İrandan Borçalıda Azərbaycana qarşı təxribat

0
932

Bölgədə şiələrin hakimi olmaq və dini region ölkələrinə siyasi təzyiq alətinə çevirmək üçün müxtəlif vasitələrdən istifadə edən İranın son dövrlər Gürcüstan azərbaycanlılarını hədəf seçdiyi haqqında ciddi faktlar açıqlanmışdı. İran Borçalı mahalındakı soydaşlarımızı ələ almaq üçün onlar arasında məzhəb ayrımı salır və beləliklə, parçalanmış toplumu daha rahat şəkildə idarə etməyə cəhd edir.

Gürcüstandan olan soydaşlarımız danışır ki, İranın Qum və Məşhəd şəhərindən gələn emissarlar bölgədə siyasi şiəliyi, əslində şiəlik adı atında Xomeyniçiliyi təbliğ edirlər. Bu gün Borçalıda siyasi şiəliyin təbliği ilə bağlı dini moizələr oxunur, din öyrənmək istəyənləri Məşhədə və Quma aparırlar, onların maddi ehtiyacları qarşılanır. Vaxtilə heç kimin ağlına gəlməyən məzhəb ayrılığı bu gün Borçalını ələ keçirib. Bu işi əsasən İranın Gürcüstandakı səfirliyi və emissarlar həyata keçirirlər. Məscidlərdə əsasən İrandan gələn dini ədəbiyyat paylanır. (İran hədəfinə çatır: Gürcüstan azərbaycanlıları arasında MƏZHƏB QARŞIDURMASI).

İran qaranlıq fəaliyyəti ilə seçilən Mirtağı Əsədovu Borçalıda “yeni şeyx” seçib və bu gün ondan soydaşlarımızın üzərində təsir rıçağı olaraq istifadə edir. Əsas hədəf məhz burada “dini kanton” yaratmaq və region ölkələrinə, xüsusilə Azərbaycana qarşı silah olaraq istifadə etməkdir. (İranın Borçalıda dini kanton yaratmaq planı və ayətullahların “yeni şeyxi”).

Publika.az hazırda Borçalıdakı dini vəziyyət və İranın təsir imkanları haqqında yerli mənbələrdən yeni məlumatlar əldə edib.

Bu gün İranın bölgədə “şeyx” təyin etdiyi Mirtağı Əsədovun ətrafına 500-dən çox soydaşımızı toplayıb.

İrana bağlı bu qrupun əsas mərkəzi İmam Əli və İmam Hüseyn adına məscidlərdir. Bu isə Marneulidə mövcud olan cəmi 4 məscidin ikisinin İranın təsirində olduğu deməkdir.

Mirtağı Əsədovu “şeyx” olaraq qəbul edən tərəfdarları əsasən gənclərdən ibarətdir. Hər cümə günü İmam Əli və İmam Hüseyn məscidinə 500-dən artıq dindar toplaşır. Onlar Mirtağı Əsədovun ətrafındakı fəallardır.

Yerli mənbələr danışır ki, İranın Gürcüstandakı səfiri də mütəmadi olaraq İmam Əli məscidində keçirilən dini mərasimlərə qatılır, dini moizələr oxuyaraq, siyasi təbliğat aparır.

“Marneulidə əhalinin 70 faizi şiələrdir. İran bu amildən istifadə edərək, moizəçilərini əsasən bu rayona göndərir. Vaxtilə rayonda təhsilin keyfiyyəti aşağı düşdü, gənclərimizin savadsızlığı artdı, nəticədə din amili önə çıxdı. İran bu vəziyyətdən istifadə edərək, bölgəyə girdi. Gənclərimizi Quma, Məşhədə dini təhsil almağa apardı, böyük maliyyə vəsaitləri alaraq, burada dini təsir gücü əldə etdi”, – Marneulinin yaşlı sakinləri danışır.

Mirtağı Əsədov da həmin vaxt İrana dini təhsil almağa gedənlərdəndir. Yerli mənbələrin məlumatına görə, əvvəlcə M.Əsədovun qardaşı İrana dini təhsil almağa gedib.

“Əsədovun qardaşı Qumda dini təhsil alandan sonra orada qaldı, əvvəlcə qardaşını, sonra da rayondakı gəncləri ora oxumağa apardı. Bu gün Əsədovun qardaşı İranda elmlər namizədidir və böyük biznesi var. Marneulidə Mirtağı Əsədov və tərəfdarlarını da o maliyyələşdirir”, – əldə etdiyimiz məlumatda bildirilir.

Ən təhlükəli məqamlardan biri isə Borçalıda İranın təsir dairəsinə daxil olan dindar soydaşlarımızın Azərbaycana qarşı düşmən mövqe sərgiləməsidir.

Yerli sakinlər danışır ki, bu dindarlar üçün Azərbaycan məfhumu yoxa çıxıb, onlar İrana böyük simpatiya bəsləyirlər.

Hətta Bakıda ictimai asayişi pozduğuna görə 30 sutka həbs cəzası alan Mirtağı Əsədovun azad edilməsi üçün Gürcüstanda Azərbaycan səfirliyinin önündə piket keçirməyə də hazırlaşırlarmış.

Qeyd edək ki, M.Əsədov həbsdən azad olunub, o, artıq Gürcüstana qayıdıb. Feysbukda “Gundelik Gurcustan” səhifəsində müsahibəsində yaxın günlərdə media-konfrans keçirməyə hazırlaşdığını açıqlayıb.

M.Əsədov məlum müsahibəsində “Azərbaycanın daxili işlərinə qarışmırıq” deyə bildirsə də, Borçalıda onların nəzarətində olan İmam Əli və İmam Hüseyn məscidlərində Nardaran hadisələrinin yad olunduğu və Azərbaycan dövlətinə qarşı çağırışların edildiyi haqqında məlumatlar var.

Proseslərin inkişafı İranın Borçalıda təsir dairəsinə saldığı soydaşlarımızdan Azərbaycana qarşı gələcək planlarda istifadə edə biləcəyini göstərir.

Asif Nərimanlı