İşçiyə məzuniyyət pulu necə hesablanır?

0
9747

 

May ayının yaxınlaşması ilə bərabər iş yerlərində yay məzuniyyəti ilə bağlı müzakirələrə də start verilir. Məlum məsələdir ki, işçilərin böyük əksəriyyəti məzuniyyətə məhz yay aylarında çıxmaq istəyir. Bu baxımdan yay ayları işçilər üçün həm də məzuniyyət aylarıdır.

Bayram günləri məzuniyyət günlərinə əlavə edilirmi?

“Yeniavaz.com” Əmək Məcəlləsinə istinadən bildirir ki, ödənişli əsas məzuniyyətdən istifadə etmək işçinin əsas hüquqlarından biridir. İşçilərin məzuniyyət hüququnun təmin edilməsi Əmək Məcəlləsinin əsas tələblərindən biridir. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. Əmək Məcəlləsi ilə işçilərin məzuniyyət hüququnun 4 növü nəzərdə tutulub: Əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti, sosial məzuniyyət, təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti və ödənişsiz məzuniyyət. Əmək Məcəlləsinə görə işçilərə ödənişlı əsas məzuniyyət 21 gündən az olmayaraq verilməlidir. Qeyd edək ki, 21 gün ödənişlı əsas məzuniyyətdə minimal həddir. İşçinin işlədiyi sahədən, tutduğu vəzifədən, ailə tərkibindən, yaşından, sağlamlıq vəziyyətindən asılı olaraq ödənişlı əsas məzuniyyət güğnləri də artır. Əmək Məcəlləsinə görə işçilərin əlavə məzuniyyətə çıxması isə onların staj müddətinə görə hesablanır. 5-10 il arasında staj olduqda 2 təqvim günü, 10-15 il arasında staj olduqda 4 təqvim günü, 15 ildən çox olduqda isə 6 təqvim günü əlavə məzuniyyət verilə bilər. Əmək məcəlləsi ilə işçilərə ödənişsiz məzuniyyətin verilməsi işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə həyata keçirilir. İşçilərə müddəti 6 aydan çox olmamaq şərti ilə ödənişsiz məzuniyyət verilir. Eyni zamanda işçilərin arzusu və işəgötürənin razılığı ilə ödənişsiz məzuniyyət hissələrə bölünərək də verilə bilər. Əmək Məcəlləsinə görə, işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. Bəzi hallarda isə məzuniyyət müddətinə bir neçə bayram günü düşə bilər. Bu halda qanunla bu bayram günləri məzuniyyət günlərinə əlavə edilmir.

İşçiyə məzuniyyət pulu necə hesablanır?

İşçiləri narahat edən suallardan biri də məzuniyyət pulunun necə hesablanması ilə bağlıdır. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi Əmək Məcəlləsinin 140-cı maddəsi ilə müəyyən edilir. Həmin maddəyə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq, məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına – 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Məsələn, son 12 ayın ilk 6 ayında 250, son 6 ayında isə 300 manat əməkhaqqı almış işçinin 12 təqvim ayının orta əmək haqqı 275 manat təşkil edir ((250×6+300×6)/12=275). İşçinin bir günlük əmək haqqını müəyyən etməl üçün bu məbləğ 30,4-ə bölünür: 275/30,4=9,04. Belə olan halda 21 günlük məzuniyyətə çıxan işçinin alacağı məzuniyyət haqqı 189,84 manata(21×9,04=189,84) bərabər olacaq.

Məzuniyyət pulunu məzuniyyətə çıxmadan almaq lazımdır…

Onu da qeyd edək ki, Əmək Məcəlləsinin 140-cı maddəsinin 5-ci və 6-cı bəndlərinə əsasən işçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. Lakin, bu qayda əmredici deyil və əmək müqaviləsində bunun əksi də nəzərdə tutula bilər. Əmək müqaviləsində məzuniyyət haqqının əvvəlcədən və ya sonradan ödənilməsi ilə bağlı hər hansı şərt nəzərdə tutulmayıbsa, bu zaman işəgötürən məzuniyyət haqqını əvvəlcədən ödəməlidir.

BIR CAVAB BURAXIN