“Insan məhz çətin, ağır vaxtlarında dostlarını tanıya bilir”

0
744

Artıq neçə vaxtdır ki, gözəl səs sahibi, tanınmış müğənni Nazim Pişyarinin   xəstəliyi ilə bağlı xəbərlərin ardı-arası kəsilmir. Təkrar əməliyyat olan sənətçinin səhhəti artıq normallaşıb. O yaradıcılığında yenidən start götürüb.

 

Nazim müəllim əvvəla keçmiş olsun demək istərdim. Səhhətiniz bu gün necədir?

 

– Şükürlər olsun, indi özümü yaxşı hiss edirəm. Problemlər artıq arxada qaldı. Avqustun 2-də əməliyyat keçirdim və həkim mənə sentyabrda müayinəyə gəlməyi tövsiyə etdi. Və mən də təbii ki, sentyabr ayında müayinəyə getdim. Şükürlər olsun, müayinədən yaxşı çıxdım. Həkimin söylədiyinə görə səhhətimdə artıq heç bir problem yoxdur.

 

Nazim müəllim, xəstəliyiniz toy bazarına necə təsir göstərdi?

 

– Xəstəliyimlə bağlı demək olar ki, neçə ay mənim iş fəaliyyətim dayandı. Səhərdə şayiələr gəzməyə başladı ki, Nazim artıq xəstəlikdən sonra oxumur. Artıq zəifdir, bütün toyu idarə edə bilmir. Təbii ki, bunlar elə şayiə olaraq qaldı. İndi vaxt lazımdı ki, bu söz-söhbət də aradan götürülsün. Artıq efirlərə çıxıram və insanlar da mənim sağlam dönüşümü görərək qara fikirlərə  aydınlıq gətirəcəklər.

Xəstəlik dostlarınızı sizə tanıda bildi?

 

– Bəli, çox qəribədir ki, insan məhz çətin, ağır vaxtlarında dostlarını tanıya bilir. Kimin kim olduğunu daha yaxşı anlayır. Görünür bu sınaqlar həm də insanların bir-birini daha yaxşı tanımağı üçün yaşanmalıymış. Mən əksər dostlarımı tanıdım.

 

Bu çətin vaxtların sınağı dostunuzu düşmənə çevirmədi ki?

 

– Yox, düşmənə çevrilmədi, sadəcə mən o adamlardan uzaqlaşdım. Amma ağlıma belə gətirməzdim ki, bu qədər xalqın məhəbbətini qazanmışam. Mənə görə nə qədər adam narahatçılıq keçirdi. Bu bilirsiniz, bir sənət adamı üçün nə deməkdi? Xalqın sevgisi mənə güc verdi. Hətta tanımadığım insanlar belə mənə zəng edir, mesajlar yazır, öz ürək sözlərini bildirir, şəfa diləyir, dualar edirdilər. Bundan böyük qiymət, stimul ola bilməz. Vallah, bu mənim bəsimdir. Bəlkə də bu insanların duaları məni, Allahın köməkliyilə ayağa qaldırdı. Həmkarlarımın mənə görə narahat olması mənə güc verdi ki, yaşamaq eşqiylə davam edim.

 

Yanınızda hansı dost vardı?

 

– Mən xəstəlik dövrümdə demək olar ki, Bakıda olmadım. Yəni əməliyyatım, müayinələrim artıq Türkiyədə, İsraildə davam etdi. Ona görə də hər kəs mənimlə telefon əlaqəsi saxlayırdı.

 

Həyatınızda nə dəyişdi?

 

– Başa düşdüm ki, bu həyatda hər şey fanidir. Ad-san, var-dövlət, şan-şöhrət hamısı fanidir, hamısı yalan, boşdur.

 

Dünya yalan dünyadır?

 

Yalan deyəndə ki, yəni xəstəlik başının üstünü alanda sən ölümlə çarpışırsan, Allahdan imdad, dərdinə əlac istəyirsən. Artıq nə var-dövlət, nə ev, nə pul gözünə görünmür.

 

Nazim müəllim, səhhətinizdəki problemlərə yol açan o həkimin aqibəti necə oldu?

 

– İş məhkəmədədir, istintaq gedir.

 

Yaradıcılıqda bir irəliləyiş varmı? Yəni artıq hər şey arxada qaldı. Özünüzdə güc tapıb yeni mahnılar yazdırmısınızmı?

 

– Təbii ki, həyat davam edir, özümə gəlmişəm. Yeni mahnılar yazdırmışam. Elə mahnılar var ki, əməliyyatdan öncə yazdırmışdım, sadəcə oranjemanı qalmışdı. Hazırda o işlərlə məşğulam, start götürmüşəm. Ruh yüksəkliyilə irəli getmək lazımdı, dayanmaq olmaz. Yaxın bir ay müddətində artıq bu mahnıları eşidəcəksiniz.

 

Mətanət Şamilqızı

BIR CAVAB BURAXIN