Səsi ilə sosial şəbəkələrdə adından söz açdıran 14 yaşlı Kamal Mustafayev musiqi məktəbində xanəndəlik üzrə 5-ci sinifdə oxuyur. Arazinfo.com-un Xəzər TV-yə istinadən məlumatına görə, Ağdamdan məcburi köçkün olan Kamal hazırda ailəsi ilə birlikdə Müşfiqabad qəsəbəsində məskunlaşıb.
O deyir ki, gününün yarısını orta məktəbdə, qalan hissəsini isə Ağdam rayon Gülablı kənd musiqi məktəbində keçirir. Sosial şəbəkələrdə videosuna yazılan xoş sözlər kiçik istedadı daha da həvəsləndirib. Kamalın yaşı az olsa da, o, gələcək həyatı ilə bağlı qərarı indidən verib. O, peşəkar xanəndə olmaq arzusundadır.
Kamalın müəllimi Habil Məmmədov şagirdi ilə fəxr etdiyini deyir. O, 7 ildir ki, kiçik sinif otağında böyük həvəslə xanəndəliyin sirlərini şagirdlərinə öyrədir.
Musiqi məktəbindəki yaradıcı mühitdən bəhrələnən təkcə Kamal deyil. Burda onun kimi istedadlı şagirdlər çoxdur.
Musiqinin sehrinə düşmüş bu balaların gələcəyini düşünmək, görüşün təəssüratını optimist bir şəkildə nöqtələməyə kifayət edir.
S.