Bu ilin 9 ayında Azərbaycana idxal olunan kərə yağının bir tonu yerli gömrükdə, orta hesabla, 3 min 412 dollara rəsmiləşdirilib. Bir il öncə yağın idxalına vergi və rüsumlar bundan iki dəfə aşağı qiymətlə hesablanırdı.
Ötən il gömrükdə yağın tonu 1803 dollara idi
Dövlət Gömrük Komitəsinin (DGK-nın) məlumatına görə, əvvəlki ilə nisbətən idxal 21,4 faiz artıb və ilin əvvəlindən bəri ölkəyə 11 min 265 ton kərə yağı gətirilib. Bunun 85 faizi Yeni Zelandiyanın payına düşür. Yeni Zelandiya yağları Azərbaycan gömrüyündə 3 min 360 dollar/tona bəyan edilib. Halbuki bu dövrdə dünya kərə yağı bazarında qiymətlərdə kəskin dəyişmələr baş verməsə də, ötən il elə həmin gömrük orqanı bu ölkədən gətirilmiş kərə yağın tonunu 1803 dollara rəsmiləşdirmişdi.
Büdcədən yayındırılan milyonlar
AzadlıqRadiosu-nun hesablamalarına görə, ötən ilin 9 ayında kərə yağı idxalçıları dövlət büdcəsinə təxminən 5,7 milyon dollar gömrük rüsumu və ƏDV ödəyib. İdxal gerçək, yəni gömrükdə azaldılmayan qiymətlərlə rəsmiləşdirilsəydi, o zaman bundan 5,6 milyon dollar çox ödənilmiş olardı.
Yeyilən yağın yarısı xaricdən gəlir
«Iqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyinin «Azərbaycanda süd emalı sektorunun iqtisadi potensialının qiymətləndirilməsi» adlı tədqiqat hesabatına görə, Azərbaycanda kərə yağı istehlakının təxminən 45 faizi idxal hesabına qarşılanır. Tədqiqat müəyyənləşdirib ki, Azərbaycanın süd məhsulları idxalının həcmi rəsmi statistikanın açıqladığı göstəricidən 2,5 dəfə yüksəkdir.
İctimai birlik «Comtrade» məlumat bazasına istinadla göstərir ki, ötən il dünyada kərə yağının hər kiloqramının orta ixrac qiyməti 3,5 dollar olub. İndi Azərbaycanda idxal həmin qiymətə uyğunlaşıb.
Azərbaycan kərə yağını ixrac da edir
Bu il Azərbaycanın süd emalçıları xaricə (Birləşmiş Ərəb Əmirlikləri və Rusiyaya) 27 tondan çox kərə yağı ixrac ediblər. Birləşmiş Ərəb Əmirliklərinə yola salınan məhsulun tonu 5,19 dollara, Rusiyaya isə 3,22 dollara satılıb.
Azadliq.org