Baş nazir Matteo Renzi İtaliyada keçirilən konstitusiya islahatı referendumunda ağır məğlubiyyətə uğramasının ardınca istefasını elan edib.
RAI dövlət telekanalının məlumatına görə exit-poll baş nazirin islahatlarının leyhinə 42-46, əleyhinə isə 54-58 faiz seçicinin səs verdiyini göstərib.
İki başqa exit-poll da “Yox” nəticəsinin alındığını nümayiş etdirir, lakin onlarda fərq 10 faizdən çoxdur.
Matteo Renzi referendumdan əvvəl “Yox” cavabı alınarsa, istefa verəcəyini vəd etmişdi.
İtaliya referendumu bütün Avropa İttifaqı boyunca hakimiyyətlərdən narazılığın barometri hesab olunurdu.
Bu referendumda parlamentə dair islahatların taleyi həll olunsa da, əksəriyyət səsverməyə baş nazirə etimad məsələsi kimi baxırdı.
İtaliyanln populist partiyaları “Yox” nəticəsinin əldə olunması üçün təbliğat kampaniyası aparırdılar.
Hətta referendumdan əvvəl antimiqrant müxalif Şimal Liqası və Forza İtalia cənab Renizinin istefasını tələb edirdilər.
Xəbərlərə görə bu referendumda seçicilərin iştirakı son dərəcə fəal olub.
Maraqlıdır ki,İtaliyanın daha antimiqrant olan şimalında elektoratın üçdə ikisi səs verib. İtaliyanın paytaxtı daxil cənubunda fəallıq xeyli aşağı olub.
Referendumda “Yox” nəticəsi nə deməkdir?
“Yox” kampaniyasının əsas hərəkətverici qüvvəsi Beppe Grillo-nun rəhbərlik etdiyi Beş Ulduz Hərəkatı idi.
Qrup avronun İtaliyada pul vahidi kimi saxlanıb-saxlanmaması məsələsinin daha bir referenduma çıxarılmasını tələb edir.
Referendumun belə nəticə ilə bitməsi təhlilçilərin fikrincə Beş Ulduz da daxil populist partiyaların populyarlığının vüsət almasına təkan verəcək.
Təhlilçilər diqqəti belə bir məqama çəkirlər ki, Britaniyada keçirilmiş Brexit referendumunun ardınca İtaliya referendumunun nəticələri Avropa İtiifaqının sütunlarını silkələyəcək daha bir hadisə olacaq.
Fransada keçirilən seçkilər də antimiqrant ifrat sağçı Milli Cəbhənin yüksəlişini nümayiş etdirib. ABŞ-da seçkinin qalibi olmuş Donald Trump da populist şüarlarla seçilib.
Lakin İtaliya referendumunun Avropa İttifaqı üçün daha əhəmiyyətli təsirləri ola bilər, çünki ölkə avrozonanın üçüncü böyük iqtisadiyyatı sayılır.
Politoloqlar Renzinin iflası ilə böyük maliyyə böhranının başlanacağını proqnozlaşdırırlar.