İran-ABŞ gərginliyi müharibəyə gətirib çıxaracaqmı?

0
436

Süleymaninin öldürlüməsinə cavab olaraq İranın Iraqdakı ABŞ hərbi bazasına raket zərbələri endirməsi nəticəsində amerikalı hərbçilər arasında ölən və yaralananlar var.

Yeni ilin ilk günləri Yaxın Şərqdə gərginliyin ən yüksək səviyyəyə çatması ilə müşahidə olunmaqdadır. Buna da səbəb yanvar ayının 3-də İran İslam İnqilabı Keşikçilәri Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı olmuş general Qasım Süleymaninin ABŞ hərbi qüvvələrinin Bağdadda endirdiyi aviazərbələr nəticəsində öldürülməsidir. Məşhur generalın öldürülməsi nəinki İran və ona qonşu olan ölkələrdə, həm də bütün dünyada geniş əks-sədaya səbəb olub. İş orasındadır ki, general Qasım Süleymani bölgədə və dünyada kifayət qədər tanınan və eyni zamanda İranın hərbi siyasətini Suriyada, İraqda, Livanda və digər yerlərdə  uğurla həyata keçirən, ABŞ və onun müttəfiqi İsrailə qarşı sözün əsl mənasında savaş açan və onları qeyri-adi hərbi istedadı ilə mat qoyan mahir bir hərbçi idi. Məhz general Qasım Süleymaninin bölgədə İranın hərbi siyasətini uğurla həyata keçirməsi nəticəsində ABŞ və İsralin bölgə siyasəti iflasa uğrayıb və onlar faktiki olaraq Suriyada məğlub duruma düşüblər. Təsadüfi deyil ki, ABŞ-ın məşhur generalları belə Qasım Süleymaninin quru döyüşlərini uğurla başa çatdırmasını və bu zaman özünü sözün həqiqi mənasında anadangəlmə fitri istedada malik hərbçi olmasını hələ illər öncə etiraf etmişdilər. Məsələn, təqaüddə olan ABŞ generalı Mark Hertling vaxtı ilə CNN-ə verdiyi müsahibəsində: “İranın “Qüds” xüsusi bölməsinin generalı Qasım Süleymani əfsanəvi hərbçidir, o, xüsusilə İran-İraq müharibəsində gözlənilməz uğurlara imza atıb”,-demişdi.

Pentaqonun digər tanınmış generalı, illər öncə İraqdakı ABŞ hərbi güclərinə rəhbərlik edən  David Petraeus hələ 2010-cu ildə Qasım Süleymaninin hərbi istedadından danışmış və düşməninin mahir hərbi strateq olduğunu etiraf etmişdi. Həmin dövrdə mətbuata açıqlama verən Petraeus İraqda uğur qazana bilməmələrinin səbəbkarı kimi onu göstərmişdi:

 “Hər hansı bir ölkə ilə əlaqələrinizi diplomatiyanın ənənəvi tərəf müqabili – Xarici İşlər Nazirliyi ilə yürütmürsünüzsə, işiniz xeyli çətin olacaq deməkdir. Bizim İraqda yaşadığımız problem də tərəf müqabilimizin diplomat olmaması idi. O, sözün bütün mənalarında bir təhlükəsizlik makinasıdır”.

Pentaqonun yüksək səviyyəli digər rəsmisi də Süleymaninin yüksək sərkərdəlik  zəkasına malik olduğunu xüsusi vurğulayaraq demişdi ki, Qasım Süleymani hərbçi kimi soyuqqanlılığı və istedadı, gözlənilməz hərbi gedişləri ilə rəqiblərini  dəhşətə salır: “Süleymani Yaxın Şərqin həm hər yerindədir, həm də heç bir yerində…”

İranın özündə də Qasım Süleymaninin adı fəxrlə çəkilmiş, onun bölgəni barmağına dolayan general olduğu vurğulanmışdı. Yeri gəlmişkən onu da deyək ki, general Süleymaninin adı uzun illər gizli saxlanılmışdı. Lakin ABŞ-ın İraqda hərbi əməliyyata başlamasından sonra onun haqqında mətbuata müəyyən, təhlükəsizliyinə xələl gətirməyən məlumatalar sızdırılmışdı. Həmin məlumatlarda Qasım Süleymaninin adı bölgədəki ABŞ hərbçilərini daim qorxuda saxlayan və “Yaxın Şərqi barmağına dolayan general”kimi hallandırılmışdı.

Bu baxımdan general Süleymaninin öldürülməsi İranda və beynəlxalq  aləmdə şok effekti yaradaraq Yaxın Şərqdə gərginliyin ən yüksək həddə çatmasına səbəb olub. Bunu İranın və dünya liderlərinin, eləcə də ABŞ-ın tanınmış siyasilərinin  və hərbçilərinin verdiyi açıqlamalar da sübut etməkdədir.

Generalın öldürülməsindən az sonra İran Xarici İşlәr naziri Mәhәmmәd Cavad Zәrif Tvitter sәhifәsindә yazmışdı ki, Süleymaninin qәtli tәhlükәli və tәhrikedici addımdır: “ABŞ öz hәrәkәtlәrinin mәnfi nәticәlәrinin şahidi olacaq”.

Öz növbəsində generalın öldürülməsindən az sonra Pentaqon Q.Süleymaninin Prezident Donald Trampın təlimatı ilə öldürüldüyünü rəsmi şəkildə bəyan etmişdi.

Süleymaninin  qətlinin sifarişçisi ABŞ Prezidenti Donald Tramp isə məsələ ilə bağlı Tvitterində yazmışdı ki, onu çoxdan aradan götürmək lazım idi. Trampın iddiasına görə,

 Qasım Süleymani üzün müddət minlərlə amerikalını qətlə yetirib, yaralayıb və daha çox amerikalını öldürməyi planlaşdırırdı, ancaq ələ keçdi. O, milyonlarla insanın, ö cümlədən, İranın özündə etirazçıların ölümündə bilavasitə təqsirkar olub:

“İran bunu heç vaxt boynuna almayacaq, ancaq Süleymaniyə ölkə daxilində belə nifrət bəsləyirdilər və ondan qorxurdular. İran liderləri onun ölümündən təəssüf etdiyini dünyaya nümayiş etdirməyə çalışsa da, sadə insanlar heç də təəssüflənmir. Onu çoxdan aradan götürmək lazım idi”.

 General Süleymaninin öldürülməsinə beynəlxalq aləm tərəfindən verilən reaksiyalar da olduqca sərt olub. Baş verən hadisə ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib ki, ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” briqadasının komandanı, general Qasım Süleymaniyə qarşı keçirdiyi əməliyyat regionda gərginliyi artıracaq:

 “Biz regionda ABŞ-İran gərginliyinin artmasından çox narahatıq. Qəti şəkildə təkrar edirik, İraqı münaqişə zonasına çevirmək həm İraqın, həm də regionumuzun sabitliyinə ziyan vuracaq. Aydındır ki, Süleymani və onun maşın karvanına qarşı edilən hücum bölgədə inamsızlığın və qeyri-sabitliyin artmasına səbəb olacaq”.

Öz növbəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antoniu Quterreş general Qasım Süleymaninin öldürülməsindən sonra İranın ətrafında yaranan vəziyyətlə bağlı tərəfləri təmkinli olmağa çağırıb. BMT baş katibi qeyd edib ki, dünya Fars körfəzində daha bir müharibəyə yol verməməlidir. Süleymaninin öldürülməsi İsraildə özünəməxsus bir sevinclə qarşılanıb.  Bunu İsrailin baş naziri Benyamin Netanyahunun açıqlmasından da aydın görmək olar. Netanyahu iddia edib ki, ABŞ Süleymanini öldürməklə özünün və müttəfiqlərinin təhlükəsizliyini müdafiə etmiş olub:

“Qasım Süleymani Amerika vətəndaşlarının və bir çox digər günahsız insanların ölümündə məsuliyyət daşıyır. O, daha çox belə hücumları planlaşdırırdı. Prezident Donald Tramp cəld, güclü və qətiyyətli davrandığı üçün hörmətə layiqdir. İsrail ABŞ-ın sülh, təhlükəsizlik və özünümüdafiə uğrunda ədalətli mübarizəsində onun yanındadır”.

General Süleymaninin öldürülməsindən sonra bölgədə yaranan gərginlik Fransa tərəfindən də narahatlıqla qarşılanıb. Məsələ ilə bağlı rusiyalı həmkarı Vladimir Putinə zəng edən Fransa Prezidenti Emmanuel Makron iranlı general Qasım Süleymaninin ölümündən narahat olduqlarını bildirib və gərginliyinin aradan qaldırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb. ABŞ-ın özündə də general Süleymaninin öldürülməsi həyəcan və narahatlıqla qarşılanıb. Süleymaninin öldürülməsini səhv hərəkət adlandıran amerikalı konqresmen Adam Şiff deyib ki, bu, ABŞ üçün əlavə strateji problemlər yaradacaq:

“Mən bunu ehtiyatsız qərar hesab edirəm və nəticədə bütün dünyada amerikalılara qarşı təhlükə artdı. Dövlət katibi Mayk Pompeo deyir ki, Süleymaninin öldürülməsi amerikalılar və avropalıların həyatını xilas edir. Amma o bunu öz nöqteyi-nəzərindən deyir, kəşfiyyat məlumatlarına əsaslanmır”.

 Öz növbəsində ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Prezident Donald Trampın göstərişi ilə general Qasım Süleymaninin öldürülməsini təxribat kimi qiymətləndirib. O deyib ki,  Tramp Administrasiyasının təxribatçı hərbi əməliyyatları hərbçilərə, diplomatlara və ABŞ vətəndaşlarına, eləcə də müttəfiqlərimizə təhlükə yaratmaqda davam edir.

Hələliksə tərəflər arasında qarşılıqlı hədələr davam etməkdədir. İran ABŞ-ın 52 hədəfini məhv edəcəyini bildirib. Prezident Tramp isə deyib ki, İran ABŞ-a hücum etsə ona  malik olduğu qeyri-adi silahlarla zərbələr endirərək məhv edəcək. Bölgədə yaranan gərginliklə əlaqədar ABŞ Küveytə olaraq 3500 nəfər hərbçi göndərəcəyini bildirib.

Hələlik hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini söyləmək çətin olsa da bir şey aydındır: General Süleymaninin öldürülməsi bölgədə ABŞ-a qarşı yeni nifrət dalğasının yaranmasına səbəb olaraq Vaşinqtonun Yaxın Şərq siyasətinin  iflasa uğraması prosesini daha da sürətləndirəcək. Hər halda İraq parlamentinin son hadisələrdən sonra ABŞ qoşunlarının ölkədən çıxarılması  barədə  qərar qəbul etməsi də bunu sübut etməkdədir. İranın Süleymaninin öldürülməsinə cavab olaraq İraqdakı ABŞ hərbi bazasına raket zərbələri endirməsinə münasibətdə isə hələlik Vaşinton təmkinli mövqe nümayiş etdirir.

Konkret olaraq Süleymaninin öldürlüməsinin  İranla ABŞ arasında müharibəyə gətirib çıxaracağı isə istənilən halda inandırıcı görünmür…

Əziz Mustafa

Arazinfo.com