinin, Şuşada Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri əsaslı təmir edilməsi istiqamətində görülən işlər, eləcə də Şuşada yeni məscidin inşasına başlanılması,Zəngilan şəhərində, Hadrutda və Daşaltıda məscidlərin yenidən qurulması və tikintisi, Horadiz-Zəngilan avtomagistral yolunun salınması və daha çox işlər nəzərdə tutulub.Ordunun təchizatı, respublikamızın sərhədlərinin bərpa edilməsi üzrə işlərin maliyyələşdirilməsi də nəzərə alınmaqla, ümumilikdə bu tədbirlərə 4,6 milyard manat maliyyə təminatı ayrılıb.

Bu gün doğma Qarabağda yaşayış məskənlərimizi bir-birinə qovuşduran yeni yollar çəkilir, aeroportlar tikilir, “ağıllı kənd” və “ağıllı şəhər” layihələri reallaşdırılır. İşğaldan azad edilmiş bölgələrimizdə elektrik yarımstansiyaları quraşdırılır, hər yer yenidən nura, işığa bürünür. İşğaldan azad edilən bütün şəhərlərin baş planlarının hazırlanması, “ağıllı şəhər”, “agıllı kənd” layihələrinin icrası, infrastrukturun yenilənməsi, bu ərazilərimizdə müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqi Qarabağımızın inkişafı ilə bağlı möhtərəm Prezidentimizin istəklərini nümayiş etdirir. Məqsəd soydaşlarımız üçün daha yüksək yaşam standartlarını tətbiq etməkdir. Ölkə başçısının işğaldan azad olunan ərazilərə tez-tez səfər etməsi ondan xəbər verir ki, dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz bu ərazilərimizin yenidən qurulması və insanların yaşayışının təmin edilməsi tutur. Azərbaycan xalqı gələcək illərdə də sarsılmaz birlik nümayiş etdirməklə torpaqlarımızın abadlaşdırılmasına, doğma Qarabağa yeni və xoşbəxt bir həyat gətirilməsinə nail olacaq, Qarabağ öz yeni həyatına qovuşacaqdır. Böyük qayıdış Qarabağa əbədi xoşbəxtlik gətirəcək.

 

Zərdab  şəhər 1 saylı məktəb liseyin müəllimi- Çinarə Fərəcova