İntihar etmiş şairin evindən reportaj – 20 illik yazı

0
743

Şair Sərdar Əsəd haqda ilk dəfə 1990-cı illərin ortalarında eşitmişdim. İntihar etməsi, unudulması çox təsir eləmişdi. Haqqında yazmağı qərara aldım.

 

Ailəsinin əlaqə telefonlarını öyrənmək üçün Yazıçılar İttifaqına zəng vurdum. Söhbət 1998-ci ildən gedir. Oradan bildirdilər ki, ailəsi ilə heç bir əlaqəmiz yoxdur, harda yaşadığını bilmirik.

 

“Heç olmasa dostluq elədiyi adamlarla görüşüm”-deyə düşündüm. Yadıma gəlir ki, Vaqif Bayatlı Ödərdən kömək istədim. Dedi ki, Vilayət Rüstəmzadə onu yaxından tanıyıb.

 

Vilayət Rüstəmzadə şair, tərcüməçiydi. Onunla görüşəndə xəstəxanada yatırdı. Sərdardan xeyli danışdı, arada da imkan tapan kimi ünvanıma komplimentlər yağdırırdı. Vilayət müəllim komplimentlərin dozasını artıranda, birtəhər aradan çıxdım. Hiss edirdim ki, xəstəxanada təklikdən darıxır, danışmağa adam axtarır. Palatada da ondan başa kimsə yoxuydu.

 

O vaxt danışdıqlarından yazımda bunları qeyd eləmişdim:  ”Sərdar saçlarını həmişə arxaya darayırdı. Möhkəm futbol azarkeşiydi. 60-cı illərdə “Gənclik” nəşriyyatında şeir üzrə redaktor idi. Mən də orada işləyirdim. Biz ikinci mərtəbədəydik. Bir gün üçüncü mərtəbədən şapalaq səsi eşitdik. Çıxıb gördük ki, Sərdar orada işləyən bir pəzəvəngi nalayiq söz işlətdiyi üçün vurub. Elə vurmuşdu ki, barmaqlarının izi üzündə qalmışdı. Həmin adamı Sərdar insan kimi qəbul edə bilmirdi. O hadisədən sonra Sərdarın nəşriyyatda qalması mümkün deyildi”.

 

Bu hadisəyə yenə qayıdacağam…

 

Nə olursa-olsun onun ailəsini tapmaqda israrlıydım. “Azərbaycan müəllimi” qəzetinə zəng vurdum, yoldaşı Tükəzban xanım uzun müddət orada işləmişdi. Redaksiyadan bildirdilər ki, telefon nömrəsi yoxdur, amma evləri Nərimanov metrosu yaxınlığında olmalıdır. Təxmini ünvanı da dedilər.

 

Həmin ərazidə yaşayan bir rəfiqəmlə, küçə-küçə Sərdar Əsədin ailəsinin yaşadığı evi soraqlaşdıq. Və nəhayət tapdıq. Tərslikdən evdə heç kim yoxuydu. Qonşulardan birinə telefon nömrəmi verdim ki, zəng eləsinlər…

 

Qısa müddətdən sonra ailəsinin qonağı oldum. Məni çox isti qarşıladılar. Şairin böyük oğlu Qoşqar iş adamıydı, qızı Nazilə səhv eləmirəmsə müəllimə işləyirdi. Digər oğlu Yaşar isə Sosial-Demokrat Partiyasının fəallarından biriydi.  Hazırda prezidentliyə namizəd Araz Əlizadənin səlahiyyətli nümayəndəsidir.

 

Təəssüflənirəm ki, söhbətimizin lent yazısını saxlamamışam. Sərdar Əsəd haqda yazım o illərin populyar qəzetlərindən birində “Rezonans”da çıxmışdı. Yazımı Fəxri Uğurlu redaktə eləmişdi və başlığa “İntihar” sözünü çıxarmışdı. Özü də iri hərflərlə…

 

Yazıdan sonra Sərdar Əsədin ailəsi məni qonaq çağırdı. Ümumiyyətlə, şairin ailə üzvləri yaddaşımda istiqanlı, səmimi adamlar kimi qalıb. Yazını bəyənmişdilər. Ancaq bir-iki detal xoşlarına gəlməmişdi, nəzakətlə iradlarını bildirdilər. Birincisi, məqalənin “İntihar” sərlöhvəsi ilə getməsiydi.  İstəmirdilər ki, o, məhz intihar aktına görə xatırlansın. Haqsız da deyildilər.

 

Digər irad (daha çox yüngülvarı narazılıq idi) yazıçı Əzizə Əhmədovadan Sərdar haqda soruşmağım idi. Hərçənd, Əzizə xanım onun haqda xoş sözlər demişdi: “Yazıçılar, şairlər adətən redaktorlardan çox şikayətlənirdilər. Sərdardansa hamı razı gedirdi. Öz işini gözəl bilirdi”.

 

Məsələ ondaydı ki, Əzizə xanım “Gənclik” nəşriyyatının direktoru olmuşdu. Və Sərdar Əsəd də onun rəhbəri olduğu dövrdə işdən çıxarılmışdı. Həmin yuxarıda qeyd elədiyim davaya görə. Onların fikrincə, bu məsələdə rəhbərlik qeyri-obyektiv mövqe tutmuşdu, ona qarşı haqsızlıq olmuşdu.

 

Çox yaxşı xatırlayıram ki, Əzizə xanımdan şair haqda soruşanda o, bir az duruxmuşdu, sanki sıxıla-sıxıla danışmışdı.

 

Başqa bir irad isə qəzetdə Sərdar Əsədin məhz Rəfiq Zəka Xəndan ilə fotosunun getməsiydi. Onda görüşdüyüm adamlardan biri Rəfiq Zəka Xəndan olmuşdu. Evində görüşdük. Yaddaşımı çözələyirəm. Fəqət ondan yaddaşımda xüsusi nəsə qalmayıb. Bircə onu xatırlayıram ki, evinin qapısından girəndə israr elədi ki, ayaqqabıları çıxartmayım. Evdə ayaqqabıyla gəzirdilər, nədir, baş açmadım.

 

Hafizəmdə qaldığı qədərilə Rəfiq Zəka Xəndan Sərdarla yaxın idi, məclislərdə çox zaman birgə olurdular. Çox güman ki, şairin içkiyə meylliyində belə məclislərin təsiri az olmamışdı.

 

Başqa bir tərəfdən Sərdar Əsədin işsiz vaxtlarında, ölümündən sonra, yeyib-içən dostlarının çoxu onun ailəsi ilə maraqlanmamışdı. Əksinə olsaydı, ən azı Yazıçılar İttifaqında ailəsinin telefon nömrəsi olardı, Sərdar Əsədin xatirəsinə həsr olunmuş tədbir keçirilərdi, ya yazılar yazılardı. Bəlkə olub, mən bilmirəm. Hər halda rastıma çıxmayıb.

 

Bəlkə bu səbəbdən, şairdən yazmaq istəyimi onu tanıyanlar rəğbətlə, eyni zamanda təəccüblə qarşılamışdılar. Necə olmuşdu ki, Sərdar Əsəd yada düşmüşdü.

 

Sərdar Əsəd 45 yaşında dünyasını dəyişmişdi. Onun intihar səbəblərini əsasən içkiyə aludəçiliyinə, ruhi sarsıntılarına bağlayırdılar. Həyat yoldaşı Tükəzban xanım onun ruhi sarsıntılarını “Gənclik” nəşriyyatından çıxandan sonra 5 il işsiz qalması, ona laqeyd, sayğısız münasibətlə izah edirdi.

 

Tanıyanlar əsasən onun bu keyfiyyətlərini sadalayırdı: zarafatcıl, sözü birbaşa deyən, mütəvazi, ləyaqətli, ədalətli… Onun haqda tutarlı ifadələrdən birini Əkrəm Əylisli demişdi: “Sərdad Əsəd çox istedadlı və faciəvi şəxsiyyət idi”.

 

İstedad isə çox vaxt faciə ilə yanaşı gedir və hardasa bir birini tamamlayır da.

 

Əli Kərim nümunəsi kimi.

 

Əli Kərimlə Sərdar dost idi, onun ölümündən sonra özünə yer tapa bilmirdi. Sanki özünü günahkar bilirdi. Və gücü ancaq şeirə çatırdı:

 

Şair Əli, ilham atı səyirdən,

Şair Əli, şeir gətir yuxuma!

Şair Əli, utanıram şeirdən,

Şair Əli, bu şeirimi oxuma!

 

Tükəzban xanımın dediklərindən: “Şeirlərinə çox qısqanc idi. Bəzən onun misralarındakı fikirləri öz adlarına çıxırdılar. O, məni özünə arxa bilirdi. Deyirdi ki, sən olmayanda elə bil dünya yoxdu” .

 

 

 

Onun haqqında yazı hazırlayanda şeirlərinin əksəriyyətini oxumuşdum. Şeirləri həyatının və ölümündən sonra ona olacaq laqeydliyin, soyuqluğun öncəgörməsiydi sanki:

 

Kim məni istədi, kim qarğışladı?

Fəsillər yığılıb məndə qışladı!…

Şeirim bir yuxusuz ömür başladı,

Harda qurtaracaq-hələ bilmirəm!

 

Aşağıdakı bənd, özəlliklə də son misralar xiffət hissinin ən dəqiq poetik ifadələrindən biridir:

 

Havadan qalmışam mən,

Yadımdan çıxmışam mən,

Bir şirin nəfəsə

necə sınıxmışam mən!

 

…Mənə elə gəlir ki, Sərdar Əsəd çox darıxırdı. Bu sözün hər mənasında. Ədəbi mühitdəki riyakarlıq, boğazdan yuxarı sözlər, mənafe naminə vuruşmalar, soyuq münasibət onu darıxdırırdı, incidirdi, yorurdu.

 

Yuxarıda dediyim kimi “Gənclik” nəşriyyatından çıxarılandan sonra beş il işsiz qalmışdı. Maraqlanan olmamışdı. Qapısını kəsdirən “dostları” xəstəxanada yatanda onu yoluxmamışdı…

 

O, ailənin tək övladı olmuşdu. Ölümündən iki ay sonra anası vəfat etmişdi. Sərdarın yoxluğuna dözə bilməmişdi. Sərdar Əsəd isə anasını şeirlərində belə oxşamışdı:

 

Necə yatım təkliyə,

Qayğıdan seyrəkliyə

Əvəlik kövrəkliyə

Darçın qoxulu anam!

 

Oğlundan sonra ana ovuna bilmirdi: “Əvvəl üzü Bakıya yatırdım ki, Sərdar oradadır. İndi üzü hara yatım?”.

 

Vilayət Rüstəmzadə şairlə sonuncu görüşünü belə xatırlayır: “Sonuncu görüşümüz Azərnəşrdə oldu. Xeyli yaradıcılıq mübahisəsi elədi. Duranda “Borçalı balası, cəsarətin çatırsa dur gedək Novbahara. Qonorar almışam”, – dedi. Getdik. İntihar edən gün ovqatı çox pis, mürəkkəb idi. Həmin gün çox fikirli görünürdü. Qəmliydi…Sərdarın çox yaşaması mümkün deyildi. Onu kodlaşdırmaq olmurdu. Hiss edirdim ki, öləcək”.

 

İntihardan əvvəl oğullarına məktub yazmışdı: “Gedirəm. Qorxmayın. Qapını heç kəsə açmayın”. Hadisə 1975-ci il iyunun 30-da baş vermişdi.

 

İntihar edən gün Tükəzban xanım qızı Naziləylə evdə olmayıb…

 

O vaxt yazımın sonunu belə bitirmişdim: ”Sərdar Əsədi heç vaxt unutmayın. Ona heykəl qoymayın, yubiley də keçirməyin. Ona elə bu sadə xatırlama da bəsdir”.

 

Təəssüflənirəm ki, bu gün də Sərdar Əsəd kimi istedadlı şair az xatırlanır. Bilərəkdənmi?…

 

Sonda qeyd edim ki, burdakı qeydlərimin çoxunu

 

“Rezonans”da çıxan mətnimdə yazmamışam. Ancaq o mətndəki bəzi vacib detallar burada yenidən yer alıb.

Sevda Sultanova

BIR CAVAB BURAXIN