İsmət Abbasov dövlətin 100 milyonlarını belə talayıb

0
806

Sabiq kənd təsərrüfatı naziri və baş nazirin müavini İsmət Abbasovun oğlunun Avropadakı biznes imperiyasına dair məlumatlar cəmiyyətin ciddi narazılığına səbəb olub. İnsanlar qeyri-neft sektorunun əsas inkişaf istiqaməti olaraq seçilən aqrar sahəyə rəhbərlik etmiş bir məmurun övladının on milyonlarla dollarlıq sərvətə necə yiyələndiyini müzakirə edirlər.

Əsas gəlir mənbəyi – “Aqrolizinq”

Qeyd edək ki, İ.Abbasov 2004-2013-cü illərdə kənd təsərrüfatı naziri, 2013-2018-ci illərdə isə baş nazirin müavini işləyib. Onun nazir təyinatı cəmiyyətdə, elə KTN-in özündə bir xeyli razılıqla qarşılanmışdı. Xüsusilə KTN-dəki mütəxəssislər elm adamı saydıqları İ.Abbasovun aqrar sahəyə rəhbərliyinin ölkə və elə sahənin özü üçün böyük nailiyyətlər gətirəcəyini düşünürdülər. Lakin 9 illik nazirliyi dövründə İ.Abbasov aqrar sahədə hansısa ciddi irəliləyişə nail olmadı. İllər sonra isə aydın oldu ki, çoxlarının sadə elm adamı kimi tanıdığı, qəbul etdiyi sabiq nazir kreslosundan aqrar sahənin deyil, ailəsinin çiçəklənməsi üçün məharətlə faydalanıb…

Bu barədə etibarlı mənbələrdən redaksiyamıza daxil olan məlumata görə, İ.Abbasovun maliyyə çiçəklənməsi  “Aqrolizinq” ASC-nin 2009-cu ildə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilməsindən sonra başlayıb: “Kənd Təsərrüfatı Nazirliyinin müasir texnologiya əsasında inkişafını təmin etmək, fermerlərin maşın və avadanlıqlara, gübrələrə olan ehtiyacını ödəmək üçün külli miqdarda dövlət vəsaiti ayrılıb. 2009-2013-cü illərdə 10 hektarlarla müasir tipli tərəvəzyetisdirmə istixanaları ”Aqrolizinq”in vəsaiti hesabına tikilib, sahibkarlara icarəyə verilib. Bir hektar ən müasir istixananın tikilib istifadəyə verilməsi 450-500 min manat olduğu halda, bunu 1 milyon 300 min manata sənədləşdirib, sahibkarlara veriblər. Başqa sözlə desək, hər hektardan 800 min manat mənimsənilib və sahibkara yüklənib. Bu yanaşma İsmət Abbasovun nazir olduğu dövrdə “Aqrolizinq”in bütün əməliyyatlarında: maşın-texnika alınmasında, soyuducuların tikilib sahibkarlara verilməsində və gübrə satışında tətbiq olunub”.

İsmət Abbasov ile ilgili görsel sonucu

Xüsusi olaraq qeyd edək ki, “Aqrolizinq” uzun illər boyu korrupsiya, dövlət vəsaitlərinin talandığı əsas qurumlardan biri olub. Bu qurumda aparılan yoxlamalar bir qayda olaraq böyük mənimsəmə və qanunsuzluqların aşkarlanması ilə nəticələnib.

Məsələn, 2010-cu ildə “Aqrolizinq”də Prezident Administrasiyası tərəfindən aparılan yoxlamaların nəticələrini əks etdirən məlumat açıqlanmışdı. Həmin məlumatdan aydın olur ki, 2008-2009-cu illərdə qurumda korrupsiya, dövlət vəsaitlərini mənimsəmə, dövlət əmlakını talama kimi hallar geniş yayılıb.

2013-cü ilin oktyabrında kənd təsərrüfatı naziri dəyişdikdən, nazir vəzifəsinə Heydər Əsədov gəldikdən sonra “Aqrolizinq” ASC-də Hesablama Palatası ciddi yoxlamalara başladı. Yoxlamaların nəticəsi olaraq Palatanın açıqladığı məlumatdan aydın oldu ki, ASC-də ciddi qanunsuzluqlar aşkarlanıb. Məlumatda bildirilirdi ki, qurumda büdcə vəsaitlərindən qanunsuz istifadə, büdcə öhdəliklərinin icra edilməməsi, iş həcmlərinin artırılması, borcların uçotdan yayındırılması və digər maliyyə pozuntularına yol verildiyi nəzərə alınaraq, nəzarət tədbiri üzrə yoxlama materiallarını Baş Prokurorluğa göndərmək qərara alınıb.

Ä°lgili resim

Məlumat yayıldıqdan az sonra “Aqrolizinq” ASC-nin sədri Əli Bayramovun öz ərizəsi ilə işdən getdiyi məlum oldu. Eyni zamanda qurumun bir neçə rayon şöbəsinin rəisi işdən qovuldu, barələrində cinayət işləri qaldırıldı. “Aqrolizinq” ASC-də dövlət büdcəsindən ayrılan vəsaitlərin talanması ilə bağlı Hesablama Palatasının üzə çıxardığı faktlar isə Baş Prokurorluqda araşdırılmağa başlandı. ASC-nin Şəki rayon Regional Aqroservis və Təchizat bazasının müdiri həbs edildi. Bundan sonra qurumun müxtəlif rayonlar üzrə filiallarında ciddi qanunsuzluqların aşkarlandığına dair məlumatlar yayıldı, həbslər aparıldı. Ancaq nə qədər qəribə də olsa, nə Əli Bayramov, nə də onun tabe olduğu İ.Abbasov istintaqa cəlb olunmadı. 

İ.Abbasovun nazir olduğu dönəmdə “Aqrolizinq” vasitəsilə həyata keçirilən xərcləmələrin məbləği dodaq uçurur. Rəsmi məlumatlara əsasən, 2005-2013-cü illərdə “Aqrolizinq” ASC tərəfindən 274,45 milyon manat dəyərində 17304 ədəd kənd təsərrüfatı texnikası alınıb. 156,75 milyon manat dəyərində 11370 ədəd kənd təsərrüfatı texnikası, o cümlədən 314 ədəd taxılyığan kombayn, 3991 ədəd traktor, 108 ədəd ekskavator və 6957 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikası 6536 nəfər hüquqi və fiziki şəxsə lizinqə verilib və ya lizinq yolu ilə satılıb.

İsmət Abbasov ile ilgili görsel sonucu

2005-2013-cü illərdə “Aqrolizinq” ASC tərəfindən 133,3 milyon manat dəyərində 151 dəst texnoloji avadanlıq, o cümlədən 17 dəst istixana, 19 dəst damcılı suvarma sistemi, 19 dəst quşçuluq və 96 dəst müxtəlif təyinatlı texnoloji avadanlıqlar, soyuducu kameralar üçün komplektləşdirici məmulatlar alınıb.

Qeyd olunan dövrdə təkcə kənd təsərrüfatı istehsalçıları üçün mineral gübrələrin alınmasına 121,15 milyon manat sərf olunub.

“Aqrolizinq”də mənimsəmə imkanları bunlarla bitmir. Belə ki, 2009-2013-cü illər ərzində Prezidentin Ehtiyat Fondundan ASC-yə ayrılmış 29,8 milyon manat büdcə və cəmiyyətin 5,85 milyon manat təkrar istifadə vəsaitləri hesabına 35,65 milyon manat dəyərində 10590 baş damazlıq iribuynuzlu və 2120 baş xırdabuynuzlu heyvan alınıb gətirilərək dəyərinə 50 faiz güzəştlə 3 il müddətinə kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinq yolu ilə satılıb.

Bundan əlavə, 2009-cu ildən etibarən “Aqrolizinq” ASC regionlarda logistik gübrə bazaları tikməyə başlayıb. 2012-ci ilədək Şəki, Sabirabad, Cəlilabad, Bərdə, Xaçmaz və Şəmkir rayonlarında belə bazalar tikilib. Buna nə az, nə çox – 15 milyon 294.4 min manat vəsait sərf olunub.

Ümumilikdə, hökumətin hesabatından aydın olur ki, “Aqrolizinq” 2005-2017-ci illərdə texnika, avadanlıq və mineral gübrələrin alınması üçün 1,5 milyard manatdan çox vəsait əldə edib. Bu vəsaitlərin əhəmiyyətli hissəsi İ.Abbasovun nazir olduğu dövrdə xərclənib. İ.Abbasov bütün bu alqı-satqıları qeyri-şəffaf şəraitdə, “Dövlət satınalmaları haqqında” Qanunun tələblərini nəzərə almadan, yaxud formal olaraq nəzərə almaqla həyata keçirib. Bu qaranlığın nəticəsi isə onun vəliəhdinin Avropadakı varidatının mənbəyini çox açıq göstərir…

İsmət Abbasov ile ilgili görsel sonucu

Kəndlidən oğurlanıb Avropaya daşınan milyonlar

İ.Abbasovun nazirlik dönəmində “qaz vurub” doldurduğu qazanın səsi isə Avropadan gəlir. Belə ki, araşdırmaçı-jurnalist Cavançir Həsənlinin aşkara çıxardığı faktlar sabiq nazirin əldə etdiyi varidatın bir qismini əhatə edir. Araşdırmadan məlum olur ki, 2018-ci ildə vəzifədən uzaqlaşdırıldığı ərəfədə İ.Abbasov ölkədən nə az, nə çox – 11 milyon funt sterlinqdən (14 milyon dollardan artıq) çox pul çıxarıb: “O pullar İngiltərədə, oğlu Yunis Abbasova aid Y.A. PROPERTY INVESTMENTS LIMITED şirkətinə yatırılıb. 1985-ci il mart təvəllüdlü Yunis Abbasov sözügedən şirkəti hələ 2009-cu ilin noyabrın 8-də 07069377 saylı şəhadətnamə ilə qeydiyyatdan keçirib. Y.A. PROPERTY INVESTMENTS LIMITED-in adı Yunis Abbasovun ad və soy adlarının baş hərflərini ifadə edir və daşınmaz əmlak alışı, icarəsi ilə məşğuldur”.

Y.Abbasov hələ atası nazir olduğu vaxt İngiltərə vətəndaşlığını alıb. 2018-ci il martın 31-də təqdim olunmuş maliyyə hesabatına görə, keçmiş nazirin oğlunun şirkətinin mal varlığı 16 milyon 756 min 802 funt sterlinq və ya 21 milyon dollar dəyərindədir. Sənədə görə, cəmi 1 il ərzində şirkətin aktivlərində 11 milyon funt sterlinqdən çox artım olub. 2017-ci ildə bu rəqəm 5 milyon funt sterlinq təşkil edib.

Y.Abbasov da keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov kimi Londonun bahalı məhəllələrindən birində, Temza çayının sahilindəki villasında yaşayır, yaxta sahibidir.

Y.A. PROPERTY INVESTMENTS LIMITED-dən əlavə Y.Abbasov Londonda KAY INVESTMENTS LIMİTED (qeydiyyat nömrəsi 07174206) adlı şirkət də açıb. Şirkət Londonda Aston House Cornwall Avenue-də fəaliyyət göstərib və daşınmaz əmlak biznesi ilə məşğul olub, bir il sonra qapadılıb. KAY INVESTMENTS LIMİTED şirkətinin qeydiyyatından cəmi bir həftə sonra, 2010-cu il martın 9-da sabiq nazirin oğlu Londonda 3-cü şirkətini – AIA LONDON LİMİTED (qeydiyyat nömrəsi 07182105) şirkəti açıb. Bu şirkət də Aston House Cornwall Avenue Finchley ünvanında fəaliyyət göstərib.

Aydın məsələdir ki, Londonda aşkarlanan vəsaitlər İ.Abbasovun əldə etdiklərinin bir qismini təşkil edir. Özü də çox kiçik bir qismini. Araşdırmalar dərinləşdirilərsə, ata-oğul Abbasovların Avropanın digər ölkələrində, eləcə də ofşor zonalarda da on milyonlarla dollarlıq biznesi aşkarlana bilər…

TURQUT,
“Yeni Müsavat”