Kanada məscidindəki qətliama görə 27 yaşlı tələbə həbs olunub

0
640

Alexandre Bissonnette (Facebook)

Alexandre Bissonnette (Facebook)

Kanadada Kvebek şəhər məscidində qanlı atışma ilə əlaqdar 27 yaşlı universitet tələbəsi barədə cinayət işi qaldırılıb.

Kanadanın baş naziri Justin Trudeau hadisəni “terror hücumu” adlandırıb.

Laval Universitetində sosiologiya ixtisası üzrə təhsil alan Alexandre Bissonnette 6 nəfəri qətlə yetirməkdə ittiham olunur.

Bissonnette qısa müddət sürən ilkin məhkəmə dinləməsində heç nə deməyib. Əlləri və ayaqları qandallı tələbə hakimin qərarını gözlərini döşəməyə zilləyərək dinləyib.

Prokurorluq bildirir ki, iş üzrə bütün sübutlar hələlik toplanmayıb və Bissonnette fevralın 21-də bir daha məhkəmə qarşısına çıxarılacaq.

Reuters agentliyi bildirir ki, prokurorluğun məlumatına görə hazırkı ittiham əldə olan sübutlarla məhdudlaşır və tələbəyə qarşı konkret olaraq “terror ittihamı” irəli sürülməyib.

Kanada qəzetlərinin yazdığına görə qaçqınlara dəstək verən “Bienvenu aux réfugiés” qrupunun üzvləri Facebook-da Bissonnette-i tanıdıqlarını yazıblar.

Onlar bildiriblər ki, tələbə Fransanın ifrat sağçı Milli Cəbhəsinin lideri Marine Le Pen-ə açıq dəstək bildirirdi.

Kanadanın Kvebek şəhərində, “Böyük Məscid” adı ilə tanınan İslam Mədəniyyəti Mərkəzinə axşam namazı zamanı edilmiş basqında 6 nəfər öldürülüb, 19 nəfər yaralanıb. Onlardan beşinin vəziyyəti kritikdir.

Polis bildirib ki, əvvəlcə basqında iki nəfərin iştirak etdiyi barədə yayılmış xəbərlərə baxmayaraq, hücum edənin tək olduğuna inanılır.

BIR CAVAB BURAXIN