İslam dininə üçlü yanaşma: Mühafizəkarlıq, Dünyəvilik, Millilik (III yazı)

0
827

Faiq ƏLƏKBƏRLİ (QƏZƏNFƏROĞLU), AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

XIX əsrdə İslam dini və Şərq mədəniyyətinin mötədil-yenilikçi və mühafizəkar davamçıları ilə yanaşı, İslam-Şərq mədəniyyətinə daha çox tənqidi yanaşmağa başlayan, hətta onu köklü surətdə dəyişdirmək istəyən və bu yolda Qərb-Avropa mədəniyyətini örnək kimi görən Azərbaycan Türk mütəfəkkirləri də olmuşdur. Hesab etmək olar ki, həmin dövrdə Qərb-Avropa mədəniyyətinə meyillik məsələsində İslam-Şərq mədəniyyətinin geriliyi, dini xurafat və mövhumatın özünün son həddinə çatması xeyli dərəcədə təsir göstərmişdir. Beləliklə, Azərbaycan Türk mütəfəkkirləri arasında riyakar ruhaniləri ittiham edib despotik idarəçiliyi pisləyənlər, bu zaman istər-istəməz inkişaf yolunu tutmuş Qərb mədəniyyətinə müəyyən qədər meyil göstərirdilər. İslam-Şərq mədəniyyəti və bu areala aid xalqların düşdüyü cəhalətdən, gerilikdən qurtulması yolunda həm təmsil olunduqları mədəniyyətə yanaşma tərzində, həm də bu məsələdə Qərb-Avropa mədəniyyətinə münasibətdə ikili xəttin inkişaf etdiyini görürük: 1) İslam-Şərq mədəniyyətinin əsas təməl sütunlarını saxlamaqla yanaşı, Qərb-Avropa mədəniyyətinin mütərəqqi yeniliklərindən yararlanmaq istəyənlər, 2) İslam-Şərq mədəniyyətinin əsas təməl prinsiplərində radikal, köklü dəyişikliklər edib bu yolda Qərb mədəniyyətini birmənalı şəkildə örnək kimi görənlər. Hesab edirik ki, İslam-Şərq mədəniyyətinin əsas təməl sütunlarını saxlamaqla yanaşı, Qərb-Avropa mədəniyyətinin tərəqqipərvər yeniliklərindən yararlanmaq istəyənlər (M.Ş.Vazeh, M.Ağa Təbrizli, N.Vəzirov və b.), İslam-Şərq mədəniyyətinin mötədil-yenilikçi-azad ruhlu (A.A.Bakı-xanov, Nəbati, İ.Qutqaşınlı və b.) qanadına yaxın olmuşlar. Sadəcə, onlar arasında əsas fərq odur ki, mötədil-yenilikçi-azad ruhlu mütəfəkkirlərimiz gerilikçi-sxolastik-ehkamçı “islam fəlsəfəsi”ni qəbul etməməklə yanaşı Qərb mədəniyyətinə az da olsa, maraq göstərmiş, ancaq Avropa dəyərlərinin İslam-Şərq dəyərləri ilə uzlaşa biləcəyinə inanmamışlar. Bakıxanov, Qutqaşınlı, Nəbati və başqa mötədil-yenilikçi-azad ruhlu aydınlarımızla müqayisədə M.Ş.Vazeh, M.Ağa Təbrizli, N.Vəzirov və başqa mütəfəkkirlərimiz isə bu məsələlərə münasibətdə nisbətən, həm Qərb mədəniyyətinə bir az meyilli olmuşlar, həm də İslam-Şərq mədəniyyətinin tənqidində də bəzən daha radikal təsir bağışlamışlar. Əlbəttə, bu, onların heç vaxt İslam-Şərq-Türk mədəniyyətini inkar etməsi anlamına gələ bilməz. Hər halda Sovetlər Birliyi dövründə mümkün olduğu qədər, Qərb mədəniyyətinə bir az meyillikləri ya da İslam-Şərq mədəniyyətinə aid bəzi məsələlərə yeri gələndə sərt mövelerindən, baxışlarından dolayı az qala onları materialist mütəfəkkir kimi qələmə verənlər tapılmışdır. Hətta, Sovetlər Birliyi dövründə bəzi müəlliflər yazırdılar ki, bu cür mütəfəkkirlərin Qərb mədəniyyətinə meyil göstərib, üstəlik İslam-Şərq mədəniyyətini də ciddi şəkildə tənqid etdikləri halda, sonuncunun əsas təməl prinsiplərindən imtina etməmələri başa düşülən deyildir. Bizcə, burada anlaşılmayan heç bir məsələ yoxdur. Belə ki, M.Ş.Vazeh, Q.Zakir, M.Ağa Təbrizli, Z.Marağayi və onların dünyagörüşlərinə yaxın başqa mütəfəkkirlərimizin əsas istəkləri İslam-Şərq və Türk mədəniyyətindən imtina edib “mütərəqqi Qərb-Rus mədəniyyətinin” qoyununa atılmaq deyil, təmsil olunduqları mədəniyyətin və onun bir parçası olan xalqın düşdüyü tənəzzüldən qurtulub tərəqqiyə qovuşması üçün çıxış yolları aramaq idi. Bu anlamda Quzey Azərbaycanda M.Ş.Vazehin, Q.Zakirin, N.Vəzirovun eyni zamanda, Güney Azərbaycanda Abbas Mirzənin, M.Ağa Təbrizlinin, M.Rüşdiyyənin və başqalarının İslam dininin və Şərq-Türk mədəniyyətinin əsas təməl prinsiplərindən uzaqlaşmamaqla son əsrlərdə ön plana çıxan gerilikçi-ehkamçı-sxolastik “İslam mədəniyyəti”ni, “İslam fəlsəfəsi”ni bir az da sərt şəkildə tənqid etmələri, üstəlik bu məsələlərdə Qərb mədəniyyətinin Şərq-İslam mədəniyyətinə heç də zidd olmayan müsbət cəhətlərindən yararlanmaq istəkləri təbii idi. Məsələn, biz M.Ş.Vazehin, N.Vəzirovun, M.A.Təbrizlinin dünyagörüşlərini dərindən təhlil etdikdə görürük ki, onlar bir tərəfdən ehkamçı-sxolastik-gerilkçi-məzhəbçi “İslam mədəniy¬yəti” fəlsəfəsindən uzaqlaşıb Qərb dünyasında olduğu kimi dünyəvi elmlərin, tərəqqipərvər-yenilkçi cərəyanların, müsbət dəyişikliklərin öyrənilməsinin tərəfdarı olduqları halda, digər tərəfdən İslam dininin əsas sütunlarını və Şərq-Türk mədəniy¬yətinə aid dəyərli adət-ənənələri əsasən, daima müdafiə etmişlər. Bizcə, 19-cu əsrdə ehkamçı-sxolastik-gerilkçi-məzhəbçi “İslam mədəniyyəti”ndən tamamilə uzaqlaşıb yaşadığı dövrdə Qərb dünyasında olduğu kimi, dünyəvi elmlərin və mütərəqqi dəyişikliklərin öyrənilməsinin tərəfdarı olub, ümumilikdə isə İslam dininin və Şərq-Türk mədəniyyətinin əsil prinsiplərindən heç bir zaman uzaqlaşmayan mütəfəkkirlərmizdən biri Mirzə Şəfi Vazeh olmuşdur. Ancaq Sovetlər Birliyi dövründə Vazeh az qala materialist filosof elan olunub, İslam dininə düşmən kimi göstərilməyə çalışılmışdır. Eyni zamanda XIX əsrdə Azərbaycan Türk mütəfəkkirlərindən Nəcəf bəy Vəzirov (1854-1926) da gerilkçi-sxolastik “milli-dini adət-ənənələri” tənqid etsə də, bütövlükdə mütərəqqi İslam-Şərq mədəniyyətini inkar etməmiş, dövrünün yeniləşmə prosesinə də bu yöndən yanaşmışdır (Vazeh və N.Vəzirov haqqında ayrı-ayrılıqda bəhs etmişik). Azərbaycan Türk mütəfəkkiri Mirzə Ağa Təbrizli (1829/1830-1915) Təbrizdə dünyaya gəlmiş, burada dini məktəbdə təhsil almışdır. Bir müddət Tehran Universitetində dərs verən Mirzə Ağa Təbrizli Qacarlar dövlətinin məmuru kimi İstanbul, Bağdad, Hələb və digər şəhərlərdə səfirlik nümayəndəsi, Tehranda Fransa səfirliyində mütərcim və münşi kimi vəzifələrdə işləmişdir. Tehranda darülfünunda müəllimlik etdiyi dövrdə «Risaleyi-əxlaqiyyə» («Əxlaq haqqında risalə») adlı bir əsər yazmışdır. Bu kitab dərslik və müəllimlər üçün metodik vəsait kimi, Azərbaycan Türk maarifinin tarixində əhəmiyyətli yer tutur. O, M.F.Axundovun komediyalarının təsiri altında 1871-ci ildə özünün dörd pyesini yazmaqla bu janrın Güney Azərbaycanda, ümumən Qacarlarda ilk nümunələrini yaratmışdır. Belə ki, Təbrizi M.F.Axundovun realist ənənələrinin təsiri ilə fars dilində «Ərəbistan hakimi Əşrəf xanın sərgüzəşti», «Zaman xanın Bürccürddə hakimliyi», «Xabcali», «Ağa Haşımın eşqbazlığı» və «Şahqulu Mirzənin Girmanşahda sərgüzəşti» komediyalarını yazmışdır. Məsələn, o, «Ərəbistan hakimi Əşrəf xanın sərgüzəşti» dramında xanların və digər məmurların özbaşnalıqlarından, xalqa etdiklləri zülmdən bəhs etmişdir. Həmin əsərlərlə yaxından tanış olan M.F.Axundzadə “Mirzə Ağanın pyesləri haqqında kritika” məqaləsində öz tənqidi fikir¬lərini ifadə etmişdir. Axundzadənin tənqidlərini qəbul etməklə yanaşı, ondan bir ricası olmuşdu ki, ona ünvanladığı məktublarda onun adını – yəni Mirzə Ağanın adını çəkməsin. Bu dram əsərləri özlüyündə mükəmməl olmasa da feodal həyat tərzi, şah üsul-idarəsində olan özbaşınalıq ciddi tənqid olunmuşdu. Ədib özünü sığortalamaq üçün belə bir addım atmış, imzasını gizlətməli olmuş, bunu Mirzə Fətəlidən də xahiş etmişdi. Sonralar Mirzə Ağanın yazdığı pyeslər səhvən başqa birisinin – Qacarlarda yaşa¬yan erməni əsilli Mirzə Melkum xanın adına çıxarılsa da, az sonra əsil həqiqət ortaya çıxmışdır. 20-ci əsrin əvvəllərində isə Mirzə Ağa Təbrizi publisist, naşir kimi də fəaliyyət göstərib. Məşrutə inqilabı dövründə bir-birinin ardınca «Naleyi-millət», «İstiqlal» və «Həşərətül-ərz» adlı dəyərli mətbu orqanları çap olunurdu. Onların hər üçünün redaktoru Mirzə Ağa Təbrizi (Münşibaşı) idi. 19-cu əsrin ortalarından başlayaraq İslam-Şərq mədəniyyətinin əsas təməl prinsiplərində radikal, köklü dəyişikliklər edib bu yolda Qərb mədəniyyətini birmənalı şəkildə örnək kimi görənlər arasında Azərbaycan Türk mütəfəkkirləri (Tahirə Qürrətul-Eyn, M.F.Axundzadə, Mirzə Kazım bəy, Z.Marağalı) də olmuşdur. İslam-Şərq mədəniyyətində, İslam fəlsəfəsində əsaslı şəkildə islahatların aparılmasını irəli sürən, şeyxiliyin dini-islahatçı radikal davamı kimi meydana çıxan Babilik hərəkatının tanınmış siması, Güney Azərbaycanın Qəzvin şəhərindən olan Tahirə (Zərintac) Qürrətul-Eyn (1817-1852) idi. Onu digər babilərdən fərqləndirən əsas cəhət, bu prosesə, yəni cəmiyyətin yeniləşməsi və xurafatın aradan qaldırılması məsələsinə səmimi qəlbdən qoşulması olmuşdur. Ancaq bütün hallarda o da, Babilərin təsiri altında İslam dininə münasibətdə radikal mövqeyi ilə seçilmişdir. Belə ki, Qürrətul-Eyn İslam dinində radikal dəyişikliklərin edilməsinin tərəfdarı olmuşdur. Quzey Azərbaycanda isə Şərq-İslam mədəniyyətindən, İslam fəlsəfəsindən əsaslı şəkildə imtina edərək Qərb-Xristian mədəniyyətinə, Qərb fəlsəfəsinə üz tutanlar M.F.Axundzadə və Mirzə Kazım bəy olmuşdur. Məsələn, Qürrətul-Eyn ilə təqribən eyni dövrdə, ancaq ondan fərqli olaraq çar Rusiyasının rəiyyəti kimi yaşayıb yaradan Mirzə Kazım bəy Məhəmməd Əlinin (1802-1870) xristian dinini qəbul etməsi onun dünyagörüşünün formalaşmasında həlledici rol oynamışdır. Hər halda Kazımbəyin xristian oduqdan sonra İslam dininin ilahiliyini inkar etməsi, üstəlik İslam dininin tarixini, Peyğəmbərin həyat və fəaliyyətini birtərəfli şəkildə araşdırması və qədim İran-fars mədəniyyətini tərif etməsi birmənalı başa düşülə bilməz. Çox yazıqlar olsun ki, onun bu “ənənəsi”ni Mirzə Fətəli Axundzadə də davam etdirmişdir. Axundzadə bir çox məktublarında, xüsusilə “Kəmalüddövlə məktubları” əsərində birmənalı şəkildə İslam-Şərq mədəniyyətinə (fəlsəfəsinə), hətta Türk mədəniyyətinə qarşı çıxaraq onlara alternativ olaraq Qərb fəlsəfəsini və əski İran mədəniyyətini qoymuşdur. Bu anlamda əsasən Sovetlər Birliyi dövründən etibarən M.F.Axundzadə bütün mü¬səl¬man Şərqində, o cümlədən Azərbaycan fəlsəfi fikir tarixində modernizmin, yəni demokratik və liberal ən¬ənə¬lə¬rin banisi hesab olunmaqdadır. Buna səbəb M.F.Axund¬zadənin Azərbaycan Türk mütəfəkkirləri arasında Qərb mədə¬niy¬yə¬ti¬nə-fəlsəfəsinə aid anlayışları, yəni «liberalizm», «de¬mo¬kra¬tiya», «parlament», «sivilizasiyon», «patriot», «revolyusiya» və sairəni şərh etməsi, eyni zamanda Avropa dəyərlərinin İslam Şər¬qi ölkələrində də tətbiq olunmasının zəruriliyini gös¬tər¬məsi olmuşdur. Güney Azərbaycanın Marağa şəhərindən olan Zeynəlabdin Marağalı (1837-1910) da Şərq-İslam mədəniyyəti və Qərb-Avropa mədəniyyətinə münasibətdə demək olar ki, Mirzə Kazımbəylə M.F.Axundzadənin yolunu davam etdirmişdir. Sadəcə, Marağalı onlardan fərqli olaraq İslam dininə münasibətdə kəskin mövqe tutmamış, daha çox dolayısıyla bu dinin “İran”a gəlişindən sonra bu məmləkətdə ciddi uğursuzluqların baş verməsindən yazmışdı. Ancaq əski “İran” mədəniyyətini, dövlətlərini tərifləməkdə isə Marağalı M.F.Axundzadə və Mirzə Kazımbəydən heç də geri qalmamışdır. Arazinfo.com