İstanbul terror şübhəlisinin Mərkəzi Asiyadan olduğu ehtimal edilir

0
944

 

Türkiyədən alınan xəbərlərdə Yeni il gecəsi İstanbulun Reina klubunda qətliamı törətməkdə şübhəli bilinən şəxsin Mərkəzi Asiya əsilli ola biləcəyi bildirilir.

Reuters agentliyi xəbər verir ki, Türkiyə polisi atəş açanın təhlükəsizlik kameralarından çıxarılmış bulanıq ağ-qara fotosunu yayıb.

Hürriyet qəzetinin yazdığına görə təhlükəsizlik xidmətləri şübhəlinin Mərkəzi Asiya ölkələrinin birindən olduğunu güman edir. Bu da qeyd olunur ki, bu şəxs özünü İslam Dövləti adlandıran təşkilata bağlı ola bilər.

Təhlükəsizlik kamerasından alınmış görüntü

Təhlükəsizlik kamerasından alınmış görüntü

Türkiyə mediası polis mənbələrinə istinadən şübhəlinin Özbəkistan və ya Qırğızıstandan ola biləcəyini yazır.

Qırğızıstanın Xarici İşlər Nazirliyi şübhəlinin bu ölkədən olmasını “ağlabatan” hesab etməsə də, lazımi araşdırmaların aparılacağını vəd edib.

Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş deyib ki, hazırda şübhəlinin barmaq izləri və ümumi görünüşü təhqiq edilir.

Daha aydın görüntü

Bu arada Sky News şübhəlinin ən aydın görüntülərini əldə etdiyini bildirib. Şəbəkənin saytında yayınlanan videoda onun valyuta mübadiləsi köşkündə pul dəyişdiyi görünür.

Bu da xəbər verilir ki, basqınla əlaqədar səkkiz nəfər həbs edilsə də, əsas şübhəli onların arasında yoxdur.

Əlavə olaraq xəbər verilir ki, şübhəli bəlkə də 2016-cı ilin iyununda İstanbulun əsas hava limanına basqını təşkil etmiş özəkdəndir. Həmin basqın nəticəsində 45 nəfər həlak olmuşdu.

Türkiyə məşhurlarının və ölkənin varlı qonaqlarının xoşladığı Reina gecə klubunda basqın zamanı 600 adamın olduğu düşünülür.

Hücum zamanı güllələrdən yayınmaq istəyənlərin bəziləri Bosforun sularına atılıb. Şahidlər deyirlər ki, qatil qurbanlarını ya çox yaxın məsafədən, ya da avtomatın lüləsini onlara dayayaraq güllələyirmiş.

Ölənlərin arasında Səudiyyə Ərəbistanı, Livan, Mərakeş, Liviya, İsrail, Hindistan, Kanada və Belçika vətəndaşlarının olduğu bildirilir.

Rusiyanın bir sıra agentlikləri basqın zamanı həlak olmuş Rusiya vətəndaşı qadının əslən Azərbaycandan olduğunu bildiriblər.

BIR CAVAB BURAXIN