“Rusiyanın “İncirlik”dən istifadə etməsi üçün mütləq Moskva ilə Vaşinqton arasına hərbi razılaşma olmalıdır. Əks təqdirdə, bu hərbi bazanın Rusiya təyyarələrinin üzünə açılması mümkünsüzdür”.
Bu barədə Publika.az-a açıqlamasında Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri deyib.
Onun sözlərinə görə, Türkiyə birtərəfli qaydada bazanı rus təyyarələrinin ixtiyarına verə bilməz: “Burada bir neçə məqam diqqət çəkir. Birincisi, Türkiyənin bu açıqlama ilə ABŞ-a mesaj verməsidir. Yəni Türkiyə-Rusiya hərbi əməkdaşlığına işarə vurularaq, ABŞ-ın Türkiyə əleyhinə addımlarına cavab vermək. Bu gün ABŞ Suriyada kürd muxtariyyəti yaratmaq istəyir və Türkiyəni PKK-nın qolu olan PYD terrorçuları ilə əməkdaşlıq etməyə məcbur edir”.
Politoloq qeyd edib ki, ikinci diqqət çəkən məqam isə həqiqətən də Rusiya-ABŞ hərbi razılaşmasının olmasıdır.
“ABŞ Suriyada uğursuzluqdan sonra Rusiya ilə əməkdaşlığa gedə bilər. Əslində müəyyən yumşalma da bu ehtimalı artırır. Türkiyə də məhz əməkdaşlıq müzakirələrinə istinad edərək, bu açıqlamanı verir”, – deyə o bildirir.