Keçmiş deputatdan ŞOK AÇIQLAMALAR: “Xocalı faciəsi baş verməyəcəkdi, əgər…”

0
757

Xəbər verdiyimiz kimi, Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov Publika.az müsahibəsində bildirib ki, Azərbaycan yeni müstəqillik əldə edən zaman Azərbaycan Deputat Blokunun (“Demblok”) üzvləri onun erməniləri deportasiya etməsinə qarşı çıxıblar.

Məsələ ilə bağlı Azərbaycan Ali Sovetinin deputatı, Ali Sovetin Milli Şurasının 50 üzvündən biri, Qarabağa Xalq Yardımı Komitəsi sədrinin birinci müavini, Dağlıq Qarabağda, o cümlədən Xocalıda soyqırımı hadisələrinin təfsilatını aydınlaşdırmaq üçün yaradılan deputat istintaq komissiyasının 15 üzvündən biri olmuş Cümşüd Nuriyevin də fikirlərini öyrəndik.

C.Nuriev Publika.az-a açıqlamasında Ayaz Mütəllibovun söylədiklərini təsdiqləyib:

“Bəli, həmin dövrdə elə bir hadisə olub. O dövrdə Bakıdan “Demblok” üzvlərindən 3 nəfər Moskvaya ermənilərlə bağlı teleqram vurmuşdu. Həmin 3 nəfərdən biri qadın, 2-si isə kişi idi. Ancaq onların adları dəqiq yadımda deyil. Bu arxivlərdə var. İstənilən adam öyrənə bilər. 1991-ci ilin 20 noyabr hadisələrindən sonra biz erməni separatçılarla mübarizəyə başladıq. Həmin vaxtı da separatçı ermənilər köçməyə başladı. Ermənilər Azərbaycandan köçəndə, Bakıdan Moskvaya çoxsaylı teleqramlar təşkil olunmuşdu. Bunu təşkil edənlər arasında “Demblok” üzvü olan deputatlar da var idi. Onlar deyirdi ki, guya Ayaz Mütəllibov Azərbaycanda ermənilərin hüquqlarını pozur, onları deportasiya edir və sairə. Əslində, Moskvaya teleqrama vuranlar və erməniləri qızışdıranlar Azərbaycan Xalq Cəbhəsinin fəalları idi. O dövrdə Azərbaycan öz müstəqilliyini elan etmişdi, ancaq noyabr ayında hələ də Moskvaya teleqramlar gedirdi. Biz 1991-ci ilin sonlarında Azərbaycandan gedən nümayəndə heyəti olaraq Moskvada görüş keçirdik. Həmin görüşdə Azərbaycanın ilk sərhədçi generalı, rəhmətlik Mustafa Nəsirov, sabiq müdafiə naziri Dadaş Rzayev və mən də iştirak edirdim. Biz Moskvada SSRİ-nin müdafiə naziri Dmitri Yazov, daxili işlər naziri Viktor Puqo ilə görüşdük. Məhz, həmin teleqramlara görə də SSRİ rəhbərliyi bu görüşdə bizi fakt qarşısında qoyurdu, bizi erməniləri deportasiyaya məruz qoymaqda ittiham edirdilər”.

C.Nuriyev qeyd edib ki, Ayaz Mütəllibovun hakimiyyəti dövründə Kamo və Çaykəndini azad etməsi barədə söylədiyi fikirlər tamamilə doğrudur:

“Yadıma gəlir, həmin əməliyyatlara Məhəmməd Əsədov və Vaqif Hüseynov başçılıq edirdi. Həmin vaxtı indiki Göygöl və Goranboy rayonlarının, Şuşanın və Cəbrayılın kəndləri erməni separatçılarından təmizlənmişdi. Ümumilikdə, erməni separatçılarının məskunlaşdığı 22 kənd boşaldılmışdı”.

C.Nuriyev bildirib ki, Azərbaycan Xalq Cəbhəsi Xocalıda da Ayaz Mütəllibova ciddi əngəllər yaradıblar:

“Əgər 1992-ci ilin yanvar-fevral aylarında cəbhəçilər aləmi bir-birinə qatmasaydı, mülkü əhalini ora gətirməsəydi, Xocalı faciəsi baş verməyəcəkdi. Həmin vaxtı Ayaz Mütəllibov Xocalının Xanabad və digər strateji kəndlərini götürəcəkdi, Əsgəran isə blokadada qalacaqdı. Bununla da Xocalı ilə əlaqələr açılırdı. Ancaq cəbhəçilər ikigünlük döyüşlər zamanı mülkü əhalini ora topladı. Erməni əhalisi ilə ciddi qarşıdurma yaşanırdı. Ermənilər də elə mənzərə yaratdılar ki, guya azərbaycanlılar onları çapıb-talayır, zorakılıq edir və sairə. Həmin vaxtı Ermənistan dünyaya özünü məzlum kimi təqdim edirdi. Bunu təşkil etmişdilər. Həmin döyüşlərdə rəhmətlik Xəlil Rza Ulutürkün oğlu da şəhid olub. Bütün bunlar danılmaz faktlardır”.

Vasif Həsənli

BIR CAVAB BURAXIN