İnsan qaçaqçıları qurbanların orqanlarını da çıxarıb satırlar

0
677

Beynəlxalq insan qaçaqçılığının ölçüsü qorxulu həddə çatıb, qaçaqçıların qurbanları indi daha çox uşaqlar və kişilərdir. BMT-nin insan qaçaqçılarıyla bağlı yeni hesabatında belə deyilir.

ÖLKƏİÇİ QAÇAQÇILIQ ARTIB

Təşkilatın Narkotiklər və Cinayət Ofisinin (UNODC) icraçı direktoru Yury Fedotov deyib ki, indi daha çox – 106 ölkə və müxtəlif ərazilərdə insan oğurluğu halları qeydə alınıb və rəqəmlər bu cinayətin qurbanı olan uşaqların sayının 2 dəfədən də çox artdığını göstərir. 2004-cü ildə qaçaqçıların qurbanlarının 13%-i uşaqlar idisə, 2014-cü ildə bu rəqəm 28 olub. Kişilərin sayı 13%-dən 21%-ə qalxıb. Ümumiyyətlə, uşaqlar və kişilər insan qaçaqçıları qurbanlarının 1/3-ni təşkil edir. Qurbanların əksəriyyəti yenə qadınlar və qızlardır.

Y.Fedotov-un sözlərinə görə, 2012-2014-cü illərdə bütün dünyada ölkəiçi qaçaqçılığın həcmi xüsusilə artıb. Hesabatda Azərbaycan da daxili qaçaqçılığın həddinin yuxarı olduğu (26-50%) ölkələrdən biri kimi qeyd edilib.

İnsan qaçaqçılığının miqyasının genişlənməsinin əsas səbəblərindən biri Suriya münaqişəsidir. Müharibədən qaçan minlərlə adam asanlıqla qaçaqçıların əlinə keçir, cinsi istismara məruz qalır, məcburi əməyə məhkum edilirlər.

UNODC-un məlumatına görə, cinsi zorakılığa məruz qalanlar daha çox qızlardır. Bu cinayət Mərkəzi və Cənubi Amerikada, Karib adalarında geniş yayılıb.

QURBANLARIN ORQANLARI SATILIB

Uşaqlar və fiziki əngəllilər dilənçiliyə məcbur edilir. Afrikada uşaqların döyüşlərə aparıldığı qeydə alınıb. Bundan başqa, qaçaqçıların qurbanlarının saxta evliliyə, pornoqrafiyaya, fırıldaqçı intriqalarda iştiraka vadar edilməsi halları geniş yayılıb. 10 ölkədə insan qaçaqçılarının ələ keçirdiyi adamların orqanlarını çıxarıb satdığı bəlli olub.

«Cinayət məsuliyyətinə cəlb edilənlərin sayı isə çox azdır. Qurbanlar qorunmur, gərəkən xidmətlə təmin edilmirlər», – Y.Fedotov belə deyir.

Hesabatda vətəndaşlarını insan qaçaqçılığına görə cəzalandıran ölkələrdən biri kimi Azərbaycanın da adı çəkilir. Bakıda 2 bacının qadınların başqa ölkələrə qaçırılmasını təşkil edən şəbəkə yaratmaqda günahlandırıldığı, cinayət məsuliyyətinə cəlb edildiyi qeyd olunur.

Hesabat 2 ildən bir hazırlanır. Sənədin müəllifləri qaçaqçıların qurbanlarının sayının 21 milyon olduğunu ehtimal edir, nəticələr isə 63 min adamla bağlı araşdırmalara əsaslanır.

 

BIR CAVAB BURAXIN