İtaliyanın da öz “Tramp”ı var

0
657

11

Əvvəl “Brexit”dən, sonra isə Donald Trampın ABŞ prezidenti seçilməsindən hələ tam özlərinə gəlməmiş sərmayədarları indi də İtaliyanın gələcək taleyi narahat etməyə başlayıb.

Belə ki, əgər İtaliyanın baş naziri Matteo Renzi dekabrın 4-də Konstitusiya islahatları ilə bağlı keçiriləcək referendumda dəstək qazana bilməsə, bu, ölkədəki kövrək siyasi sabitliyi poza bilər.

Bloomberg agentliyi yazır ki, Renzinin referendumda məğlubiyyəti (bu halda o, istefa verəcəyini vəd edib) ölkədə erkən seçkilərə və populist “5 ulduz hərəkatı” partiyasının nüfuzunun artmasına səbəb ola bilər.

Bu partiya hakimiyyətə gələcəyi halda, Böyük Britaniyada olduğu kimi Avropa Birliyindən çıxmaqla bağlı referendum keçirəcəyini vəd edib.

Amma agentlik yazır ki, İtaliyanın avrozonadan çıxması xeyli vaxt tələb edir.

“İtaliya beynəlxalq siyasi tətqiqatlar instutu” nun analitiki Antonio Villafranka bunun elə də asan olmayacağını deyir.

Onun fikrincə, Renzinin məğlubiyyətindən sonra hətta ölkədə erkən seçkilər keçirilsə belə, bu partiyanın hakimiyyətə gəlmək şansı seçki sisteminin dəyişdirilməsindən asılı olacaq.

Analitik hesab edir ki, bu populist partiyanın seçkidə qələbəsi hələ heç nə demək deyil, çünki parlamentdə çoxluq qazanmaq üçün yetərincə müttəfiq tapa bilməyəcək.

Bundan başqa agentlik yazır ki, İtaliyanın Avropa Birliyindən çıxmasının qarşısını kəsəcək hüququ maneələri də unutmaq olmaz.

Çünki İtaliya konstitusiyası beynəlxalq qanunların ümummilli səsverməylə ləğvini qadağan etdiyindən, ona, referendumdan əvvəl düzəliş edilməlidir.

Belə düzəlişə isə parlamentin hər iki palatasının 2/3 səsi və ya ola bilsin ki, daha bir referendum lazımdır.

Agentlik həmçinin “Community Media Research” və “Intesa Sanpaolo SpA” cəmiyyətlərinin keçirdiyi ictimai rəy sorğularına istinadla yazır ki, ölkə əhalisinin cəmi 15 faizi avrozonadan çıxmağn tərəfdarıdır, 67,4 faizi isə arozonada qalmaq istəyir.

Agentlik yazır ki, “5 ulduz hərəkatı” partiyasının banisi Beppe Grillo hələ bundan əvvəl ölkənin avrozonada qalması ilə bağlı referendum keçirilməsini təkid edəcəyini bildirib.

Grillo özünü Donald Trump-la müqayisə edir.

O deyir ki, aparıcı media adlandırılan qurumlarda çalışanlar əslində xalqdan uzaq düşüblər, çünki böyük korporasiyaların köləsinə çevriliblər. Onun fikrincə, intellektual adlandırılan insanlar da eyni cür kölə vəziyyətindədirlər. Əsl demaqoq o deyil, əsl demaqoq elə həmin jurnalist və intellektuallardır. Grillo deyir ki, ABŞ-da Trump-ın qələbəsi də təsadüfi deyildi. Çünki o, aparıcı media deyilən qurumlardan fərqli olaraq sıravi insanların real problemlərindən danışırdı, heç kimdən asılı siyasətçi deyildi. Grillo əmindir ki, o da İtaliyada qələbə qazanacaq və onun qələbəsindən sonra jurnalistlər və intellektuallar yenə də qanmayacaqlar ki, xalq niyə ona səs verib.

Komediya ustası, aktyor, bloqçu və siyasətçi Beppe Grillo 1948-ci il iyulun 21-də anadan olub.

O “5 ulduz hərəkatı” partiyasını 2009-cu ildə yaradıb. Partiya tezliklə məşhurlaşmağa başlayıb və siyasi mübarizələrdə ciddi uğurlar qazanıb.

2013-cü ildə keçirilən seçkilərdə bu partiyanın 25 faizdən çoz səs toplayaraq parlamentdə 3-cü olması sensasiyaya səbəb olub.

Grillo 2015-ci il fevralın 3-də prezident Serco Mattarellanın rəsmi andiçmə mərasiminə dəvət olunsa da, bundan imtina edib, amma bloqunda prezidenti təbrik edib.

BIR CAVAB BURAXIN