Üç gündür aramsız yağan leysan xarakterli yağışlar İsmayıllıda fəsadlara yol açıb.
“Qafqazinfo” Region TV-ə istinadən xəbər verir ki, yağış suları evlərin zirzəmisinə, tövlələrə dolub, kənd təsərrüfatına ziyan vurub. Vəziyyət şəhərin Mübariz Orucov və Nizami Gəncəvi küçələrinin kəsişməsində, Babadağ və Heydər Əliyev prospektlərində daha qabarıq yaşanıb.
Rayonda kanalizasiya sistemlərinin və su ötürücülərinin düzgün qurulmaması və tam istifadəyə verilməməsi çirkablı suların küçələri basması ilə nəticələnib. Arxlar daşaraq yolları basıb, gediş-gəlişdə çətinliklər yaranıb. Yaranan problemi aradan qaldırmaq üçün aidiyyatı qurumlar tərəfindən tədbirlər görülür.