İLAHİ, VARSA DA KEÇ SUÇUMUZDAN

0
597

İlahi, Tarifin tarifsizləşib,
İlahi, Kahinin kahinsizləşib!
İlahi, Arifin arifsizləşib,
İlahi, Şahinin şahinsizləşib!

İlahi, dadında dadlıq qalmayıb,
Hər şey acılaşıb ağıdan betər!
Murad Muradından salam almayıb,
Bizi hədələyir yağıdan betər!

Əfruzlar yalana quyruq bulayır,
Səsimiz sümbüldə çürüyür dən – dən!
Isimlər hər yerdə meydan sulayır,
Kəsilib bir yolluq sifət dərsindən!

Kimlər tora salıb göydə dənizi,
Yerdə nə oyunlar gedir, İlahi?
Yaddan çıxartmısan nə üçün bizi,
Nədir günahımız, nədir, İlahi?

Qoru qoyunları bic qoçumuzdan,
Etmə quzumuzu murdar, İlahi!
İlahi, varsa da keç suçumuzdan,
Bizi bu bəladan qurtar, İlahi!

Mubariz Məsimoğlu