KƏRƏM HƏSƏNOVUN MTN ŞEFİ İLƏ İŞBİRLİYİNƏ DAİR YENİ İDDİALAR – 20-dən artıq müəssisəni necə ələ keçirib?

0
1032

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin rəhbəri Kərəm Həsənovun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla əlaqələrini sübut edən daha bir fakt ortaya çıxıb.
Sənaye Müəssisələri və Təmir-Tikinti Birliyinin rəisi olmuş Əfruz Əfəndiyevanın “Bizim Yol”a müraciətindən aydın olur ki, Kərəm Həsənov onu MTN-lə hədələyib. Əfruz Əfəndiyeva bildirir ki, rəisi olduğu qurum qanunsuz olaraq MMC-yə çevrilib və 20-dən artıq müəssisə onun əlindən alınıb: “Mən rəis gələndə Əmlak Məsələləri Dövlət Komitəsinin ”sayəsində” təşkilat (Sənaye Müəssisələri və Təmir-Tikinti Birliyi) yox səviyyəsindəydi. Birliyin balansında Azərbaycanın bütün rayonlarında yerləşən təmir-tikinti idarələri nəzdində trest də vardı. Birlik təmir-tikinti işləri, istehsalatla məşğuldu. Dəmir-beton məmulatları buraxır, şəhərləri asfaltlaşdırır, böyük tikintilər aparırdıq. Müəssisələrimiz tenderlərdə iştirak edirdi, bir sıra müəssisələrlə də öz aralarında müqavilələr bağlayırdılar. Son illərdə Bakının mərkəzi yerlərindəki hündürmərtəbəli binaların bəzilərini biz tikmişik. 2000-dən artıq işçimiz olub, kadr potensialımız da vardı, texniki-avadanlığımız da. Birliyi 2007-ci ildən sərəncama veriblər və bütün problemlər də ondan sonra yaranıb. Əmlak Məsələləri Dövlət Komitəsi birliyin müəssisələrinə “əl qoyandan” sonra idarələr kənarda qaldı, “levıy” işləməyə başladılar. Tabeliyimdə olan idarələrin müdirini kənara qoyub, yerinə mənim möhürümlə öz “adamlarını” “müdir” təyin ediblər. Mənə xəbər vermədən, hesabat almadan gedib idarələri özbaşına dövlətin balansından çıxarırdılar”.

“Anladım ki, hər şeyin başında Kərəm Həsənovun özü durur…”

Daha sonra Əfruz Əfəndiyeva  bildirir: Bir də görürdüm zəng edirlər ki, “möhürünü götür, bura gəl”. Komitəyə gedirdim, qarşıma blanklar qoyub, “bunlara möhür vur, qol çək”, deyirdilər. Bir neçə dəfə dediklərini elədim. Sonradan soruşdum ki, “niyə mənə boş blank verirsiz, göstərin görüm mənə nəyə qol çəkdirirsiz”? Boş blankı imzalamadım. Ondan sonra mənə qarşı sərtləşdilər. Görürdüm idarələrdən birinin müdiri gəlib deyir ki, “mənim əmək kitabçamı ver”. Səbəbini soruşurdum, deyirdilər “idarəm özəlləşib”. Necə özəlləşib, hansı sənədə, hansı balansa əsasən? Elə bilirdim Komitə sədri Kərəm Həsənovun bu olanlardan xəbəri yoxdur”.

Lakin Kərəm Həsənovun qəbulunda olandan sonra Əfruz Əfəndiyevaya bəlli olub ki, baş verənlərində arxasında elə komitə sədri özü dayanır. Əfruz Əfəndiyeva Kərəm Həsənovun qəbulu zamanı baş verənlər barədə deyib: “Salamımı almadı, özümü təqdim etmək istədim, ağzımı açmağa qoymadı, dedi ”lazım deyil, səni tanıyıram, özünü yaxşı aparmırsan, mən sənin üçün Şair Həsənov deyiləm, mən Kərəm Həsənovam, elə eləmə ki, MTN-i, DIN-i, Prokurorluğu sənin üstünə töküm, sonra başın ağrıyar”. “Heç kimdən qorxmuram, kimi istəyirsiz, göndərin, kimin haqlı, kimin haqsız olduğu bilinər”, dedim. “Qurtardıq, qurtardıq söhbəti”, deyib danışmağıma imkan vermədi. Cəlilabadda da tabeliyimdə olan idarə vardı, deyilənə görə qohumunun adına rəsmiləşdirib. “Mən Cəlilabada rəis olaraq gələndə sən ”zapçast” satırdın”, deyib çıxdım. O görüşdə anladım ki, hər şeydən xəbərdarmış və hətta olanların başında da özü durur…”

Əfruz Əfəndiyeva Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qəbulundan çıxandan sonra ona qarşı təzyiqlərin artdığını deyir: “Dəfələrlə gəliblər ki, “buradan çıx”. Hər dəfə Səttar, Yusif, Şəfa adında adamlar idarəyə hücum çəkir. Yusif Komitənin, digər ikisi guya idarəmi tabeçiliyinə verdikləri İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin (İXMİM) işçiləridir. Bir dəfə dedilər ki, buranı “Azərxalça”ya satmışıq, siz gedin. Gördüyünüz qədər daşınmaz əmlak da yan tərəfdə var, amma zəbt edib üstdəki qonşulara satıblar. Birliyin ofisinin yarısı da orada idi.
Onlara dedim ki, müəssisə hətta MMC-yə çevrilmiş olsa belə, sizin o saxta əmrinizdə mənim rəhbərlikdən kənarlaşdırıldığım yazılır, iş yerimdən yox. Sərəncama verilən təşkilatın əməkdaşı işdən çıxarıla bilməz. Bir gün işə gələndə əsas qapının dəyişdirildiyini gördüm, kəsib yerinə başqasını qoymuşdular, içəridəki qapıları da sındırmışdılar. Dəstə ilə gəlmişdilər, əşyalarımızı yığışdırmağa göstəriş verdilər. Məni Komitənin tabeçiliyində, hüquqi şəxs olmayan İXMİM-yə çağırdılar. Mərkəzin rəisi Faiq müəllimə dedim ki, qapını açsınlar, öz ofisimə girim. Dedi “gərək Kərəm müəllimlə söhbət edək”. Sonra gəldim, dedilər “özü yoxdur, Rüstəm Şahbazovla razılaşdıraq-filan”. Gördüm məni süründürürlər, özüm qapını açdırıb, içəri girdim. Yenə tökülüşüb gəldilər. Sonra bir dəfə də qapının açar yerini sındırdılar. Amma onu özlərinin elədiklərini boyunlarına almadılar. İdarəyə kamera qoydurduğumu deyəndən sonra daha gəlmədilər. Qanunsuzluq elədiklərini, zor işlətdiklərini yaxşı bilirlər. Bunun üçün icra qərarı olmalıdır. Məni dinləmək istəməyən komitə sədrinə məktub yazdım, bildirdim ki, “qəbulunuzda olduğum 29 may 2010-cu ilə qədər işçilərinizin mənə qarşı yol verdikləri qanunsuzluqlardan xəbərinizin olmadığını düşündüyümə görə təzyiq və təhqirlərə son qoymaları barədə sizə müraciət ünvanlayırdım. Amma qəbulunuzda olduğum zaman anladım ki, bütün bunlardan xəbəriniz var. Yarım əsrlik iş fəaliyyətimdə dövlətə qulluq etmişəm, cinayətə yol verməmişəm. Odur ki, təşkil edəcəyiniz yoxlamalardan qorxmuram”.
 

Komitənin səlahiyyətləri qəsdən şişirdilir

1rustem

ƏMDK-nin sədr müavini Rüstəm Şahbazovun imzası ilə Ə.Əfəndiyevaya 14 yanvar 2011-ci ildə gələn məktubda komitənin mövqeyi belə ifadə edilib: “Prezidentin 2007-ci il 6 iyun tarixli, 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının 7.4-cü bəndinə uyğun olaraq dövlət müəssisələrinin təşkilati-hüquqi formasının qanunvericiliyə uyğunlaşdırılması məqsədilə birliyin təşkilati-hüquqi forması dəyişdirilməklə İXMİM-nin təsisçiliyi əsasında yenidən təşkil edilərək MMC-yə çevrilmiş və öz nizamnaməsinə uyğun qanunvericilikdə nəzərdə tutulmuş qaydada fəaliyyət göstərir. Eyni zamanda bildiririk ki, müxtəlif ünvanlara göndərilmiş müraciətlərinizdə komitə barədə yazılanlar əsassız və böhtan xarakterlidir”. Bu məzmunlu məktublar bir xeylidir. Cənab Şahbazovun birliyin sədrinə (müraciət hissəsində vətəndaş Əfruz Əfəndiyeva yazıb-red.) 23 iyun 2015-ci il tarixdə göndərdiyi məktubda isə müəssisənin eyni qaydada MMC-yə çevrildiyi qeyd edilir, bildirilir ki, “müəssisənin öz nizamnaməsinə uyğun fəaliyyət göstərməsi təmin olunmalıdır və görülən bütün tədbirlər bu istiqamətdə həyata keçirilir”. Bir məktubda fəaliyyət göstərdiyini yazır, ondan 5 il sonra fəaliyyət göstərməsinin təmin olunmalı olduğu vurğulanır. İstinad etdikləri Dövlət Proqramının 7.4. bəndinin mətni belədir ki, “Dövlət Proqramı qüvvəyə minənədək fəaliyyət göstərən dövlət müəssisələrinin təşkilati-hüquqi formasının qanunvericiliyə uyğunlaşdırılması məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təkliflər irəli sürülür”. Yəni Proqramda komitənin səlahiyyətinin təklif irəli sürməkdən uzağa getmədiyi qeyd edilib. Əmlak Məsələləri Dövlət Komitəsi haqqında əsasnamənin 3.0.19. bəndinə görə tabeliyindən və sahə mənsubiyyətindən asılı olmayaraq, dövlət mülkiyyətində olan, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərə məxsus obyektlərin (əsas vəsaitlərin) balansdan balansa verilməsinə razılıq və silinməsinə dair rəy vermək komitənin vəzifələrindəndir.

“Əsli ilə düz deyil”

Rəis deyir ki, komitə balansda olana rəy verir, o da ancaq maşın-mexanizmə. Maliyyə Nazirliyinin bununla bağlı izahı da var. Amma onlar bu bəndə əsaslanıb, idarəni MMC-yə çeviriblər. Ə.Əfəndiyeva : “Qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəssisənin fəaliyyət göstərdiyini deyirlər. Harada fəaliyyət göstərir, müəssisə bura – mənim oturduğum yer deyilmi? Prezident Fərmanında sərəncama da verilən idarələr var, tabeçiliyə də. Birlik sərəncama verilib, odur ki, bizim müəssisə ilə bağlı təklif irəli sürə bilərlər, kiminsə tərkibinə verməyə ixtiyarları yoxdur. İdarələri isə baş təşkilat özəlləşməyə verməlidir. Birliyin kağız üzərində tabeliyinə verildiyi İXMİM guya hüquqi şəxs olan Ticarət və xidmət müəssisə və obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzinin bazasında yaradılıb. Amma mərkəzin əvvəlki nizamnaməsini əldə etmişəm, qeydiyyat nömrələri uyğun gəlmir – birində nömrəni D-484, o birində D-355 kimi qeyd ediblər. İXMİM-nin əsl nizamnaməsini internetdən çıxardıblar, mənə “poddelka” göstəriblər. Bütün səhifələrdə ştamp və möhür tünd ştrixlə bağlanıb (Əmlak Komitəsinin istifadə etdiyi “populyar üsul”-red.), yalnız sonda “əsli ilə düzdür” yazılı ştamp vurulub. Üstünü örtmək o deməkdir ki, özləri də digər səhifələrin “əsli ilə düz olmadığı”nı etiraf edirlər”.

Sənəddə diqqətimizi çəkən başqa biabırçılıqlar da var. Əvvəla, bu sənəd o sənəddirsə, başdan-başa əsli ilə düz deyil, birincidə nizamnamə kapitalı yoxdur, ikincidə nizamnamə kapitalı 100 manat müəyyənləşib və Əfruz xanımın müəssisəsini MMC-yə “çevirdiklərində” olduğu kimi bir paydan ibarətdir. O zaman heç sonuncu səhifə də əsli ilə düz gəlmir. Axtarsaq komitənin yaratdığı əksər müəssisələrin nizamnamə kapitalı bundan çox olmaz, baxmayaraq ki, faktiki dəyər yüksəkdir. Dövlət əmlakına mizer məbləğdə dəyər qoyaraq, bu şəkildə də rəsmiləşdirirlər. Əvvəlki təşkilatın hüquqi bazasında yaradılıbsa belə mərkəz Ədliyyə Nazirliyində qeydiyyatdan keçməməliydimi? Sənəddə mərkəzin öz adı olan möhür, ştampı var, hüquqi şəxs olmayanın möhür-ştampı nə gəzir?

Əmlak Komitəsinin işçisi əməllərini ifşa etdi

Əlimizdə üç eyni məzmunlu mətn var. Şəkillərini də sıralama yerləşdirmişik. Göründüyü kimi, əvvəlcə Komitənin əməkdaşı Rüfət Kərimov tərəfindən komitəyə ünvanlanmış bu məzmunda məktub hazırlanıb: “Balansınızda olan ümumi tikinti sahəsi 1 442,5 kv/m., torpaq sahəsi 11 366,1 kv/m təşkil edən əmlak kompleksi uzun müddət istifadəsiz qaldığından yararsız vəziyyətdədir. Həmin sahənin abadlaşdırılması üçün maliyyə vəsaitimiz olmadığından mövcud qanunvericiliyə uyğun balansınıza götürülərək özəlləşdirilməsini məqsədəuyğun hesab edirik. Xahiş edirik nəzərə alasız”. Mobil telefonunu da qeyd edib. Bu, bir sənəd deyil, mətndir. Sonrakı kağızda 19 dekabr 2009-cu il tarixdə yazıldığı qeyd olunan həmin mətnin Mexanizasiya və Tikinti istehsalat idarəsinin rəisi M.Cabbarovun adından hazırlandığını görürük. İmza yoxdur, amma R.Kərimov “qəbul etdim”, deyə onu imzalayıb. Üçüncü sənəd isə ƏMDK İXMİM-nin baş direktoru T.Alıyevin imzası ilə 2010-cu ilin fevral ayının 10-da Sənaye Müəssisələri və TTB-nin Mexanizasiya və Tikinti İstehsalat İdarəsinə ünvanlanan məktubdur. Əvvəla müraciətə fikir verilsə məktubun baş idarənin tabeliyində olan idarəyə yazıldığı qeyd edilir. Yəni etiraf edirlər ki, ondan bir baş yuxarı olan qurum da var. Məzmunu belədir: “Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən əmlak kompleksinin ƏMDK-nin sərəncamına verilməsi barədə məktubunuza baxılmış və bununla bağlı müvafiq tədbirlər görülməkdədir. Göstərilən obyektlə bağlı təhvil-qəbul işlərinin aparılması üçün səlahiyyətli nümayəndənizin ayrılmasına göstəriş verməyinizi xahiş edirik”. Həm baş idarəyə müraciət edirlər, həm də onun başının üstündən iş görürlər. Bu üç sənəd isə bütün proseslərin komitədə qurulduğu və oradan da idarə olunduğunu sübut edən ən gözəl “nümunədir”.

Qurum Maliyyə Nazirliyinin səlahiyyətlərini “mənimsəyib”
emlak_meseleleri_dovlet_komitesi_200214
Əfruz xanımın sözlərinə görə, komitədən monitorinq adı ilə idarələrə gedir, kassaları bağlayıb qanunsuz təftiş edirlər. Ə.Əfəndiyeva: “Aktın üzərində monitorinq yazıb, içərisində maliyyə-təsərrüfat fəaliyyətini yoxlayırlar. Misal üçün, “ƏMDK idarəetmədə olan Sənaye Müəssisələri və TTB-nin Mexanizasiya və tikinti istehsalat idarəsinin dövlət əmlakının idarə edilməsi və ondan səmərəli istifadə olunması vəziyyətinin araşdırılmasına dair arayış” tərtib edilib. Ancaq girib kassa, xəzinəni bağlayıb, hamısını da aktda yazıblar. Buna ixtiyarları yoxdur. Mənim idarələrimi heç yoxlaya bilməzlər. Çünki onların balansında deyil, biz Maliyyə Nazirliyinə tabeyik və burada baş təşkilat olaraq mən varam. Bizə nəzarəti isə birbaşa nazirlik edir. Tabeçiliyə verilmək başqadır, sərəncama verilmək tam başqa. Sərəncam o deməkdir ki, özəlləşdirməyə açıq elan edilib. Balans hesabatını ancaq MN-ə veririk. Prezidentin fərmanı var, heç kəs heç kəsi yoxlaya bilməz, ancaq MN-in göstərişiylə ola bilər. Onların ancaq öz tabeçiliyində olan qurumlarda monitorinq keçirtmək ixtiyarları var. Monitorinq isə gedib dövlət əmlakının yerində olub-olmadığını yoxlamaq deməkdir. Maliyyə məsələlərinə qarışa bilməzlər. Müxtəlif qurumlara yazdığım şikayətlərin hamısı komitəyə göndərilir. Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanunun 7-ci, “Müraciətə baxılması qaydası” maddəsinə görə “Vətəndaşların şikayətlərini baxılmaq üçün qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilən orqanlara və ya vəzifəli şəxslərə göndərmək qadağandır. Amma bu Qanuna baxan yoxdur”.

Əbədi “kadr”: 8-ci kilometr bazarının direktorunu birliyə “gətiriblər”

Rəis xanımın dediyinə görə, bu qalmaqal başlamadan əvvəl müəssisə böyük mənfəətlə işləyib, bütün idarələrlə birlikdə milyondan yuxarı aylıq mənfəət verib. İndi pensiyasını alıb idarənin kommunal xərclərini ödəyir, vergi hesabatlarını özü verir, ondan hesabat qəbul edib ştamp vururlar. İdarələri MMC etməyiblər, onlar hamısı təmir-tikinti sahəsi kimi qalıb, birliyin idarəsi olaraq fəaliyyət göstərsələr özlərinə işləyirlər. Bir tək birlik kağız üzərində cəmiyyətə çevrilib. Rəhbər də vaxtilə 8-ci kilometr bazarında direktor təyin etdikləri Səttar adında bir adamı gətiriblər. Birlik sədri deyir ki, komitədən imkan versələr və dəqiq qiymət desələr kollektiv özü müəssisəni özəlləşdirər: “Amma məndən sənəd qəbul etməzlər, qiyməti “razılaşdırandan” sonra sənəd götürürlər. Bütün əmlakı “silir”, müəssisənin qiymətini qəpik-quruşa endirib, dövlətə beş-on manat köçürüb, özləri yüz minləri nağd alırlar. Mənə qiyməti eşitdirdilər, dedim ki, ona imkanım yoxdur, özəlləşdirmək istəyən gəlib kollektivlə halallaşsın, onların, mənim payımı versin, halal xoşu olsun. Bir istəyim odur ki, dolanmaq üçün mənə iş versinlər. Yoldaşım, oğlum xəstədir, işləməyə ehtiyacım var. Bu məsələlərdən sonra hər şeydən bezmişəm…”
İdarəni təhvil verməsi barədə komitədən Nəsimi Rayon Məhkəməsinə şikayət ediblər:“Guya 2010-cu ilin dekabrın 6-da əmr imzalayıb mənim idarəmi MMC ediblər, dərhal da məni məhkəməyə veriblər (Respublika Prokurorluğundan 2011-ci ilin fevral ayında Ə.Əfəndiyevaya birliyin rəisi kimi müraciət olunub-red.). Məhkəmə isə mənə prosesin keçiriləcəyi barədə bildiriş göndərməyib, bir gün sonra dəvət ediblər.Təzəlikcə Nəsimi Rayon Məhkəməsi onların xeyrinə qərar çıxarıb, mənim idarəni təhvil verməyimi istəyib. Halbuki buna ixtiyarları yoxdur, çünki məsələ hazırda məhkəmə predmetidir, işə İqtisad Məhkəməsində baxılır. Mən müəssisəni qanunsuz olaraq MMC-yə çevirdiklərindən şikayət etmişəm, qeydiyyatın düzgün olmadığını sənədlərlə əsaslandırmışam, yerli məhkəmə qərarı gözləməliydi. Mayın 20-də proses keçiriblər, nə məni, nə də nümayəndəmi çağırıblar. Məhkəməyə saxta sənəd veriblər ki, guya məktubu alıb qol çəkmişəm. Məhkəmə bitəndən sonra poçt möhürü olmayan bir məktubu əldən göndəriblər. İmzalamadım. Mənim əvəzimə qol çəkib məhkəməyə təqdim ediblər. Gözləyirlər ki, Ali Məhkəməyəcən çıxıb qərar alsınlar və mən buranı təhvil verim…”.

BIR CAVAB BURAXIN