İstanbul polisi: “Rövşən Lənkəranski”nin qətlinə görə 4 nəfər saxlanılıb

0
1527

İstanbul polisinin Asayiş Şöbə Müdirliyi məşhur azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin (Lənkəranski) qətlinə görə 4 nəfərin saxlanıldığını təsdiqləyib.

Virtualaz.org xəbər verir ki, bu haqda “Milliyet” yazıb.

Polisdən bildiriblər ki, saxlanılanların 3-ü Azərbaycan, 1-i Türkiyə vətəndaşıdır. Azərbaycan vətəndaşlarının kimlikləri H.T., A.N, və Z.İ. göstərilir, Türkiyə vətəndaşı isə T.C. olaraq bildirilib. Polisdən bildirildiyinə görə hadisə ilə bağlı çoxyönümlü təhqiqat başladılıb və saxlanılanların ifadələri alınır. Onlara qarşı hansısa ittihamların irəli sürülüb-sürülmədiyi haqda məlumat yoxdur.

Qeyd edək ki, saxlanılanların “Rövşən Lənkəranski”ni vuran killer deyil, hadisədən əvvəl onunla birlikdə Beşiktaşdakı oteldə olan kriminal avtoritetlər olduğu haqda virtualaz.org hələ ötən gün xəbər verib. Bunlar “Rövşən Lənkəranski”nin killerlər briqadasının üzvləri  hesab edilən Hacı Talıbxanlı (Beyləqanski), Zaur Sumqayıtski və Vahid Bakinski olduğu bildirilir. Ehtimal edilir ki, İstanbul polisinin açıqlamasında da bu şəxslərdən söhbət gedir. Habelə Türkiyə mətbuatı yazıb ki, hadisə zamanı “Rövşən Lənəkəranski”nin getdiyi “Range Rover”də beynəlxalq nəqliyyat daşımaları biznesi ilə məşğul olan, Azərbaycanda otelləri olan Tahir Can adlı Türkiyə vətəndaşı da olub. O, saxlanılıb və ifadəsi alınır.

“Rövşən Lənkəranski”ni güllələyən killerlərin isə tapılması barədə hələlik məlumat yoxdur.

BIR CAVAB BURAXIN