İlham Əliyev-in “Associated Press” agentliyinin sualına cavabı, manatın məzənnəsini saxamaq üçün Mərkəzi Bankın ehtiyatlarının yetərli olmaması, korrupsiyanın səviyyəsinin artması bu günkü medianın aparıcı mövzusudur…
“İkili standartların ifşası”
“Azərbaycan” qəzetinin “İlham Əliyevdən ikili standartlara qarşı növbəti ifşaedici ittiham” sərlövəhli məqaləsində prezident İlham Əliyevin “Associated Press”agentiyinin müxbirinə cavabı diqqət mərkəzinə çəkilir.
Məqalənin mahiyyəti budur ki, Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresi çərçivəsində İlham Əliyev təbdbirin iştirakçıları ilə görüşüb. Burada adı çəkilən agentiyin müxbiri Azərbaycanda jurnalistlərin təqiblərə məruz qalmaları barədə sual verib. İlham Əliyev də bu suala cavab verərərk Azərbaycanda jurnalsitlərin həbs olunmadıqlarını söyləyib.
Müəllif İ.Əliyevin cavabını belə dəyərləndirir:
“Prezident İlham Əliyev hər çıxışında mətləblərə aydınlıq gətirməklə yanaşı, həm də Azərbaycan həqiqətləri kontekstində ikili standartları bir daha ifşa etdi”.
Məqalədə “Associated Press” agentliyi antiazərbaycançı informasiya böhtanı kampaniyasının öncüllərindən, Azərbaycan barədə yalan məlumatların tirajlanmasında xüsusi fəallığı ilə seçilən “qərəz ruporlarından biri” adlandırılır.
Müəllifə görə, İlham Əliyevlə görüşdə bu agentliyin vitse-prezidenti Con Danişevskijurnalist kimi yox, konkret antiazərbaycançı maraqları ifadə edən siyasətçi kimi fikirlər yürüdüb.
Yazıda deyilir ki, İlham Əliyev bu söhbətdə “demokratiyanı, insan hüquqlarını”pozursunuz bəhanəsi ilə daim təqiblərə, təhdidlərə məruz qalan onlarla dövlət adından dünyanın ən böyük hüquq qənimlərini, media düşmənlərini ifşa edib.
Tükənən ehtiyatlar, yüksəlməyən manat
“Azadlıqinfo” saytı “Mərkəzi Bankın “gülləsi” qurtarır” sərövhələli məqalədə manatın məzənnəsini saxlaya bilmək üçün Mərkəzi Bankın (MB) ehtiyatlarının artıq yetərli həddə olmadığını müzakirə edir.
Məqalədə deyilir ki, ölkənin pul vahidi kəskin dəyərdən düşdükdə MB valyuta satışı müdaxiləsi, uçot dərəcəsi, not buraxılışı, depozit hərracı və s. üsullarla bunu önləmək istəsə də alınmır.
Yazıda vurğulanır ki, məzənnəyə müdaxilə etmək üçün MB-ın valyuta ehtiyatları bitmək üzrədir:
“2014-cü ilin iyun ayının sonunda 15 milyard 193 milyon dollar valyuta ehtiyatına malik olan MB manatı qurtarmaq üçün ehtiyatlarının 11 milyard 188 milyon dollarını satıb, amma manat dəyərdən düşməkdə davam edir”.
Məqalədə hazırda MB-ın 4 milyard 5,5 milyon dollar valyuta ehtiyatı qaldığı xatırladılır və indi bankın manatın məzənnəsindən daha çox ehtiyatlarını qorumasının prioritetə çevrildiyi vurğulanır.
Müəllif hesab edir ki, görülən tədbirlər manata etimadı gücləndirə bilmədi və bu etimadsızlıq manatın günbəgün dəyərdən düşməsinə səbəb olub:
““Mərkəzi Bank valyuta satışı həyata keçirmir, qlobal birjalarda dollar bahalaşır, neft ucuzlaşır, Azərbaycanın valyuta gəlirləri daha da azalır”.
Daha çox gəlirə qurban verilən tikintilər
“Exo” qəzeti “Azərbaycanda “uzunömürlü” tikintilər” sərlövhəli məqalədə
ölkədə uzun müddət tikintisi gedən obyektlərin başa çatmamasının səbəblərini dəyərləndirir:
“Daha geniş yayılan səbəb maliyyələşdirilmə qıtlığıdır. Bu ya investorların savadsız maliyyələşdirmə siyasətindən irəli gəlir, ya da bazardakı konyukturanın ortaya çıxardığı dəyişikliklərin nəticəsidir. İnvestor obyekti tikmək üçün layihələndirmə işi aparır , məlum olur ki, tikinti seqmentində ciddi bahalaşmalr baş verib və investor obyektin tikintisini dayandırmağı təklif edir və beləliklə uzun ömürlü tikintilər ortaya çıxır”. Bunu qəzetə ekspert Rəşad Əliyev şərh edir.
R.Əliyevə görə, gecikmələr daha çox gəlir əldə edə bilmək üçün investorun layihə sənədlərinin tələblərini pozması ilə də bağlı ola bilər.
Ekspert bu düşüncədədir ki, yarımçıq tikintilər məsələsni havadan asılı durumda saxlamaq olmaz, tikinti şirkəti inşaatı davam etdirə bilmirsə, ya könüllü, ya məcburi bunu başqasına təhvil verməlidir.
R.Əliyev tikinti başa çatmayan binalarda insanların yaşamasının da gözardı etməyi doğru saymır :
“Bu insanlara kompensasiya ödənməlidir, çünki, onlar tikinti şirkətinin təqsiri ucbatından zərərəçəkən duruma düşüblər”.
Qanun korrupsiyanın tərkib hissəsinə dönəndə
“Novaya Vremya” qəzetində isə “Korrupsiya daha nə qədər dövlət aparatını dağıdacaq” sərlövhəli məqalə diqqət çəkir. Müəllif hesab edir ki, korrupsiya Azərbaycanda lokal hadisədən qlobal
prosesə çevrilib:
“Bu proses hər şeydən öncə dövlətin mövcudluğunu təhlükə altına alır.Aydındr ki, korrupsiya özbaşınalığı ölkəni çoxdan çuğlayıb və nəhayət aşkara çıxıb. Rabitə nazirliyi və Milli Təhlükəsilzik Nazirliyi məmurlarının əməlləri ölkəni silkələyib”.
Müəllifə görə, ölkə iqtisadiyyatı elə qurulub ki, burada korrupsiya piramidasının üzvü olmaq daha sərəflidir. Vergi, gömrük, dövlət iqtisadi siyasəti hamını korrupsioner olmağa məcbur edir.
Məqalədə deyilir ki, normal ölkələrdə korrupsiya qanunla təqib edilən hadisədir, Azərbaycanda isə qanun korrupsiya sisteminin tərkib hissəsinə çevrilib:
“Ədalət mühakiməsində qanunu pozan istənilən şəxs preyskurant üzrə müəyyən edilən məbləği ödədikdən sonra cəzadan qaça bilər. Odur ki, belə şəraitdə korrupsiyanın qanunvericilik qaydasında məhdudlaşdırılması mümkün olan məsələ kimi görünmür”.