“İsgəndər”lərə qarşı raketdən müdafiə sistemi gəlir – İsraildən

0
737

İsrail yaxın vaxtlarda Azərbaycana “Dəmir günbəz” raketdən müdafiə sistemini verəcək.

Bu sensasion məlumatı Milli Məclisin deputatı Yevda Abramov 1.news.az saytına verib.

Deputatın sözlərinə görə, həmin silah sistemi Azərbaycana yola salınmaq üçün artıq hazırdır. “Bu raketdən müdafiə sistemi “İsgəndər” raketlərinin yerə düşməsinə imkan verməyəcək”-Yevda Abramov bildirib. Deputat Azərbaycanın İsraildən “Dəmir günbəz” raketdən müdafiə sistemini almaq barədə müqaviləni nə zaman bağladığını açıqlamayıb.

Xatırladaq ki, Ermənistan sentyabrın 21-də İrəvanda keçirilən hərbi paradda Rusiyadan aldığı “İsgəndər” operativ-taktiki raket komplekslərini nümayiş etdirib. Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi həmin gün prezidentin göstərişi ilə xidməti müşavirəyə toplaşaraq regionda yaranmış hərbi-siyasi vəziyyəti müzakirə edib, bu vəziyyətə uyğun cavab tədbirlərini müəyyənləşdirib.

yevda abramov

Azərbaycanın Ermənistanın “İsgəndər”lərlə təchiz olunmasına bir neçə mümkün cavab variantları var və onlar artıq həyata keçirilməkdədir. Bunlardan biri Ermənistanın bütün ərazisində strateji və hərbi hədəflərin müəyyənləşdirilib “nişangaha” alınmasıdır. Artıq Naxçıvanda Ermənistan ərazisinin dərinliklərində hədəflərə raket zərbələrinin endirilməsinin də məşq olunduğu təlimlər başlayıb. Digər cavab addımı Azərbaycanın 300 km və daha çox mənzilli ballistik raketlər əldə etməsi, gələcəkdə isə belə raketləri özü kütləvi istehsal etməsidir. Hansı ki, bu istiqamətdə də danışıqlar gedir. Nəhayət üçüncü istiqamət güclü raketdən müdafiə sistemi ilə təchizatdır ki, bu vəzifənin öhdəsindən gəlməyə Azərbaycanın İsraillə olan tərəfdaşlıq münasibətləri tam imkan verir.

isgender

Lakin “Dəmir günbəz” sistemi 4 kilometrdən 70 kilometrə qədər mənzilli idarəolunmayan raketləri (“Qrad”, “Kəssam” və ya “Katyuşa” tipli) neytrallaşdırmaq üçündür, bu sistem “İsgəndər”lərə qarşı tətbiq oluna bilməz. Bu baxımdan ola bilsin ki, deputat İsrailin Azərbaycana rakedən müdafiə sistemi göndərəcəyini eşidib, ancaq hərbi sahədə dərin biliklərə malik olmadığından sistemin adını düz deməyib…

raket1

Bundan əvvəl Azərbaycan İsraildən “Barak-8″ raket əleyhinə komplekslərinin alınmasına dair müqavilə bağlamışdı və istisna deyil ki, Bakıya yola salınmaq üçün hazırlanan sistemlər məhz odur. İstənilən halda İsrail dünyada ən güclü raketdən müdafiə sistemlərinə malik ölkədir və Azərbaycan həmin sistemləri almaqla “İsgəndər”lərdən yaranan təhdidi xeyli ölçüdə neytrallaşdıracaq.

BIR CAVAB BURAXIN