Kanaris – “Abver”in qorxu atası (1)

0
930

 

 

 

 

 

 

Arazinfo.com.saytı araşdırmaçı-jurnalist Əziz Mustafanın  vaxtı ilə Hitlerin ən yaxın silahdaşlarından biri olan və bütün faşist Almaniyasını öz nəzarəti altında saxlayan admiral  Vilhelm Kanaris barədə araşdırma yazısını oxucularına təqdim edir:

Bir vaxtlar onun haqqında qorxa-qorxa, olduqca ehtiyatla danışardılar. O, heç kimə səhvləri bağışlamırdı və faktiki olaraq, faşist Almaniyasında Hitlerin varislərindən biri hesab edilirdi. Hitler ona inanırdı və ona görə qeyri-rəsmi şəkildə: “Kanaris böyük adam olacaq. Almaniya ona etibar edilə bilər”, – demişdi. Amma Kanaris Hitlerin etimadını doğrultmadı və …

 

Vilhelm Kanaris 1887-ci ildə Dortmund yaxınlığındakı Anperbeke şəhərində metallurgiya kombinatının direktorunun ailəsində anadan olmuşdu. Nə üçünsə atası oğlunu hərbçi kimi görmək istəyirdi. Ona görə də oğlunu hərbi dəniz qüvvələri üçün kadrlar hazırlayan kadet korpusuna qoyur. Leytenant rütbəsində oranı bitirən Kanaris “Bremen” kreyserində hərbi xidmətə başlayır. Ortaboylu və hərbi dəniz təlimlərində özünü bacarıqlı mütəxəssis kimi göstərən Kanaris tezliklə komandanlığın hörmətini qazandı və o, ən istedadlı gənc zabit kimi tanındı. Qısa müddətdə ingilis, fransız, ispan və rus dillərini öyrənən Kanaris hərbi dəniz kəşfiyyatının rəhbərliyinin də diqqətini cəlb etdi. 1912-ci ildə “Drezden” kreyserinə təyinat alan Kanarisə Balkan yarımadasındakı vəziyyəti və alman bankları tərəfindən maliyyələşdirilən dəmiryolunun çəkilişinin necə getdiyini öyrənmək tapşırılır. O, kəşfiyyatın ilk tapşırığını uğurla yerinə yetirir. IDünya müharibəsi zamanı Çili sahillərində ingilis kreyserilə döyüşdə “Drezden” batır. Batan kreyserdən güclə xilas olan Kanaris çox çətinliklə Almaniyaya gəlib çıxır. Almaniyaya qayıdan kimi birbaşa onu kəşfiyyat işinə cəlb edirlər. O, İspaniyada alman kəşfiyyatına casus cəlb etməklə məşğul olmağa başlayır. Bu tapşırığı yerinə yetirdikdən sonra onu yenidən öz peşəsinə qaytarırlar. Kanaris U-34 nömrəli sualtı qayığın komandiri təyin edilir. İlyarım ərzində U-34 ona yaxın ingilis və fransız gəmisini batırır. Almaniyanın məğlubiyyətindən sonra Müdafiə Nazirliyində işləyən Kanaris ölkədə başverən siyasi olaylara qatılmır. 1923-cü ildə Kanaris yenidən “Berlin” kreyserində komandirin baş köməkçisi təyin edilir. Hitler Almaniyasının İmperiyanın Təhlükəsizlik İdarəsinin rəhbəri Reynard Heydrix onun tabeçiliyindəolan hərbçilərdən biri idi. Onların qarşıdurması və bir-birilərinə nifrət etməsi də “Berlin”dən başlayır. Bir müddət kəşfiyyatçı kimi Yaponiyaya göndərilən Kanaris qısa müddət ərzində Almaniya üçün lazım olanhərbi gəmilərin inşasını təşkil edir və ələ aldığı kəşfiyyatçılar vasitəsilə Yaponiyanın hərbi sahəsini nəzarətə götürür. Sonra “Sileziya” linkoruna rəhbərlik ona tapşırılır. Amma 1935-ci ildə Hitler Kanarisi Berlinə çağırtdırır və ona “Abver” kəşfiyyat və əkskəşfiyyat şöbəsinə rəhbərlik etmək tapşırılır. Bu şöbə xarici kəşfiyyatçıların üzə çıxarılması və xaricdə kəşfiyyat işlərini həyata keçirirdi. 1919-cu ildə yaradılan “Abver” kəşfiyyat və əks-kəşfiyyat işlərini həyata keçirirdi. “Abver” həm də ordunu nəzarət altında saxlayırdı. Ona görə “Abver” daim “Gestapo” və nasist xüsusi təhlükəsizlik xidmət orqanları (SD) ilə rəqabətdə idi. Kanarisin “Abver”ə rəhbərliyi kəşfiyyat və əks-kəşfiyyat işində yeni bir dönüş yaratdı. Kifayət qədər təcrübəyə malik olan Kanaris burada 3 yeni şöbə yaratdı.I şöbə xarici kəşfiyyat, II şöbə diversiya, III şöbə hərbi kəşfiyyat işlərini həyata keçirirdi. Hitlerin Avropanı Almaniyanın ayaqları altına ata bilməsi üçün Kanaris Avstriya, Çexoslovakiya və Polşanınişğalı planını irəli sürdü. Məhz “Abver”in agentləri Avstriyada və Çexoslovakiyada daxili qarşıdurma yaratdı və düşmənin zəif yerlərini müəyyən etdi. Ümumiyyətlə, II Dünya müharibəsi ərəfəsində “Abver” bütün Avropanı nəzarət altına götürmüşdü; hətta xarici dövlətlərin rəsmi idarələrinin rəhbərlərinin telefon danışıqlarını izləyir, onların ailələrində olan xırda narazılıqlarından da operativ şəkildə xəbər tuturdular. SSRİ-yə hücum ərəfəsində “Abver” Barbarossa planının uğurla həyata keçirilməsini təmin etmək üçün düşmən arxasına xüsusi təxribat dəstələri göndərdi. Bundan əlavə, SSRİ-nin Almaniyanın qəfil hücumundan xəbəri olmaması üçün “Abver” xüsusialdadıcı tədbirlər həyata keçirdi. Kanaris SSRİ əleyhinə kəşfiyyat və əks-kəşfiyyat işlərini həyata keçirmək üçün “Valli” adlı ştab yaratmışdı. O dövrdə Kanarisin adı gələndə hamı qorxudan tir-tir əsirdi. Çünki “Abver”lə zarafat etmək əzrayılla güləşmək kimi bir iş anlamına gəlirdi. O, Almaniyanı idarə edənlərin hamısını şəxsi nəzarəti altına almışdı. Faktiki olaraq, Kanaris dövlət içində bir dövlət qurmuşdu. İş o yerə çatmışdı ki, Kanaris Hitleri də addım-addım izləyirdi. Bir dəfə Hitler toplantılardan birində bir neçə dəqiqəliyə otağına gedərək, Yeva Braunla danışmışdı. Danışıq zamanı Hitler Braunun ünvanına bir neçə xoş söz işlətmişdi. Sonra bunu yadından çıxarmışdı. Çarəsiz qalan Hitler Kanarisdən Yeva Brauna dediyi xoş sözləri xatırlatmağı xahiş etmişdi. Kanaris isə dərhal: “Siz ona mənim təbəssümüm dediniz,”- demişdi. Hitler donub qalmışdı. Fürer istər-istəməz Kanarisin əllərini bərk-bərk sıxmış və ona: “Sənin gələcəyin məndən yaxşı olacaq. Amma gərək bir az səbirli olasan”,- demişdi. Bundan sonra hər dəfə “Abver”in şefini görəndə Hitlerin dodaqlarında təbəssüm görünürdü. 1936-cı ildə Kanaris İspaniyada Frankonun hakimiyyətə gəlməsinə xidmət edən bir sıra tədbirlər həyata keçirdi. Bu məqsədlə İspaniyaya xüsusi təxribat dəstələri göndərildi. Nəticədə İspaniyada Frankonun başçılıq etdiyi faşist rejimi hakimiyyət başına gətirildi. Əslində Kanaris Frankonun vasitəsilə İspaniyanı idarə edirdi. Frankonun ətrafındakıların hamısı “Abver”in agentləri idilər.

Kanarisin digər işi “Gestapo”nu və Hitlerin təhlükəsizlik xidmətini (SD) nəzarətə götürmək oldu. Hitlerin vasitəsilə “Gestapo”-nu və Təhlükəsizlik Xidmətini “Abver”lə əməkdaşlıq barədə sənədi imzalamağa razı salan Kanaris adı çəkilən qurumların rəhbərlərilə özünün tabeçiliyində olanlar kimi rəftar edirdi. O,“Gestapo”nu tərk-silah etmiş kimi görünürdü. 1940-cı ildə Hitlerin fərmanı ilə Kanarisə admiral rütbəsi verildi. Ona yeni hərbi rütbənin verilməsi “Gestapo” ilə Baş Təhlükəsizlik Xidməti İdarəsi rəhbərləri arasında qarşıdurmanı daha da genişləndirdi. Baş Təhlükəsizlik Xidməti İdarəsinin (BTXİ və ya PSXA) rəhbəri Reynard Heydrix Kanarisi görəndə elə bil min ilin düşmənini görürdü. Onların düşmənçiliyinin qəribə bir tarixçəsi vardı. Belə ki, 1923-cü ildə “Berlin” kreyserində xidmət edən Reynard Heydrix nə üçünsə şefinin (Kanarisin) xoşuna gəlməmişdi. Kanaris onu görəndə sanki yəhudi görürdü. Şübhələrini yoxlamaq üçün Kanaris kəşfiyyatçı dəqiqliyi ilə Heydrixin 7 arxa dönənini, onun ana və babası tərəfdən kimlərdən olmasını gizlicə yoxlatdı. Məlum oldu ki, özünü təmizqanlı alman kimi qələmə verən Heydrixin anası yəhudidir. Necə olmuşdusa, Heydrixin təmizqanlı alman olmasından onunla birgə xidmət edən zabitlər də şübhələnmişdilər. Onlar tez-tez Heydrixin təmizqanlı alman olmaması barədə onunla mübahisə edirdilər. Heydrix isə dəlicəsinə özünün təmizqanlı alman olduğunu sübuta yetirməyə çalışırdı. Bir neçə dəfə bu cür mübahisələrin şahidi olan Kanaris daha davam gətirmədi. O, növbəti mübahisələrin birində: “Əşi kişi kimi təmizqanlı alman olmadığını boynuna al, məsələ bitsin, getsin”,- deyə Heydrixə məsləhət verdi. Heydrix isə: “Səndəmi mənim təmizqanlı alman olmağıma şübhə edirsən?”-deyə Kanarisin üstünə qışqırdı. Dodaqlarını dişləyərək Heydrixi şillələmək üçün özünü zorla saxlayan Kanaris: “Sənin anan yəhudi filankəs, ananın atası filankəs, ananın məşuqələri də filankəslərdir”,-  deyə ona cavab qaytardı. Heydrixin rəngi dərhal ağappaq ağardı. O, Kanarisdən məsələni bu yerə çatdırmağı gözləmirdi. Heydrix zabit yoldaşları qarşısında sakit halda ana tərəfdən yəhudi olduğunu etiraf etdi. Bununla da məsələ bitmiş hesab edildi. Amma Heydrix Kanarisin bu təhqirini unutmadı. Sonralar onlar yenə də yüksək vəzifələrdə üz-üzə gəldilər. 1930-39-cu illərdə Almaniyada baş alıb gedən yəhudi qırğınları və dövlət idarələrinin yəhudi qarışıqlı almanlardan təmizlənməsi zamanı Kanaris Heydrixə dəyib-dolaşmadı. Bu da Heydrixin məsul vəzifələrdən birinə irəli çəkilməsinə imkan verdi. Əslində Kanaris bunu təsadüfən etməmişdi. O bilirdi ki, Heydrix ləkəli keçmişilə (yəhudi anasına görə) Kanarislə rəqabətə girməyəcək və onu nəzarətdə saxlamaq çətin olmayacaq. Amma onlar arasında rəqabət artanda Kanaris səhv etdiyini anladı. Lakin yenə də zabit qüruru ona Heydrixi satmağa və ya Hitleri aldatdığına (təmizqanlı alman adı ilə) görə həbs etdirməyə imkan vermədi. Kanarisə onsuz da Hitlerin də təmizqanlı alman olmadığı məlum idi. O, “Abver” şefi kimi anlayırdı ki, rəhbər vəzifələrdə olan almanlar bir də yoxlanılsa, onda ölkəni idarə etməyə adam tapılmayacaq. Çünki vəzifəyə çəkilənlərin əksəriyyətinin anası və ya ana babası yəhudi idi.

BIR CAVAB BURAXIN