“İndiki kişi oxuyanların əksəriyyəti arvad olmalı imiş”

0
759

Arazinfo.com ölkə.az-a istinadən əfsanəvi müğənni Akif İslamzadə ilə müsahibəni təqdim edir:

Akif bəy, fevral ayında AzTV-də Bədii Şura yaradıldı. Sizcə, bu, çıxış yolu hesab edilə bilərmi?  

– Bədii Şuranı yığışdırmaq lazımdır. O Bədii Şura məndən tutmuş, Vaqif Mustafazadə, Rafiq Babayevdən o qədər lent yazıları götürüb saxlayıblar ki. Bir-birini kontrol etməkdənsə, ədəb-ərkan cəmiyyəti yaratmaq lazımdır. Ədəb-ərkanlı cəmiyyət yaratmaq üçün də təhsil sistemi kökündən dəyişilməlidir. Bu gün Azərbaycanda tətbiq edilən təhsil sistemi Qərbə məxsusdur. Həmin sistem Rusiyaya, Rusiyadan da bizə keçib. Bu sistem bəlkə də tarixin hansısa məqamında özünü doğruldub. Amma bu gün tamamilə yararsızdır. Dediklərimin təsdiqi üçün Qərbə baxmaq lazımdır. Görün, onlar nə gündədirlər?

– Sizin təklifiniz nədən ibarətdir?

– Bu sistemi dəyişmək üçün mütəxəssislərimiz var. Cavanlarla söhbətləşirəm, görürəm ki. “Quran” sözünün mənasını bilmirlər, baxırlar üzümə.

– Düşünürsünüz ki, Bədii Şura televiziyalardakı vəziyyəti düzəldə bilməz?

– Hansı qurumun yaradılmasından asılı olmayaraq, təhsil sistemi dəyişdirilməli, cəmiyyətdə tamamilə başqa proseslər getməlidir. Bu gün televiziyalar özü də bilmədən cəmiyyətin əleyhinə olan işlərlə məşğuldur. 

– Azərbaycan telekanallarına baxırsınızmı?

– Baxmıram, ümumiyyətlə televiziyaya baxmıram.

– Bəs informasiyanı hardan alırsınız?

– Eşidirəm, harda otururam hamı şikayətlənir ki, bu nədir? Əvvəl baxanda görürdüm ki, biabırçılıqdır. Ona görə də son illər efirlərə baxmıram. 

– Müsahibələrinizin birində demişdiniz ki, illər öncə oxuduğunuz və təqdim etmədiyiniz mahnıları dinləyicilərinizə təqdim edəcəksiniz. Həmin proses davam edirmi?

– Bəli, həmin mahnılar disk şəklində təqdim ediləcək. Təqdimatı yəqin ki, bir ay çəkər. 

– Həmin alboma ancaq bəstəkar mahnıları daxildir, yoxsa?

– Yox, qarışıq mahnılardır. Yəqin ki, oxuduğum “Laçın”, “Ötən günlərimi qaytaraydılar” kimi mahnıları eşitmisiniz. Həmin mahnıları vaxtında başqa variantda da oxumuşam, amma dinləyicilərə təqdim edilməyib. 

– Ola bilərmi ki, həmin ifalardan hansınasa klip çəkilsin?

– O mahnıları otuz yaşımda oxumuşam. İndi bu simayla, yetmiş yaşımda klip çəkdirsəm, mənə baxan adam deyər ki, bu tərbiyəsizdir, əxlaqsızdır. Çünki otuz yaşımda oxuduqlarımda tamam başqa emosiya, başqa enerji var. Amma vaxtilə çəkilmiş videolentlərdən istifadə etməklə, yaxud aktyorların iştirakı ilə nəsə çəkmək olar. Amma indi bunları həyata keçirmək üçün vaxt və maliyyə lazımdır. 

– Akif bəy, bir müddət öncə bildirmişdiniz ki, gündəlik mütaliə edirsiniz…

– Bizim həyata yanaşmamız başqa cür olub. Mən gərək oxuyam ki, qavrayım. Bir-iki dəfə dini söhbətlərə qulaq asmışam, sonra həmin deyilənləri oxumuşam. Görürsən ki, dinləmək oxumağın effektini vermir, yadda qalmır. Bu dəqiqə yanımda 400-500 kitab var. 

– Gənc ifaçıları dinləyirsinizmi?

– Maşında qulaq asıram, amma təqdim etdilər deyə, adları yadımda qalmır. Bəzən özləri küçədə yaxınlaşırlar. Elə də olur ki, tanıyıram, özümü tanımazlığa vururam. O ki qaldı televiziyalara, hər şey təhsildən başlayır. Hər bir cəmiyyətin müqavimət qüvvəsi olur. Təhsilsizlik oxumaqda da hiss olunur. İndiki kişi oxuyanların əksəriyyəti qadın olmalı imiş.

– Yəni, qadın boğazları edirlər?

– Bəli. Məsələn, indi biz sizinlə danışanda bir-birimizin nitqindəki nöqtəni, vergülü, sual işarəsini hiss edirik. Oxuyan da elə oxumalıdır ki, dinləyici nöqtə-vergülü hiss etsin. Bacarmırsa başqa işlə məşğul olmalıdır. 

– İstərdim ki, yenidən Bədii Şura mövzusuna qayıdaq. Hansısa telekanalın Bədii Şurasına rəhbərlik etmək təklifi olarsa, müsbət yanaşarsınızmı?

– Xeyr, heç vaxt qəbul etmərəm. Bunu başa düşmək lazımdır ki, hamımız müəyyən yaşa gəlib çatmışıq, zövqümüz formalaşıb. Çərçivə geniş, çevrə böyük ola bilər, amma biz formalaşmışıq. İstəmərəm ki, hətta mənim diqtəmlə Azərbaycan musiqisi inkişaf etsin. Bir insanın zövqü nə qədər yaxşı olsa da, onun diqtəsiylə sənət düzələ bilməz. Ən uca zirvəmiz Üzeyir bəydir. Məsələn, “Leyli və Məcnun”a da qulaq asın, “Koroğlu”ya da.  Tamam başqa şeylərdi. Demokratiyadan, qərb dəyərlərindən danışırlar. Üzeyir bəy yüksək mədəniyyət sahibi olduğuna görə məktəbi yaratdı, amma həmin məktəbin içində çərçivə yoxdur. Fikrət Əmirov da var, Qara Qarayev də, Tofiq Quliyev də. Görün nə qədər rəngarəngdirlər. Amma hamısının başında da Üzeyir bəy durur. Mənə deyirlər ki, korifey, nə bilim nə, estrada mahnıları filan. Deyirəm ki, bunları ilk dəfə mən yox, Rəşid Behbudov edib. Ancaq təməl daşını qoyan Üzeyir bəy olub. Biz onun fikrini götürmüşük, formasını dəyişmişik. Akif İslamzadə bir cür, Vaqif Mustafazadə başqa cür, Rafiq Babayev ayrı tərzdə həmin formanı dəyişdirib. 

İntiqam VALEHOĞLU

 Bu xəbəri çap et Bu xəbəri dostuna göndər

Mədəniyyət