Rusiyanın SSRİ-nin ikinci dirçəlişi üçün böyük ümidlər bəslədiyi Avrasiya İqtisadi İttifaqını (Aİİ) daxili didişmələr parçalayır.
Birliyə daxil olan ölkələrin əhalisinin sözügedən layihəyə olan inamı ildən-ilə azalır. Rusiya eqoist siyasəti ilə ən yaxın müttəfiqlərini belə yanından uzaqlaşdırır. Qazaxıstan artıq kiril əlifbasından latına əlifbasına keçir. Belarus öz sərhədlərini xarici idxalata açır. Ermənistan isə Avropa Birliyi ilə tərəfdaşlıq haqqında saziş imzalayır. Lakin ən əsası bu dövlətlərin heç birini İttifaqa ümumi dəyərlər bağlamır.
Musavat.com xəbər verir ki, bu sətirlər Rusiyanın gazeta.ru saytında Rüstəm Falyaxovun məqaləsində yer alıb. Məqalədə İttifaq ölkələrinin vətəndaşları arasında ona olan inamın azaldığını göstərən rəqəmlər nümayiş olunub. Ən böyük məyusluq elə rusiyalılar arasında müşahidə edilir. (2015-ci ildəki 78%-lə nisbətdə 2017-ci ildə 68%). Ermənistanda ümumiyyətlə bu 50%-in altına enib (46%).
İttifaq özü isə vahid siyasi və iqtisadi məkandan çox savaş meydanını xatırladır.
Müəllifin firkincə, burada əsas günahkar Rusiyanın özüdür. Moskvanın İttifaq daxilindəki ağayana davranışı, onun qaydaları birtərəfli, özbaşına, həm də kobudluqla pozması “müttəfiqləri” cana gətirib. Məsələn, Rusiyaya ən yaxın Belarus Gömrük Birliyindəki qaydalardan olduqca narazıdır. Minsk İttifaqın mövcud olduğu 10 il ərzində hələ də əmtəə və xidmətlərin “ümumi bazarı”nın yaradılmamasından şikayətçidir. Ölkələr arasında, xüsusilə Rusiya tərəfindən qoyulan gömrük tarifləri qarşıya qoyulan məqsədlərə heç cür uyğun gəlmir.
Bunu Rusiya ekspertlərinin özləri də dilə gətirirlər. Məsələn, Strateji layihələr mərkəzinin rəhbəri Aleksey Kudrinin fikrincə, Aİİ daxilində ticarət sədləri vaxtında qaldırılsaydı, bu, bazarda 25%-lik inkişafa səbəb ola bilərdi.
“Bu cür prinsipial məsələlərin öhdəsindən gələ bilmiriksə, bir yerdə olmağın nə mənası var?” – Kudrin bildirib.
Kudrin burada Rusiya dövlətinin eqoist siyasətinin az rol oynamadığını qeyd eidb. Onun rəyinə əsasən, Rusiya Qərbin sanksiyalarına cavab olaraq Aİİ daxilində başqa ölkələrlə məsləhətləşmədən qarşı sanksiyalar tətbiq edərək onları pis vəziyyətdə qoyub. Məsələn, Rusiyanın keçən ilin noyabr-dekabr aylarında Qazaxıstan-Rusiya gömrüyündə sanksiya altında olduğunu iddia etdiyi ölkələrdən gətirilən 120 ton alma və armudu saxlaması qazax həmkarlarını bərk əsəbləşdirib. Çünki meyvələr əslndə qırğız malı adı ilə gətirilirmiş. Ümumi bazar qanunlarına görə isə Rusiyanın onu saxlamağa ixtiyarı yoxmuş.
“Onların (Rusiyanın-red.) sistemi sanksiyalar qarşısında tab gətirmir. Ruslar xarici düşmənləri ilə bacarmadıqları üçün öz dostlarını döyməyə başlayırlar”, – məqalədə qazax iqtisadçısı Maqbat Spanovun “365info.kz” saytındakı yazısından sitat götürülüb.
Bundan başqa, yazıda Qazaxıstanın hakim elitasının da Rusiya ilə olan mədəni bağlarının yavaş-yavaş qopmaqda olduğu qeyd edilib. Buna misal olaraq Nursultan Nazarbayevin 2025-ci ilə qədər ölkədə latın qrafikasına keçməklə bağlı fərmanını göstərmək olar.
“Bununla Nazarbayev öz ölkəsinin hansı xalqların ailəsində olduğunu və öz dilinə yaxın olanlarla danışmaq istədiyini göstərmək istəyir”, – Rüstəm Falyaxov qeyd edir.
“Lakin maraqlıdır ki, Avrasiya İttifaqı əslində Nazarbayevin öz ideyası sayılırdı. Görünür o da bundan məyus olub. Qazaxıstan aktiv surətdə yönünü Qərbə-Avropa Birliyinə və Şərqə-Avropaya Yeni İpək yolunu inşa emtək istəyən Çinə doğru çevirib”.
İttifaq üzvləri də öz aralarında münaqişə etməkdədirlər. Buna ən son nümunə olaraq Qazaxıstan və Qırğızıstan arasındakı siyasi mübahisəni göstərmək olar. Keçən il Qırğızıstan Qazaxıstanı ölkədaxili siyasi proseslərə müdaxilə etməkdə günahlandırmışdı. Buna cavab olaraq isə Astana öz sərhəldərini qırğız mallarının üzünə qapatmışdı.
Eksertlərin fikrincə, İttifaq daxilində bir çox infrastruktur problemlər həll edilməyib. Məsələn, bu vaxta qədər Aİİ daixlində nəqliyyat və yüklərin daşınması sistemi hələ qurulmayıb. Bundan əlavə, ölkələr arasında valyuta siyasətinin koordinasiya edilməsi və ümumi maliyyə bazarının yaradılması məsələsi ortada qalıb. İttifaqa daxil olan dövlətlərdə milli valyutalar arasında qarşılıqlı hesablaşmalarda ziddiyətlər mövcuddur. Yalnız Rusiya ilə ikitərəfli hesablarda rubldan istifadə edilir. Qalan dövlətlər öz aralarındakı ticarətdə dollara üstünlük verirlər.
“Avrasiya İttifaqının əsaslarının tam olaraq əridildiyi göz önündədir”, – Siyasi Texnologiyalar Mərkəzinin vitse-prezidenti Aleksey Makarkin bildirir.
Politoloqun fikrincə, postsovet respublikalarında hakim elitalar vaxtilə kommunist keçmişə bağlı olaraq bir-birlərini tanıdıqları üçün birtəhər yola gedə bilirlər. Yeni nəsil isə tamam başqa düşüncəli insanlardan ibarətdir. Ən əsası, bunları birləşdirən ümumi dəyərlər də yoxdur.
Amerikalı politoloq Zbiqnev Bjezinski də Avrasiya İttifaqının uzunmüddətli perspektivdə yaşayacağını güman etmir: “Avrasiya İttifaqının 10-20 il ərzində yaşayacağını təsəvvür etmək çətindir. Çünki onun lider tərkibi öz dünyagörüşünü dəyişəcək. Bundan başqa, Rusiya Avropa ilə münasibətlərini normallaşdırdıqdan sonra belə bir ittifaqa ehtiyacı qalmayacaq”.
Musavat.com