İki nüvə dövləti döyüşə girdi, hər iki tərəfdən onlarla əsgər öldü

0
737

Dünyanın daha bir nöqtəsində müharibə qığılcımları alova çevrilir. Bu dəfə nüvə silahı ilə silahlanmış iki iri Asiya dövləti-Hindistan və Pakistan bir-birlərinə qarşılıqlı zərbələr endiriblər, hər iki tərəfdən onlarla itki var. Analitiklər nüvə silahı ilə silahlanmış, uzun illərdir Kəşmir bölgəsinə görə münaqişə vəziyyətində olan bu iki dövlət arasında yeni gərginliyin olduqca təhlükəli olduğunu və irimiqyaslı müharibəyə keçə biləcəyini deyirlər.

Sentyabrın 29-na keçən gecə Hindistan silahlı qüvvələri Pakistan sərhədini keçərək bu ölkə ərazisindəki hədəflərə hücum ediblər. Pakistan buna şiddətli artilleriya zərbələri ilə cavab verib. Hər iki tərəfdən onlarla əsgər həlak olub. İslamabad Dehlini açıq-aşkar hərb təcavüzdə ittiham edir, Hindistan isə təmas xətti boyu 10 kilometr dərinlikdə bütün əhalini evakuasiya edir və qoşunlarını təcili yenidən qruplaşdırır.

Hindistan tərəfinin məlumatına görə sentyabrın 29-da gecə yarısı  bu ölkə silahlı qüvvələrinin vertolyotları Kəşmir bölgəsində  minalarla və blok-postlarla əhatə olunmuş təmas xəttini eyni vaxtda beş yerdən keçiblər. Vertolyotlar yerə enəndən sonra göyərtədəki xüsusi təyinatlılar pakistanlı yaraqlıların düşərgələrinə və hind sərhədçilərinə reaktiv mərmilər atdıqları start meydançalarına gizlicə yaxınlaşıblar. Qısa döyüş zamanı yaraqlılar məhv edilib. Döyüşün nəticəsinə əsasən “Ceyş-e-Muhammed”, “Ləşkər-ə-Teybə” və “Hizb-ul-Mucahiddin” radikal islamçı qruplaşmalarının 38 döyüşçüsü məhv edilib, habelə onlara dəstək verən 9 Pakistan hərbçisi öldürülüb. İki Hindistan xüsusi təyinatlısı yüngül yaralanıb və cəmi dörd saat çəkən əməliyyatdan sonra diversiya qrup salamat geri qayıdıb.

Bu, Hindistan Müdafiə Nazirliyinin və KİV-lərinin təqdim etdiyi versiyadır. Məlumata əsasən “dəqiq nöqtə zərbələrini” baş nazir Narendra Modi şəxsən nəzarətdə saxlayıb.

Bir neçə saat sonra isə Pakistan artilleriyası Hindistanın Kəşmir bölgəsindəki sərhəd postlarını atəşə tutub. Üç post dağıdılıb, İslamabad azı 21 hind əsgərinin öldürüldüyünü, 1-nin əsir götürüldüyünü bildirir. Pakistan telekanalları bütün günü Hindistan ordusunun pilotsuz təyyarələrdən çəkilmiş görüntülərini-dağıdılmış postları, cəsədləri, mərmilərin necə partladığını nümayiş etdirib. Baş nazir Navaz Şərif televiziya ilə çıxışında bu zərbələrin “Hindistanın açıq-aşkar təcavüzünə qarşı cavab addımı” olduğunu bildirib. Rəsmi İslamabad bildirir ki, bu təcüvüz nəticəsində iki Pakistan hərbçisi həlak olub, ancaq Hindistan xüsusi təyinatlılarının Pakistan ərazisinə daxil olmasından və xüsusi əməliyyatdan söhbət getmir. Sadəcə olaraq Hindistan ordusu güc nümayiş etdirməyə çalışıb, Pakistan isə buna artilleriya zərbələri ilə cavab verib.

Sərhəddəki indiki gərginlik Kəşmir bölgəsində uzun illərdir davam edən münaqişənin nəticəsidir. Hindistanla Pakistan arasında xeyli müddətdir hökm sürən nisbi sakitlik bir neçə ay əvvəldən pozulmağa başlayıb. Hindistan xüsusi təyinatlıları Kəşmir bölgəsinin “Çe Qavara”sı Burhan Vanini öldürüb. Onun öldürülməsində sonra İslamabad matəm elan edib, Pakistan millətçiləri isə hədələyiblər ki, sərhədi keçib Kəşmiri azad edəcəklər. Hindistanda bunu çağırış kimi qiymətləndiriblər, xüsusən ona görə ki, Dehli İslamabadı Kəşmirdə “separatizmi qızışdırmaqda” günahlandırır.

Lakin qığılcımları alovlandıran hadisə sentyabrın 18-də baş verib. Pakistanda hazırlıq keçmiş dörd yaraqlı təmas xəttini keçərək Hindistan ordusunun briqadasının qərargahına hücum edib, 19 əsgəri öldürüb. Bundan sonra baş nazir Narendra Modi Pakistanı “terrorçuluğu ixrac etməkdə” ittiham edib və bu hücumun cavabsız qalmayacağını bildirib. Və sentyabrın 29-da Hindistan vəd etdiyi cavab zərbəsini endirib.

Analitiklər qeyd edirlər ki, Hindistanın indiki hərəkətləri, yəni sürətlə, sərt və hərdən avantüra xarakterli addımları bu ölkənin əvvəlki strategiyasına uyğun deyil. Hakim partiyanın baş katibi Ram Madhav deyir ki, Hindistan strateji təmkin dövrünün arxada qaldığını dərk edir: “Biz təhdidlərə qarşı sərt olmalı, qabaqlayıcı tədbirlər görməliyik”.

Hindistanın Pakistanla münaqişədə indiki sərt taktikasının banisi baş nazirin təhlükəsizlik üzrə müşaviri, hind kəşfiyyatının əfsanəsi, Hindistanda və xaricdə yaraqlılara qarşı ən təhlükəli əməliyyatlarda iştirak etmiş Acit Dovaldır. Baş nazir Modi onu komandasına cəlb edən kimi Doval Pakistan mənşəli ekstremistlərə qarşı sərt doktrina hazırlayıb. “Mumbay terror hücumuna bənzər (2008-ci ildə Mumbayda törədilmiş terror aktında 266 nəfər ölüb-red) daha bir terror hücumu sizin Bəlucistanı itirməyinizlə nəticələnəcək. Pakistan Hindistandan dəfələrlə artıq əlçatandır. İslamabad təkcə adi müdafiə taktikasını aktiv müdafiə ilə əvəz etsə pakistanlılar başa düşəcəklər ki, uduzublar”-Doval Pakistanı xəbərdar edib.

Bəlucistan barədə xəbərdarlıq boş yerə deyil. Pakistanın bu separatçı bölgəsində Hindistan kəşfiyyatı güclüdür və yerli separatçılara dəstək verir. İndi Dehli xəbərdarlıq edir ki, Pakistan Kəşmir bölgəsində separatçılara dəstəyi davam etdirsə Hindistan da Bəlucistanda separatçı-yaraqlılara dəstəyi artıracaq.

Beləliklə, hazırda Hindistan və Pakistan stavkanı qaldırır, hər atəşə daha güclü atəşlə cavab verir, hər təhdidi daha artıq təhdidlə qarşılayır. Birinci geri addım atan siyasi xal itirib uduzacaq. Lakin stavka bundan sonra da belə artsa gec-tez hər iki tərəf masa üzərinə nüvə silahını qoyacaq. Bu silah isə hər iki regional nəhəng dövlətdə yetərincədir… (Lenta.ru-nun materialları əsasında)

F.Məmmədov

Virtualaz.org

BIR CAVAB BURAXIN