İtaliyada yeni hökumət Azərbaycanın 40 milyard dollarlıq layihəsini dayandırır

0
700

İtaliyada “5 Ulduz” partiyası və “Şimal liqası” hərəkatı tərəfindən formalaşdırılan yeni koalision hökumət Azərbaycan qazının Avropa bazarlarına nəqli üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizinin bir hissəsi olan Transadriatik Qaz Kəməri (TAP) layihəsinə yenidən baxacağını elan edib. Virtualaz.org “Reuters”ə istinadən xəbər verir ki, bu barədə yeni kabinetin ətraf mühit naziri Serjio Kosta bəyan edib. Nazir TAP layihəsini “mənasız və İtaliya üçün gərəksiz” adlandırıb.

Bu gün İtaliya parlamentində yeni koalision hökumətin tərkibində and içib səlahiyyətlərinin icrasına başlayan Serjio Kosta bildirib ki, İtaliyanın TAP kəməri layihəsində iştirakı “bəzi digər iri layihələrlə birlikdə” yenidən nəzərdən keçiriləcək.

“TAP masa üzərindədir və biz onu prioritet kimi nəzərdən keçiririk…”-illərdir İtaliyada bu qaz boru kəmərinin çəkilməsinə qarşı etirazların, sabotajların təşkilatçısı olan “5 Ulduz” hərəkatını təmsil edən ətraf mühit naziri bildirib.

“Biz energetika siyasətimizi, qaza olan tələbatımızı nəzərə alaraq TAP layihəsini hazırda tamamilə mənasız hesab edirik”-Kosta deputatların ona həftənin əvvəllərində ünvanlanmış sorğularına yazılı cavabında vurğulayıb.

TAP layihəsinin ümumi dəyəri 4.5 milyard avrodur, bu layihə cəmi 40 milyard dollara başa gəlməli olan Cənub Qaz Dəhlizinin bir hissədidir. “Reuters” bildirir ki, İtaliyanın yeni hökumətinin mövqeyi bu ölkə ilə BP-nin rəhbərlik etdiyi konsorsium arasında gərginliyə səbəb olacaq.

Agentlik TAP konsorsiumundan İtaliyanın yeni hökumətinin bəyanatı ilə bağlı şərh ala bilməyib. Bildirilir ki, ətraf mühit nazirinin bu şərhinin reallaşacağı barədə hələlik dəqiq məlum deyil. Bununla belə “5 Ulduz” hərəkatı energetika layihələri məsələsində “Şimal liqası”ına nisbətən daha sərt mövqe tutur. Hələlik “Şimal liqası” da nazirin bəyanatını şərh etməyib.

Məlumata görə ətraf mühit naziri Kosta bildirib ki, TAP kəmərinin əsaslandırılması tamamilə yenidən nəzərdən keçiriləcək. Bu bəyanat kəmərin keçdiyi cənub regionlarının qubernatorlarının son bəyanatları ilə uzlaşır. Apuliya bölgəsinin qubernatoru bu günlərdə TAP layihəsinin marşrutunun dəyişdirilməsi məsələsini yenidən qaldırıb.

İtaliyanın cənubundakı yerli hökumətin “5 Ulduz” hərəkatından olan naziri Barbara Lezzi də iki gün əvvəl “Reuters”ə bildirib ki, onun partiyası TAP kəmərinin “gərəksiz ekoloji təhlükə yaratdığını” düşünür və bu kəməri İtaliya üçün gərəksiz hesab edir. Çünki İtaliyanın kifayət qədər yetərli qaz potensialı var.

TAP konsorsiumu isə bundan əvvəl bəyan edib ki, kəmərin İtaliya hissəsinin marşrutunun dəyişdirilməsi layihəni 4-5 il geri sala bilər. Kəmərin İtaliya hissəsinin tikintisinin 2020-ci ildə başa çatması və həmin il TANAP kəməri ilə nəql olunacaq qazın ildə 10 milyard kubmetrinin bu kəmərlə Avropaya nəqlinin başlaması planlaşdırılırdı. Lakin belə görünür ki, İtaliyadakı yeni hökumət kəmərin çəkilməsini ləngitməyi qarşıya məqsəd qoyub. Bu isə “Qazprom”un işinə yarayacaq. Bir neçə həftə əvvəl “Qazprom” Türkiyə ərazisindən “Türk axını” qaz kəmərinin Avropaya uzadılması barədə razılığa gəlib.

İtaliyada isə yeni hökumət səlahiyyətlərinin icrasına başlayar-başlamaz Rusiyanın xoşuna gələn bəyanatlar verməyə başlayıb. Məsələn, baş nazirin müavini Matteo Salvini bu gün Rusiyanın Romadakı səfirliyinə baş çəkib və ölkəsinin xarici siyasət kursunun kəskin dəyişəcəyini bildirib. Salvini bəyan edib ki, Rusiyaya qarşı sanksiyaların tezliklə ləğvi üçün mübarizə aparacaq və avropalı həmkarlarını da buna çağıracaq. “Sanksiyalar heç nəyi həll etmir, xüsusən də Rusiyanın beynəlxalq öhdəliklərini yerinə yetirdiyi bir vaxtda”-Salvini bildirib. O, Krımın statusu məsələsinə baxmağı da nəzərdən keçirdiklərini deyib.

Qeyd edək ki, Azərbaycan bundan əvvəl analoji vəziyyətlə Yunanıstanda üzləşib. Yunanıstanda hakimiyyətə gələn ifrat solçuların hökumətinə başçılıq edən Aleksiz Tsipras səlahiyyətlərinin icrasına başlayan kimi SOCAR-ın bu ölkənin qaz operatoru DESFA-nın səhmlərinin üçdə ikisini almaq barədə müqaviləyə yenidən baxılacağını elan etdi. Nəticədə bu sövdələşmə pozuldu. Tsiprasın hökuməti TAP kəməri üçün şərtlərə də yenidən baxılması məsələsini qaldırdı və məlumatlara görə konsorsium bir sıra güzəştlərə gedərək kəmərin çəkilməsini davam etdirdi. 

İndi isə İtaliyada yeni hökumət bu mühüm energetika layihəsini əngəlləmək xəttini seçib. Xatırladaq ki, Cənub Qaz Dəhlizinin bir hissəsi olan TANAP kəmərinin açılışı iyunun 12-də Türkiyədə olacaq.

 

BIR CAVAB BURAXIN