İranın səmimiliyinə inanmaq olarmı?

0
768

 

Başa çatmaqda olan həftənin belə demək mümkünsə diqqəti cəlb edən hadisələrindən biri də İran prezidenti Ruhaninin Yerevan-Astana- Bişkek marşrutu üzrə səfərə çıxması oldu. Əlbəttə, İran müstəqil dövlətdir və onun prezidentinin hansı ölkəyə səfər etməsi də bu dövlətin daxili işidir. Lakin elə məsələlər var ki, onların üstündən sükutla keçmək olmur. İş orasındadır ki, İranda bəzən digər dövlətlərin də müstəqil siyasət yeritmə haqqının olduğunu unudurlar. Məsələn, bu günlərdə İsrail Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri İranda etirazlarla qarşılandı və bundan narazılıq hətta rəsmi səviyyədə dilə gətirildi. Bunu isə yumşaq desək, digər dövlətin daxili işlərinə müdaxiə cəhdi hesab etmək olar. İran rəsmilərinin fikrincə, Fələstin torpaqlarını işğal edən İsraillə əlaqələrin inkişaf etdirilməsi islam həmrəyliyinə ziddir. İran İsrailin hər hərəkətində özünə düşmənçilik motivləri axtarır. Halbuki yaxın keçmişdə, daha doğrusu ötən əsrin 50-60-cı illərində İran İsraillə sıx müttəfiqlik münasibətlərində idi və onunla hərbi ittifaq səviyyəsində əlaqələri inkişaf etdirmişdi. Ola bilsin ki, İran haçansa yenidən İsrailin müttəfiqinə çevriləcək. Hər halda İranın İraqa, Suriyaya və Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistana münasibətdə yaxınlıq nümayiş etdirməsini, həmçinin Türkiyəni kürd kartı vasitəsi ilə parçalamağa cəhd edən Qərb dövlətləri ilə mövqeyinin üst-üstə düşməsini təsadüfi hesab etmək olmaz. Məsələn, Səddam Hüseyn rejimini devirən ABŞ İranın İraqda güclənməsi qarşısında zənnimcə düşünülmüş şəkildə yaşıl işıq yandırdı və nəticədə bu ölkədəki sünni-şiə qarşıdurmasını körüklədi. Eyni sözləri ABŞ və onun müttəfiqlərinin Suriyada İranın əli ilə süni-şiə qarşıdurmasını körükləməsi və bu məqsədlə İŞİD kartını ortaya atması haqqında da demək olar. Suriyanın xarabazara çevrilməsi də məhz İranın İraqda möhkəmlənməsindən sonra baş verdi. Nəticədə bu gün Qərb İranın və İŞİD-in, həmçinin Rusiyanın əli ilə günahsız insanların qanını axıtmaqda davam edir. Məsələnin bu tərəfinə diqqəti cəlb edən islamşünas tədqiqatçı alim Efraim Xarare yazır: “Rusiya, ABŞ və Avropa Yaxın Şərqdə şiə İranına və onun Suriyadakı ələvi tərəfdarlarına stavka edərək Suriyanı xarabazara çevirdilər. Təkcə Hələbin bombardmanı zamanı dinc sakinlərə, xəstəxanalardakı xəstələrə belə rəhm etmədilər, onların üzərinə bombalar yağdırdılar. 5 il ərzində Suriyada 500 min nəfərdən artıq adam öldürüldü. Əhalinin 80 faizini təşkil edən suriyalı sünnilərin çox hissəsi yurd-yuvalarından didərgin salındı və münaqişə bitəndən sonra belə onların öz doğma ocaqlarına qayıtmaq imkanı sıfıra bərabərdir” (mənbə:http://www.centrasia.ru/newsA.phst=1482388080).
Bu baxımdan İranın Fələstini dəstəkləyərək guya işğalçı İsrailə qarşı müsəlman həmrəyliyi altında yardım etməsində də səmimi olduğuna inanmaq çətindir. Çünki əgər İran həqiqətən də müsəlman həmrəyliyi nümayiş etdirsəydi, onda qonşuluğunda Azərbaycan torpaqlarını işğal edən təcavüzkar Ermənistana münasibətdə də eyni addımları atar, ona qarşı barışmaz mövqedə dayanardı. Nəhayət Azərbaycan torpaqlarını işğal edərək orada qətliamlar törədən və 1 milyondan yuxarı insanı dədə-baba torpağından didərgin salan Ermənistanla müqayisədə İsrail İrana qarşı təcavüzə əl atmayıb. Yəni bu baxımdan İranın Azərbaycan-İsrail münasibətlərinə qısqanclıqla yanaşmağa, müsəlman həmrəyliyindən danışmağa haqqının olmadığını düşünürəm. Yenə də Yerevana səfəri zamanı əli yüzlərlə azərbaycanlının qanına batan cəllad Sarkisyanla görüşdə Ruhaninin özünü az qala işğalçı dövlətin müttəfiqi kimi aparması, ikili əlaqələrin yüksək səviyyədə inkişaf etdirilməsindən məmnun olduğunu vurğulaması, üstəlik Qarabağ münaqişəsinin müharibə yolu ilə həllinin olmadığını söyləməsi qonşu ölkənin ancaq sözdə müsəlman həmrəyliyi nümayiş etdirdiyini göstərir. Yerevandan sonra Ruhaninin Qazaxıstana və Qırğızıstana səfərə çıxması və burada yenə də özünü bu ölkələrin dostu kimi qələmə verməyə cəhd etməsi də zənnimcə zahiri görüntüdən başqa şey deyil. Belə başa düşmək olar ki, Ruhaninin Astana və Bişkekə səfəri əslində bölgədə Səudiyyə Ərəbistanı və Türkiyənin, həmçinin İsrailin təsirini azaltmağa xidmət edib. Amma sərhədlərinin yanında Azərbaycan torpaqlarını işğal edən təcavüzkar Ermənistanla müttəfiq münasibətlərində olan İranın Qazaxıstan və Qırğızıstana, eləcə digər Orta Asiya dövlətlərinə münasibətdə səmimi ola biləcəyinə inanmaq çətindir…

BIR CAVAB BURAXIN