İrəvanda təlaş: Putinin Ərdoğana dediyi bu söz…

0
613

Rusiya və Türkiyə prezidentləri arasında qısa zamanda 6-cı görüş də yekunlaşdı. 5 saat çəkən budəfəki Soçi görüşü isə mühüm özəlliyi ilə yadda qaldı. Belə ki, 2015-ci ildəki məlum təyyarə insidentindən sonra korlanmış ikitərəfli əlaqələrin tamamən bərpa edildiyi bəlli oldu. Bura Türkiyə və Rusiya arasında ticari ilişkilərin əvvəlki axara qayıtması və viza rejimlərinin götürülməsi də daxildir. Arazinfo.com-un Axar.az-a istinadən məlumatına görə, Putinin “Ankara və Moskva ikitərəfli əlaqələri praktik olaraq tam bərpa edib – həm də təhlükəsizlik sferasında” fikri diqqət çəkməyə bilməz. Türkiyə-Rusiya münasibətlərinin qaydaya düşməsi və dinamik inkişafda olması, prezidentlərin intensiv şəxsi təmasları (“Putin dünya liderləri arasında ən çox Ərdoğanla görüşür” – Rusiya KİV-ləri) isə təbii ki, ilk növbədə işğalçı Ermənistanı rahatsız edir.

Doğrudur, liderlər birgə mətbuat konfransında Dağlıq Qarabağ mövzusuna da toxunduqlarını söyləmədilər. Ancaq o da var ki, Putinin mətbuat katibi Dmitri Peskov 5 saatlıq görüşdə müzakirə edilən heç də bütün məsələlər haqda açıqlama verilməyəcəyini deyib. Sitat: “İkitərəfli danışıqlarda daha mürəkkəb məsələlər müzakirə olunub. Lakin bu barədə açıqlama verilməyəcək”.

İstisna deyil ki, həmin “mürəkkəb məsələlər” sırasına həlli uzanan Dağlıq Qarabağ konflikti də var. Bu yerdə yada salaq ki, səfər öncəsi Ərdoğan rusiyalı həmkarı ilə görüşdə Qarabağ mövzusuna da toxunmaq fikrində olduğunu söyləmişdi. Daha maraqlısı odur ki, məhz bu görüşdən sonra xəbər yayılıb ki, 6 gün sonra – noyabrın 19-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakı və İrəvana səfər edəcək.

***

Bütün hallarda Putinlə Ərdoğanın adicə intensivləşən şəxsi təmasları, iki böyük dövlət arasında ciddi heç bir problemin qalmamasının bəyan olunması Azərbaycanın köklü maraqları baxımından da önəmlidir. Çünki, hər necə olmasa, belə təmaslar və isti əlaqələr, o sırada şəxsi əlaqələr Türkiyə rəhbərliyinin Moskvaya təsir imkanlarını getdikcə artırır ki, azaltmır. Ankaranın Moskva yanında sözükeçərliliyi isə Bakının da sözükeçərliliyi deməkdir – o cümlədən mürəkkəb Dağlıq Qarabağ məsələsində.

Təsadüfi deyil ki, Kreml başçısının yuxarıdakı açıqlaması işğalçı Ermənistanda təlaşla qarşılanıb. Bu xüsusda 1in.am saytının siyasi şərhçisi Musa Mikaelyanın məqaləsi diqqət çəkir. Musavat.com-un məlumatına görə, “Putin bir bəyanat verdi, Ermənistan sayıq olmalıdır” sərlövhəli məqalədə o, bütövlükdə erməni ekspert camiyəsinin ovqatını və narahatlığını ifadə edərək yazır: “Rusiya prezidenti Vladimir Putin Soçidə Ərdoğanla görüşdən sonra bildirdi ki, Rusiya-Türkiyə münasibətləri, artıq təhlükəsizlik sferası da daxil, bütün sahələr üzrə hərtərəfli və tam miqyasda bərpa edilib. İndiyədək əlaqələrin bərpasını ”hərtərəfli” adlandırmaqdan ötrü nə çatışmırdı və ya Ərdoğan Soçidə nəyi tamamlayıb və əlavə edib, əlbəttə ki, söyləmək çətindir. Ancaq tarixi presedentlərə əsasən demək olar ki, əgər Rusiya-Türkiyə münasibətləri hərtərəfli, dolğundursa, o zaman ermənilərin daha böyük ehtiyatlılıq və sayıqlıq göstərməsinə əsas var… Sözsüz ki, indiki dövrdə birmənalı şəkildə tarixi presedentləri rəhbər tutmaq doğru olmazdı, amma istənilən halda Rusiya ilə Türkiyə arasında tam miqyaslı barış o anlama gəlir ki, ermənilik də öz sayıqlığı sahəsində tam miqyaslılıq nümayiş etdirməlidir – ələlxüsus Putin təhlükəsizlik sahəsindən danışırsa”.

***

Göründüyü kimi, erməni ekspert Ankara-Moskva ilişkilərini və onların inkişafını erməni xalqının köklü maraqlarına tam zidd, faktiki, təhlükə hesab edir. Bu təlaş da, təbii ki, ən əvvəl işğalçı ölkənin bölgədəki pozucu rolundan və onun Rusiya üçün maşa rolunda çıxış eləməsindən qaynaqlanır. Hər necə olmasa, həm Türkiyə, həm də Ankara rəsmiləri dəfələrlə bəyan ediblər ki, iki ölkənin əməkdaşlığı, hətta hərbi əməkdaşlığı (S-400 zenit-raket sistemlərinin Türkiyə satılması da daxil) üçüncü ölkəyə qarşı yönəlməyib. Türkiyənin ali rəsmi şəxsləri isə üstəlik, dönə-dönə bildiriblər ki, Ermənistanın hətta işğal altındakı bir neçə rayonu qeyd-şərtsiz azad eləməsi kifayətdir ki, bölgədə onun da iştirakı ilə iqtisadi çiçəklənmə başlasın. Bundan artıq nə deyilməlidir ki?

Amma görün Mikaelyan nə deyir: “Məsələ ondadır ki, Türkiyə üçün təhlükəsizlik mövzusu erməni məsələsini də özündə ehtiva edir. Öz növbəsində erməni məsələsi təkcə ”genosid”in (dırnaqlar bizimdir – red.) tanınmasını yox, bir sıra başqa komponentləri, o sırada Dağlıq Qarabağ konflikti və bütövlükdə erməni dövlətçiliyi məsələsini ehtiva edir. Deməli, təsəvvürə gətirmək olar ki, Ankara təhlükəsizliyin bu hissəsi ilə bağlı Moskvadan nə gözləyir, əgər tərəflər arasında barış, deyildiyi kimi, həqiqətən tam şəkildə baş tutubsa”.

Erməni şərhçi ardınca yazıb: “Bu gün (dünən – red.) Moskvada ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyanla görüşəcəklər. Bu görüş faktiki surətdə Putin-Ərdoğan görüşünün ardınca baş tutacaq – hansı görüşdə ki, tərəflər arasında barışıq, təhlükəsizlik sferası da daxil, ”tam həcmdə” reallaşıb. Görüş eyni zamanda Serj Sərkisyanın Moskva səfəri və Putinlə təması öncəsinə təsadüf edəcək. Hər şeydən göründüyü kimi, Edvard Nalbənyanın həmsədrlərlə təması Putin-Ərdoğan görüşü ilə Putin-Sərkisyan görüşü arasında özünəməxsus körpü və birləşdirici həlqə rolu oynayacaq”.

***

Beləliklə, Ərdoğanla Putinin 5 saatlıq Soçi görüşünün nəticələrini Azərbaycan kontekstində daha real təsəvvür eləmək üçün Putin-Sərkisyan görüşünün nəticələrini və hətta Rusiyanın erməni kökənli baş diplomatı Lavrovun Bakı və İrəvana səfərini gözləmək lazım gələcək.

BIR CAVAB BURAXIN