İŞİD-çi Abdalla: “Azərbaycandan gələn döyüşçülər çox qəddar olur…” – Video

0
1124

CurrentTime.TV-nin xüsusi müxbiri Şahida Yakub özünün «Kadr arxasında» layihəsi çərçivəsində Suriya diktatoru Bəşər Əsədlə vuruşmuş və vuruşan insanlarla görüşüb.Onlar Əsədi Suriyanın legitim prezidenti saymırlar və hesab edirlər ki, onların müharibəsi hələ başa çatmayıb.

Bəs onlar niyə əllərinə silah alıblar? Nə üçün hesab edirlər ki, hazırkı prezident Bəşər Əsəd getməlidir?

Bəşər Əsəd rejiminə müxalif «Sultan Murad» batalyonunun qərargahı Türkiyənin Kilis şəhərində, iki ölkənin sərhədində yerləşir. «Sultan Murad», əsasən, etnik Suriya türkmanlarından ibarətdir. Onlar Suriya hökumət qüvvələrindən başqa, türkmanların torpaqlarının bir hissəsini zəbt etmiş İŞİD yaraqlıları ilə də vuruşmalı olublar.

«Bizim Suriyada 2 milyona yaxın türkman yaşayır. Özüm Hələb şəhərindənəm. Min ildən öncə Suriya ərazisinə gəlmiş səlcuq türklərinin törəmələriyik. Suriyanın bütün türkmanlarıƏsədə qarşı çıxır, çünki biz azad xalqıq. Əvvəlcə dinc etiraz edirdik, ancaq sonra bizə atəş açmağa başladılar. Əlimizə silah almaq istəmirdik, dinc etiraz etmək istəyirdik, ancaq başqa çıxış yolumuz yox idi», – etnik türkman Hüseyn İsa deyir.

Hüseyn İsa

Hüseyn danışır ki, müharibə başlayana qədər onun ailəsi – səkkiz qardaşının səkkizi də bizneslə məşğul olurmuş. Hüseynin özü isə dörd il Moskvada yaşayıb, ayaqqabı satışıyla məşğul olub. Müharibə başlayanda Hüseynin qardaşı Fəhim İsa «Sultan Murad» özünümüdafiə dəstəsini yaradıb. Onlar əvvəlcə Əsəd ordusu ilə vuruşublar. Sonra daha iki cəbhə açmalı olublar: İŞİD və silahlı kürd dəstələrinə qarşı:

«Adi silahlarla vuruşurduq. Çox torpaqları azad etdik. Allah özü bizə kömək olur. Sonra «Fərat qalxanı» əməliyyatı başladı. (Söhbət Türkiyə silahlı qüvvələrinin Suriyanın şimal ərazilərinin İŞİD-dən azad edilməsi əməliyyatından gedir. Bu əməliyyatda Rusiya aviasiyası Türkiyəyə kömək edib). Xeyli ərazini İŞİD-dən və kürdlərdən, bir qədərini də Əsəddən azad etdik. Əsəd dəlidir. O və atası 40 il sərvətimizi, ölkəmizi talayıb. Onlar 40 il sevimli Suriyamızı dəmir əlcəkdə saxlayıblar. Bu torpağın sahibi bizik və onu heç kimə verməyəcəyik. Elə bilirsiniz bu müharibədən yorulmamışıq? Yorulmuşuq. Ancaq istəyirəm hamı anlasın: Əsəd durduqca, bu müharibə bitməyəcək».

Reyhanlı Türkiyə-Suriya sərhədində yerləşən başqa bir şəhərdir. Burada, suriyalı komandirlərdən birinin evində Tunisdən olan 27 yaşlı keçmiş İŞİD yaraqlısı Abdalla yaşayır. O, hava zərbələri nəticəsində hər iki ayağını itirib.

«İraq və Suriyada vuruşmuşam. Qonşu ölkəyə, dostumu ziyarətə getmişdim. O təklif etdi ki, Suriyaya gedim, həm görüm orada nə baş verir, həm də özümlə pul aparım. Düzünü desəm, özümə də maraqlı idi. Ancaq biz Suriyaya gələndə pasportlarımızı, telefonlarımızı əlimizdən aldılar, özümüzə də dedilər ki, gedə bilmərik, vuruşmalıyıq. Onları fikirlərindən döndərmək mümkün olmadı», – Abdalla deyir.

Abdallanın sözlərinə görə, İŞİD-ə qoşulanadək Tunisdə yanacaq satırmış və dindən uzaq imiş. «İŞİD-in strukturu belədir: Piramidanın təpəsində əmir və ya baş komandan dayanır. Ondan sonra hərbi kəşfiyyat gəlir. Kəşfiyyat komandirlərinə hamıdan çox pul və ən yaxşı silahları verirlər. Onlar elitadır. Onlardan sonra ordu komandirləri gəlir. Bu, tabeçiliyə görə üçüncü pillədir. Sonra adi əsgərlər gəlir, döyüşən də onlardır. Onlardan sonra əhalinin islam qaydalarına əməl etməsinə baxan əxlaq polisi gəlir.

Əvvəl bizə 100 dollar ödəyirdilər, ancaq iqtisadi problemlər başlayanda 50 dollar verməyə başladılar. İlk 6-7 ay ərzində ailəm, ümumiyyətlə, harada olduğumu bilmirdi. Sonra anama zəng vurub dedim ki, Suriyadayam. O, ağlamağa başladı, xahiş etdi ki, geri qayıdım. Söz verdim. Buna görə ölməmək üçün əlimdən gələni etdim. Bu təşkilatdan çıxmaq və özümün əvvəlki normal həyatıma qayıtmaqdan ötrü hər şeyi edirdim», – o deyir.

Haysam əl-Feysi

Ancaq bombardmanların birində keçmiş yaraqlı hər iki ayağını itirib və onu müalicə almaq üçün İdlib əyalətinə göndəriblər. Burada o, bir yoldaşı ilə sözləşib. Onlar birlikdə Azad Suriya Ordusu komandirinin nömrəsini taparaq, hücum edən qoşunlara təslim olublar.

Abdalla keçmiş SSRİ-dən gəlmiş çox sayda yaraqlı ilə rastlaşdığını da deyir. «Çox! Özbəkistan, Qazaxıstan, Tacikistan, Azərbaycandan gələnlər ayrı vuruşurlar. Onların öz batalyonları var, başqalarına qarışmırlar. Azərbaycandan gələnlər başqalarından çox radikaldırlar», – Abdalla deyir.

General Haysam əl-Feysi isə Azad Suriya Ordusunun baş komandanlarından biridir.«Biz inqilabı dəstələmək qərarına gələndə, ordudan getmədik. Azadlıq tələb edən xalqımızı qorumağa getdik. İlk zabitlər Suriya hökumət ordusundan getməyə başlayanda hamısı belə deyirdi: bu addımı xalqımızı qorumaq üçün atırıq. Məhz buna görə də həyatımızı riskə atırıq və ölənədək xalqımızı müdafiə edəcəyik», –üsyançı general deyir. /Musavat.com/

BIR CAVAB BURAXIN