“Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir.
Murovdağ silsiləsiylə əhatə olunan həddindən artıq əsrarəngiz təbii gözəlliyə malik olan Azərbaycanın ən yüksək dağ rayonu Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Kəlbəcər 1930-cu ildən inzibati rayon statusu almışdır. Rayonun inzibati mərkəzi Kəlbəcər şəhəridir. Ən zəngin rayonlarımızdan olan Kəlbəcər özünün qədim təbii qalaları ilə məhşurdur. Məhz Kəlbəcər sözü də “çay üstündə qala” mənasını ifadə edir. Kəlbəcər nəinki Azərbaycanda, eləcə də bütün dünyada ən qədim insan məskənlərindən biridir. Aparılan arxeoloji tədqiqatlar nəticəsində buranın qədim insan məskənlərindən biri olduğunu təsdiqləyən minlərcə fakt mövcuddur. Kəlbəcər antik dövrün abidəsi kimi də maraqlı ərazidir. Kəlbəcərin hər daşı tarixdir, hər qarış torpağı bərəkətdir. Rayon ərazisi mədəniyyət abidələri, dini məbədlərlə tarixi abidələrlə, təbii yeraltı və yerüstü sərvətlərlə zəngindir. Kəlbəcərdə “türk qəbiristanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıq vardır. Rayonu qədimiliyinə görə “Azərbaycanın ikinci Qobustanı” da adlandırırlar və orada yerləşən qayaüstü təsvirlər demək olar ki, Qobustandakı yazılı və şəkilli daşların oxşarıdır.
Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova
BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsi
Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın tarixi ərazisi olan Kəlbəcər rayonunu işğal etməsindən sonra 30 aprel 1993-cü il tarixində qəbul olunmuşdur. Qəbul edilən 822 nömrəli qətnaməyə görə, Kəlbəcər rayonu digər işğal olunmuş rayonlarımız kimi qeyd-şərtsiz azad olunmalı idi. Ancaq, Ermənistan həmin qətnaməni də qəbul edilmiş digər üç qətnamə kimi icra etməkdən imtina etdi. Qətnamələrin icra edilməsinə məsul olan beynəlxalq qurumlar isə bunu görməzdən gəlirdi. Bu təcavüzün qarşısının alınması üçün heç bir səy göstərmədilər. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olmuşdur. Kəlbəcər rayonu uğrunda döyüş əməliyyatları aparılmadan, Ermənistan ordusu həmin ərazini birdəfəlik tərk etdi. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ən böyük rayonu Kəlbəcəri düşmənlərdən, terrorçulardan azad etdi. Ölkəmizin əzəli və əbədi torpağı olan Kəlbəcər rayonu rəşadətli Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Dövlətimiz BMT Təhlükəsizlik Şurasının Kəlbəcərlə bağlı 822 saylı qətnaməsini özü icra etdi.
Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Ehtiram Osmanov
İnfrastruktur layihələrinin icrası.
İşğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma və bərpa işləri uğurla davam etdirilir. Azərbaycanda ən böyük qızıl yataqları məhz bu rayonumuzun payına düşür. Bu işlərin ən öndə gedəni isə yolların bərpası, yol-nəqliyyatı infrastrukturunun yenidən qurulmasıdır. Kəlbəcər rayonu böyük iqtisadi potensialı, ərazisinin böyüklüyü Kəlbəcərdə kənd təsərrüfatının fərqli sahələrinin inkişafına şərait yaradır. Kəlbəcər Qafqazda qış, yay, müalicəvi, tarixi, dini turizm imkanları ilə seçilən bölgələrdəndir. Rayonda ilk növbədə yolların çəkilməsinə diqqət ayrılıb. Bu azad edilən torpaqlarımızda gedən tikinti-bərpa işlərinə mühüm təsir edən amildir. Füsunkar təbiətə, zəngin təbii ehtiyatlara, turizm potensialına malik Azərbaycanın ən böyük dağ rayonu olan Kəlbəcərə ermənilər qarətçi kimi gəlib, qarətçi kimi də getdilər. Rayonu tərk edərkən götürə bildiklərini daşıdılar, götürə bilmədiklərini isə yandırıb viran qoydular. İndi işğaldan azad olunan digər rayonlarımız kimi Kəlbəcərə də yeni nəfəs gəlir. Dövlət başçısı bu rayonların yenidən dirçəldilməsi ilə bağlı mühüm tapşırıqlar verib. Kəlbəcərlə bağlı infrastruktur layihələri icra edilməyə başlayıb və uğurla davam etdirilməkdədir.
Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Kamal Xəlilov
Rəsmi İrəvanın hərbi cinayəti
Azərbaycan xalqı dünyanın ən zəngin mədəni irsə sahib olan xalqlarından biridir. Bu zənginliyi əsrlərdən ötüb gələn tarixi, mədəni və dini abidələrimiz də özündə əks etdirir. Amma təəssüflər olsun ki, mənfur qonşularımız olan ermənilər hər fürsətdə öz xayin niyyətlərindən əl çəkməmişdir. Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan əraziləri vandalizmə məruz qalıb, həmin torpaqlarda misli görünməmiş cinayətlər törədilib. Artıq bir çox beynəlxalq qurum və təşkilatların nümayəndələri, o cümlədən media təmsilçiləri işğaldan azad edilmiş ərazilərə etdikləri səfərləri zamanı işğalçı erməni ordusunun, Ermənistan hökumətinin ağır hərbi cinayətlər törətməsinə dair danılmaz dəlillər əldə ediblər. Ermənistan Azərbaycan xalqının irsini qəsdən hədəf alan, bir vaxtlar işğal olunmuş ərazilərdə çoxsaylı hərbi cinayətlər həyata keçirib. Bütövlükdə isə, işğal altında olunmuş ərazilərimiz 30 il ərzində tamamilə viran qoyulub. 44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı erməni işğalından azad etdi.
Zərdab Rayon Gənclər və İdman idarəsinin rəis müavini – Əvəz Soltanov
Kəlbəcərə inzibati rayon statusunun verilməsi 1930-cu ilə təsadüf olunur
Kəlbəcər qədim yaşayış məskənlərindən biridir. “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) “çay üstündə qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. 1930-cu il 8 avqust tarixində Kəlbəcərə inzibati rayon statusu verilmişdir. İşğala qədər rayonun əhalisi 88 300 nəfər təşkil edirdi. Rayonun ərazisi 3054 kv. km. təşkil edir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi.
1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir. İşğal nəticəsində 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, həmçinin Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100-lərlə maşın, texnika talan edilib dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.
Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı- Bahar Qurbanova
Kəlbəcər şəhərinin Baş planı bölgənin təbii gözəlliyini özündə ehtiva edir
Kəlbəcər bizim işğal altında olan ən böyük rayonumuz idi və ümumiyyətlə, Azərbaycanın ən zəngin rayonlarından biridir. Kəlbəcər rayonunda 24 min hektar meşə sahəsi var. Bu bizim böyük sərvətimizdir. Lakin 30 illik işğal ərzində erməni vandalları bütün bu sərvətlərimizi vəhşicəsinə talayıblar. Otuz il ərzində düşmən tapdağı altında qalan torpaqlarımızın hər qarışının, azad edilən hər kəndin, hər şəhərin Azərbaycan üçün əhəmiyyəti son dərəcə böyükdür. Rayonlarımızın hər birinin düşməndən təmizlənməsi, əslində, özü-özlüyündə tarixi qələbədir. Kəlbəcər bir təbiət möcüzəsidir. Bu möcüzəni bu əsrarəngiz gözəlliyi sözlərlə ifadə etmək kifayət etmir. Kəlbəcər şəhərinin baş planının hazırlanması zamanı onun özünəməxsus simasının formalaşdırılması üçün ərazinin coğrafi yerləşməsinə, əlverişli şəraitinə, quruluşuna uyğun sağlamlıq və dağ turizmi imkanlarının inkişafı, təbiətlə vəhdətdə yaşıl şəhər mühitinin yaradılması təşkil edir. Şəhərin mərkəzi hissəsində çoxmənzilli binalar, ətraflara doğru isə həyətyanı sahəsi olan fərdi evlər inşa olunması nəzərdə tutulmuşdur.
Fəal gənc-Qönçə Babayeva
10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir qüllə atılmadan Azərbaycana təhvil verilmişdir
İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə başa çatmaqla çoxəsrlik tariximizin heç zaman unudulmayacaq səhifəsini yazdı. Azərbaycanın siyasi qələbəsinin və Ermənistanın məğlubiyyətinin təsdiqi olan 10 noyabr birgə Bəyanatında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Ağdam və Laçın rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etmələri öz əksini tapdı. Beləliklə, Azərbaycan 30 ilə yaxın erməni işğalı altında qalan tarixi torpaqlarını öz gücü və əzmi ilə azad etdi. Regionda işğal siyasəti başda olmaqla ekoloji və mədəni terrora da son qoyuldu. Düşmən işğal müddətində Kəlbəcər şəhərini və rayonun yaşayış məntəqələrini talayıb, darmadağın edib, tarixi, mədəni, dini abidələr, qəbiristanlıqlar yer üzündən silinib. Kəlbəcər də daxil olmaqla bizim digər tarixi torpaqlarımızda günahsız insanları öz doğma yurdundan vəhşicəsinə qovmaqla yanaşı həm də bu ərazilərdəki tarixi abidələrə və təbiətə də böyük ziyan vurmuşdur. Kəlbəcər rayonunun işğaldan azad olunduğu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Həqiqətən də Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsi üçün apardığı Vətən müharibəsində qazandığı tarixi Qələbəsi ilə bütün Qafqazı erməni faşizmindən xilas etdi. Bu Qələbə erməni faşizminin bütün bəşəriyyət üçün nə dərəcədə təhlükəli bir cərəyan olduğunu bütün dünyaya göstərdi.
Fəal gənc-Qurbanov Samir