İstənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir

0
1557

İstənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir

Prezident cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Xüsusilə Vətən müharibəsindən sonrakı dövrdə keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir. Ən diqqətçəkən məqamlardan biri də odur ki, konfrans və forumların əhatə dairəsinin genişlənməsi və iştirakçılarının sayının artması həmin tədbirlərə beynəlxalq səviyyədə marağın artdığını göstərir. Bu, həm də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasətə beynəlxalq ictimaiyyətin yüksək diqqətinin və artan marağının əyani ifadəsidir.

Noyabrın 25-də ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən konfrans da, şübhəsiz ki, bu baxımdan böyük əhəmiyyətə malikdir. Orta Dəhliz yüklərin Çindən Avropaya və Yaxın Şərqə daşınması üçün təhlükəsiz marşrutlardan sayılır. Böyük İpək yolunun yenidən canlandırılmasına yönələn bu dəhlizin əhəmiyyəti getdikcə artır. Xüsusilə də hazırda Rusiya vasitəsilə Asiyadan Avropa Birliyi (Aİ) bazarlarına məhsulların tədarükündə problemlərin yaşanması adıçəkilən nəqliyyat marşrutuna marağı gücləndirir. Bu baxımdan dəhlizin fəaliyyətinin gücləndirilməsi Qərb və Şərq arasında mühüm körpü rolunu oynayan respublikamız üçün də böyük əhəmiyyət daşıyır.

Zərdab şəhər sakini fəal gənc Cavid Məmmədov

 

 Azərbaycan cəmiyyətinin üstünlüklərindən biri onun çoxmədəniyyətli və çoxmillətli olmasıdır

Çoxmədəniyyətli cəmiyyətin nümunəsi sayılan Azərbaycan eyni zamanda müstəqil dövlət olaraq əhəmiyyətli təşəbbüsləri ilə regionda və dünyada gedən proseslərə özünün müsbət təsirini göstərməkdədir.

Bu gün dünyada gedən proseslər, əksər hallarda narahatedici situasiyalar tələb edir ki,  iqtisadiyyata və sosial həyata olduğu kimi, humanitar sahəyə də böyük diqqət ayrılsın. Dünyanın əksər ölkələrini eyni məqsəd uğrunda bir araya toplayan beynəlxalq tədbirlər məhz bu baxımdan daha aktual əhəmiyyət daşıyır. Paytaxt Bakının beynəlxalq humanitar tədbirlərə evsahibliyi də, təbii ki, təsadüfi deyildi.

Beynəlxalq humanitar forumların Azərbaycanda keçirilməsi bir daha onun təsdiqidir ki, əsrlər boyu burada multimədəniyyətli cəmiyyətlər mövcud olub. Keçirilən forumların hər biri, adlarından da göründüyü kimi, humanitar məsələlərə həsr edilib. Lakin müxtəlif mövzular arasında multikulturalizm xüsusi çəkiyə malik olub.

Forumlardan kənar bir çox yerli və beynəlxalq əhəmiyyətli mədəniyyət və incəsənət konfransları da məhz multikulturalizmi diqqət mərkəzində saxlayıb.

Respublikamızda çoxmillətlilik tarixi ənənəyə söykəndiyi üçün burada bütün etnoslar Azərbaycanı özünün doğma Vətəni saymaqdan qürur duyur. Bu şanlı ənənə zaman-zaman özünü göstərib. 20 Yanvarda, eləcə də 2020-ci ilin 44 günlük Vətən müharibəsində çoxmillətli xalqımızın bir yumruq kimi birləşərək istər imperiyanın yürütdüyü şovinizm, istərsə də Ermənistanın təcavüzkarlıq siyasətinə qarşı  aparılan mübarizədə bir daha şahidinə çevrildik.

Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkədir. Respublikamızda müxtəlif dinlərin nümayəndələri öz ayinlərini azad şəkildə icra etməkdədirlər. Onlar ölkəmizdə qarşılıqlı hörmət, anlaşma, sülh şəraitində birgə yaşayır və dövlət qurumlarında, Milli Məclisdə təmsil olunurlar. Bu da, əlbəttə, mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik dini dözümlülük mühiti, mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir.

Ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Azərbaycana gələn mütəxəssislər dini tolerantlığı universal model kimi təqdim etməkdədirlər. Bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin xidmətləri müstəsna əhəmiyyətə malikdir.

Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə respublikamızı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq, mövcud multikultural modelləri tədqiq və təşviq etmək məqsədilə Azərbaycan Prezidentinin 15 may 2014-cü il tarixli sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. 11 yanvar 2016-cı il tarixli sərəncamı ilə isə 2016-cı il “Multikulturalizm ili” elan edilib.

Vətən müharibəsində işğalçını həm də xalqımızın bu monolit birliyi, sarsılmazlığı narahat edirdi. Ona görə də döyüş və diplomatiya meydanında məğlub olan düşmən savaş günlərində sosial şəbəkədə saxta profillər yaradaraq ölkəmizdəki etnik millətlərin adından təxribat xarakterli paylaşımlar edir, bu vəhdəti, birliyi zəiflətməyə, millətlər arasında nifaq, təfriqə salmağa, ruh düşkünlüyü yaratmağa çalışırdı.

Bu da həqiqətdir ki, ölkəmizdə müxtəlif millətləri təmsil edən yüzlərlə gənc Azərbaycan Ordusu sıralarında işğalçıya qarşı azərbaycanlı, qarabağlı kimi mərdi-mərdanə mübarizə apardı, düşmənlə cəsarətlə döyüşüb, şəhid, qazi olmaqla, parlaq qələbə qazanmaqla yağının bu çirkin niyyətinin əsassızlığını sübuta yetirdi.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda Prezident İlham Əliyev ölkəmizin müəllifi və təşəbbüskarı olduğu enerji və nəqliyyat layihələrinin əhəmiyyəti, Orta Dəhlizin reallaşması perspektivləri, eləcə də regionda təhlükəsizlik məsələlərindən ətraflı bəhs edib. Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olunub.

Prezident cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev regionda yeni reallıqların müəllifidir və postmünaqişə mərhələsinin ümumi geosiyasi ab-havasının yenilənməsində əsas söz sahibidir. Həmçinin Azərbaycan diplomatiyası hər bir görüşdə müsbət məzmunlu sənədlərin qəbul edilməsində fəallıq göstərir. Azərbaycan mövcud regional geosiyasi vəziyyəti obyektiv qiymətləndirir. O cümlədən regional əməkdaşlıq, sabitlik və inkişaf üçün təşəbbüslər irəli sürür. Azərbaycan regionda kommunikasiya xətlərinin, həmçinin Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfərlə Azərbaycan münaqişənin bitdiyini elan edib. Dövlətimizin başçısı cənab İlham Əliyev hərbi əməliyyatlar bitdikdən sonra çıxışlarında qeyd edir ki, artıq münaqişə öz həllini tapıb, Azərbaycan sülh və təhlükəsizlik fonunda yeni səhifə açmağa hazırdır. Bu mənada Ermənistanın gələcəyi irəli sürülən təşəbbüslərə konstruktiv adekvat cavab verməsindən asılıdır.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı  Nicat Əhmədzadə

 

 Azərbaycan ədalətli sülh istəyir

Tariximizin yeni – Zəfər mərhələsinin başlamasından 2 il ötür. Tarix baxımdan çox qısa bir müddət olan 2 il öncə dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində öz şücaəti ilə dünyanın hərb tarixinə yeni səhifə yazdı. Erməni təxribatına cavab olaraq sentyabrın 27-də başlanan növbəti əks-həmlə 44 gündə Zəfərlə başa çatdı. Son iki onillikdə Müzəffər Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyevin səyi ilə ölkə iqtisadiyyatının gücləndirilməsi, valyuta ehtiyatlarının yaradılması, ordunun müasir texnika ilə təchiz edilməsi və diplomatiya sahəsində qazanılan uğurlar Azərbaycan Ordusunun zəfər yürüşünə başlamasına şərait yaratdı. Ərazi bütövlüyümüzü bərpa edən Azərbaycan Ordusu qəhrəman, yenilməz, məğrur xalq olduğumuzu bir daha dünyaya nümayiş etdirdi. Noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin müqəddəratını həll etdi. Noyabrın 10-da Ermənistanın baş naziri kaputilyasiya aktına imza atdı.

Regionda sülhün bərqərar olunması ehtimalına təhdid yaradan bütün təxribatlar dünyada münaqişə ocaqlarının sayının artırılmasına xidmət edir. Ermənistana dəstək göstərən və təxribatlara göz yuman ölkələr regionun inkişafını istəməyən qüvvələrdir. Azərbaycanın inkişafı və ölkəmizdə siyasi sabitliyin qorunması bütün regionun davamlı inkişafının zəmanəti ola bilər. Zəngəzur dəhlizinin açılmasını öz üzərinə öhdəlik götürən Ermənistan iki il ərzində bu öhdəliyini yerinə yetirmədi. Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respub­likası arasında yol bağlantısı hələ də yaradılmayıb.

Bir sözlə, müharibədən keçən iki il ərzində öz siyasətini davam etdirən Azərbaycan iki il ərzində böyük quruculuq işlərinə imza ataraq Qarabağı və Şərqi Zəngəzuru faktiki olaraq yenidən qurmaqla qalmamış, eyni zamanda, Ordumuzun gücləndirilməsi istiqamətində böyük işlər görülmüşdür. Erməni xalqı obyektiv həqiqəti anlamalıdır. Anlamalıdır ki, Azərbaycan müharibə istəmir, sülh istəyir – ədalətli sülh istəyir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

 

Azərbaycan bütün qonşularla sülh və dostluq münasibətlərinin qurulmasını istəyir

Bu gün Azərbaycanın Cənubi Qafqaz regionundan keçən beynəlxalq nəqliyyat layihələrində aparıcı rolu bütün iştirakçı ölkələr və beynəlxalq təşkilatlar tərəfindən birmənalı olaraq təsdiq olunub. Bunu təmin edən əsas amillərdən biri əlbəttə ki, ölkəmizin coğrafi mövqeyidir. Belə ki, Azərbaycanın Avropa ilə Asiyanın arasında yerləşməsi bizim coğrafi mövqeyimizin böyük üstünlüyüdür. İki qitənin ortasında yerləşmə sözsüz ki, Azərbaycana bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Lakin əlverişli coğrafi mövqe yalnız iqtisadi və siyasi cəhətdən müstəqillliyi olan ölkələrə üstünlük verə bilər. Məhz bu baxımdan da Azərbaycanın beynəlxalq layihələrdə aparıcı rolunu təmin edən ən önəmli amil kimi, müstəqilliyimizi təmin edən uğurlu daxili və xarici siyasət kursu qeyd olunmalıdır. Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi bu siyasət kursu Azərbaycanı ötən illər ərzində Cənubi Qafqazın lider dövlətinə çevirmiş, ölkənin ərazi bütövlüyünün bərpasını və beynəlxalq mövqelərinin möhkəmlənməsini təmin etmişdir.

Azərbaycan atdığı bütün addımlarda Beynəlxalq hüquq və normalara sadiqlik göstərir. Münaqişə çərçivəsində olan bütün problemli məsələlərin güc tətbiq etmədən BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə etməklə həll olunmasının tərəfdarıdır. Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işləri fəal aparılmalıdır. Ermənistanın revanşist siyasəti bütün region üçün təhdid yaradır. Ermənistanın nümayiş etdirdiyi bu mövqeyinə qarşı beynəlxalq təşkilatlar öz qəti duruşunu göstərməlidir. “Sülh” ali və ümumbəşəri dəyər olduğu üçün beynəlxalq təşkilatlar, habelə beynəlxalq ictimaiyyət rəsmi İrəvanını sülhə çağırmalıdır. Ermənistanın təxribatları və revanşist cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalı, habelə rəsmi İrəvandan beynəlxalq normalara riayət edilməsi tələb olunmalıdır.

Rəsmi İrəvanın təxribatları regionda yeni münaqişə və terror aktlarının ehtimalını artırır. Regionda sülhün bərqərar olunması ehtimalına təhdid yaradan bütün təxribatlar dünyada münaqişə ocaqlarının sayının artırılmasına xidmət edir. Regionda sülhün gətirəcəyi bütün yeniliklərin üzərinə qara kölgə kimi örtülür.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Vüsal Rəhimov

 

 

İki ildən az müddət bundan əvvəl Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik boru kəməri tamamlanıb

Son dövrlər ölkəmiz çox böyük iqtisadi layihələrə imza atıb. Bu layihələrin uğurla həyata keçməsinin əsas amillərindən biri ölkəmizdə hakimiyyət – xalq birliyi səbəbindən mövcud olan sabitlikdir. Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu Prezident cənab İlham Əliyevin həyata keçirdiyi daxili siyasət nəticəsində yaranmışdır. Prezident cənab İlham Əliyevin uğurlu,  müdrik siyasəti, peşəkar diplomatik bacarığı nəticəsində Azərbaycan bir çox dövlətlərlə iqtisadi,  siyasi sahələrdə dost münasibətlər qurmuşdur ki, bunun da sayəsində ölkəmizin güclü dövlətə çevrilməsi reallaşmışdır. Hazırda kəskin enerji böhranının yaşandığı Avropada Azərbaycan qazına tələbat sürətlə artır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin noyabrın 25-də “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” adlı beynəlxalq konfransda dediyi kimi, Rusiya ilə Ukrayna arasında müharibə başlayandan sonra qaz tədarükünün ya artırılması, ya da başladılması ilə bağlı Avropanın 10-dan çox ölkəsindən müraciətlər daxil olub. Bu gün Azərbaycandan təqribən 22 milyard kubmetr qaz ixrac edilir ki, bunun da 50 faizindən çoxu Avropa ölkələrinə gedir. Hazırda Azərbaycan qazının tədarükü artıq imzalanmış müqavilələr əsasında həyata keçirilir və bu müqavilələrdə konkret həcmlər göstərilir. Bazarda artan tələbatı ödəmək üçün qaz hasilatını artırmaq lazımdır ki, bu da yeni razılaşmalar olmadan mümkün deyil. Azərbaycanın “Abşeron”, “Ümid”, “Babək”, “Asiman”, “Şəfəq” və digər yataqlardan qaz hasilatını artırmaq üçün böyük potensialı var.

Azərbaycan qazının tədarük coğrafiyasını genişləndirmək üçün əlavə boru kəmərlərinin tikintisi tələb olunur ki, onlardan biri Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) 2022-ci il oktyabrın 1-də istifadəyə verilib. Bu infrastrukturun işə salınması sayəsində Bolqarıstanda qazın topdansatış qiyməti birbaşa 34 faiz ucuzlaşıb. Bu, Azərbaycan qazının tədarükünün ehtiyacları ödəməkdən əlavə, bazarda rəqabəti necə artırdığının və bununla da hazırda Avropa istehlakçısı üçün çox vacib olan qiymətlərin aşağı düşməsinə töhfə verdiyinin bariz nümunəsidir.

Bolqarıstan və Serbiya arasında interkonnektorun 2023-cü ildə işə salınması planlaşdırılır ki, bu da Serbiyaya Azərbaycan qazına çıxış əldə etməyə imkan verəcək. Albaniya da Azərbaycan qazının idxalında maraqlı olan ölkələr sırasındadır və hazırda Trans-Adriatik boru kəmərinin tranzit ölkəsidir. Həmçinin TAP-a qoşulmalı və qazı Bosniya və Herseqovina, Monteneqro, Xorvatiyaya çatdırmalı olan İon-Adriatik boru kəməri də diqqət mərkəzindədir. Macarıstan, Şimali Makedoniya və enerji çatışmazlığı probleminə daha həssas olan digər ölkələr də Azərbaycan qazına maraq göstərirlər.

Amma Azərbaycan qazının Avropaya tədarükünü artırmaq üçün həllini tapmalı olan ən mühüm məsələ, təbii ki, Cənub Qaz Dəhlizinin buraxılış imkanlarının genişləndirilməsidir. Beləliklə, Azərbaycanın Avropaya daha çox qaz tədarük etmək və qitənin enerji təhlükəsizliyini təmin etmək potensialı və arzusu var. Avropa ölkələri də, göründüyü kimi, etibarlılığını dəfələrlə sübut etmiş ölkəmizlə tərəfdaşlıq əlaqələrini genişləndirməyə çalışır. Amma arzu olunanı reallığa çevirmək üçün artıq konkret addımlarla dəstəklənən substantiv kommersiya danışıqlarına ehtiyac var, çünki qaz hasilatının artırılması və mövcud infrastrukturun genişləndirilməsi də müəyyən vaxt tələb edir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova

 

 

Azərbaycan TAP-da yalnız 20 faiz paya sahibdir

Trans Adriatik Boru kəməri ümumi layihə dəyəri 40 milyard ABŞ dolları olan və “Əsrin Müqaviləsi” əsasında formalaşan “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsidir. İnfrastrukturun tikintisinin başa çatması ilə “Cənub Qaz Dəhlizi” layihəsinin də tam olaraq icrası həyata keçiriləcək. TAP-ın kommersiya fəaliyyətinə keçid etməsi ilə Azərbaycan Avropa bazarına ilkin mərhələdə 10 milyard kubmetr, daha sonra isə 20 milyard kubmetrə qədər qaz nəqlini həyata keçirəcək.

Bu layihə həm Azərbaycan, həm də region üçün çox böyük önəm kəsb edir.

Layihə ilə bağlı hazırda hamını maraqlandıran məsələ TAP-ın kommersiya əməliyyatlarına başlamasıdır. Noyabr ayının ortalarında artıq TAP-ın İtaliyanın qazpaylayıcı şəbəkəsinə qoşulması başa çatdı və kommersiya fəaliyyətinə keçid reallaşdı. TAP-ın kommersiya fəaliyyətlərinə başlaması, şirkətin qaz daşıyıcılarıyla imzaladığı sazişlərin şərtləri çərçivəsində müvafiq qaz həcminin Avropa bazarına nəqlinə hazır olduğu anlamına gəlir. Nəql ediləcək qazın həcmi isə satıcı ilə alıcı arasında imzalanmış müvafiq sazişlərdəki kommersiya razılaşmaları ilə tənzimlənəcək.

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilova

 

 

Zəngilan hava limanı mühüm əhəmiyyətə malikdir

Azərbaycan və Türkiyə Prezidentləri Zəngilan Beynəlxalq Hava Limanının açılışını etməklə bir daha beynəlxalq aləmə göstərdilər ki, Zəngəzurun açarı sahiblərindədir.

Zəngilan rayonunun işğaldan azad olunmasının ikinci ildönümü çox əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının PrezidentRəcəb Tayyib Ərdoğan  iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub.

İki qardaş və dost dövlətin prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsdikdən sonra Zəngilan Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib. Qeyd edək ki, bu, işğaldan azad olunan ərazilərdə bir il ərzində Füzulidəki hava limanından sonra açılışı olan ikinci beynəlxalq statuslu aeroportdur. Üçüncü hava limanı isə hazırda Laçın rayonunun ərazisində inşa olunur.

Zəngilan hava limanının təməli 2021-ci il aprelin ayının 26-da Prezident cənab İlham Əliyev tərəfindən qoyulub. Uçuş-enmə zolağının uzunluğu 3 min metr olan Zəngilan Hava Limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanına malik olacaq. Qeyd edək ki, rayonun coğrafi yerləşməsi və burada olan imkanlar Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün əlverişli şərait yaradır. Bundan əlavə, bu hava limanı Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafında böyük rol oynayacaq. Bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturunu da gücləndirəcək.

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli

 

 Din dövlətdən ayrı olmalıdır

Azərbaycan islam ölkəsidir, eyni zamanda dünyəvi dövlətdir. Konstitusiyamıza əsasən, din dövlətdən ayrıdır. Yəni dövlət idarəçiliyi və qanunvericiliyi dini prinsiplərə əsaslanmır. Amma bu dövlətin dinə qarşı olduğu anlamına da gəlmir. Qanunla hər kəsə öz iradəsiylə istədiyi dini seçməyə və azad şəkildə ibadət etməyə icazə verilir. Lakin diqqətə alınmalı mühüm məqamlar da var. Belə ki, ölkəmizdə dini ayrı-seçkiliyi, radikalizmi və s. təbliğ edən dini icmaların və cərəyanların fəaliyyəti qadağandır.

Azərbaycan vətəndaşlarının 90 faizindən çoxu müsəlmandır. Azərbaycan dövləti tərəfindən islam dininin bayramları olan Qurban və Ramazan milli bayramlar olaraq qəbul edilib və bu bayram günləri rəsmi olaraq qeyri-iş günü elan olunub. Bundan başqa, bir neçə tarixi əhəmiyyətli məscid dövlətin maliyyə dəstəyilə bərpa olunub. Din insanların mənəvi ehtiyacıdır. Hazırda dünyada, xüsusilə də Qərb dövlətlərində islam dininə maraq gündən-günə artmaqdadır.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Aişə Hacızadə.

 

 İkinci Qarabağ müharibəsi zamanı təxminən 3 min şəhid verdik

27 sentyabr 2020-ci il Azərbaycanın tarixində, qəhrəmanlıq salnaməsində yeni səhifə açdı. Bu səhifə Azərbaycan əsgərinin şücaəti, zəfər yürüşü, Ordumuzun Vətən uğrunda savaşı ilə yazıldı. O gün Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu Vətən uğrunda ölüm-dirim savaşına qalxdı. O gün Silahlı Qüvvələrimiz bütün dünyanın suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün müqəddəs döyüşə başladı. Düşmən tapdağında qalan el-obamızı kafir caynağından qurtarmaq, üçrəngli müqəddəs bayrağımızı azad olunmuş yaşayış məntəqələrində dalğalandırmaq üçün başlayan bu yürüş hamının ürəyindən soraq verdi.

Ali Baş Komandan cənab İlham Əliyevin haqq mübarizəsinə başlamaq əmri xalqın sevincinə, coşqusuna səbəb oldu, qürurla qarşılandı. Elə ilk gündən düşmən üzərində qazanılan hərbi uğurlar xalqımızın qələbə ovqatını daha da artırdı. Bütün xalq öz rəhbəri ətrafında sıx birləşdi. Minlərlə igid, cəsur oğullarımız mənfur düşmənlə vuruşmaq üçün səfərbərlik şöbələrinə axışdı. Dövlət-xalq, xalq-dövlət bir yerdə oldu, barmaqlar dəmir yumruqda birləşib düşmənin başına endirilən sarsıdıcı zərbəyə çevrildi. Qələbəyə doğru inamla irəliləyən mərd, qorxmaz əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını, canlı qüvvəsini darmadağın etdi, kəndlərimizi, strateji yüksəklikləri sürətlə düşməndən təmizlədi. Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. 44 gün ərzində Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavəndin böyük hissəsini, Laçın rayonunun kəndləri daxil olmaqla 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu. Üçrəngli şanlı bayrağımız yenidən doğma torpaqlarımızda ucaldıldı. 8 noyabrda Qarabağın tacı sayılan Şuşa şəhəri erməni işğalçılarından azad edildi. Bu gün Azərbaycan tarixinə Qələbə günü kimi düşdü. 2 gün sonra – 10 noyabr gecəsi Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev doğma xalqını böyük zəfər xəbəri ilə müjdələdi.

Vətən müharibəmiz şanlı Qələbə ilə tariximizin ən parlaq səhifələrinə qızıl hərflərlə həkk olundu. 30 illik yurd həsrətimiz, Qarabağ nisgilimiz sona yetdi, məcburi köçkünlərimiz qəribçilikdən qurtularaq doğma el-obalarına qovuşdular. Bu möhtəşəm qələbəni, hədsiz sevinci, böyük xoşbəxtliyi Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. “Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan 44 günlük Vətən savaşı ərzində əsgərlərimizin hər biri öz şücaəti ilə qəhrəmanlıq dastanı yazdı. Canlarını Vətənə sipər edərək, qanlarını qurban verərək bayrağımızı zirvələrdə dalğalandırmaq naminə bizi zəfərlə müjdələdilər.

Zərdab rayon Həsən bəy Zərdabi Muzeyinin əməkdaşı Leyla Əliyeva