Prezident İlham Əliyev qanunsuz tikililər məsələsinin paytaxt üçün ciddi sosial problemə çevrildiyini bəyan edərək müvafiq strukturlara xüsusilə Bakı Şəhər İcra Hakimiyyətinə sənədləşmə ilə bağlı xüsusi tapşırıq versə də, məsələ illərdir həll edilmədən qalır. Vətəndaş yüksək məbləğdə vəsait ödəyib aldığı torpaqda ev tikə bilmir. Daşı daş üstə qoyan kimi, İcra Hakimiyyəti, bələdiyyə, müvafiq qurumların əməkdaşları “hal soruşmağa” gəlir. “Yaxşı deyiləm” deyəndə isə tikdiyin daşları da yerlə bir edib gedirlər. Torpaq alanda problem, ev tikəndə problem, qeydiyyata düşəndə problem, bunlar azmış kimi, illərdir yaşadığın evi özəlləşdirəndə də problem meydana çıxır.
Azərbaycan Prezidenti İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb.
Ölkədə iqtisadi fəallığı gücləndirmək və özəl təşəbbüslərə dəstək vermək, iqtisadiyyatda zəruri struktur dəyişiklikləri aparmaq və onun şaxələndirilməsini təmin etmək, sağlam rəqabət mühiti formalaşdırmaq, habelə milli iqtisadiyyatın səmərəliliyini yüksəltmək məqsədilə dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi iqtisadi siyasətin mühüm istiqaməti kimi müəyyənləşdirilib.
Buna qədər isə 2015-ci ildə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanununa dəyişiklik edilib.
Dəyişikliyə görə, 8-ci maddənin üçüncü hissəsinin dördüncü abzasına “orderi” sözündən sonra “mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam” sözləri əlavə edilib. Həmçinin, “kollektiv bağçılıq -yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin icrasının protokolundan çıxarış, mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam” sözləri əlavə edilib.
Həmin vaxt dəyişikliyi şərh edən ekspertlər hesab edirdi ki, bununla da həmin sənədləri olan vətəndaşlar torpaq və onun üzərindəki obyekt üzərində mülkiyyət hüququ əldə etmiş olacaq. Bir sözlə, qanunla mülkiyyət hüququnun tanınmasından ötrü order tələb olunmayacaq. Bu isə minlərlə insanın mülkiyyət hüququnun əldə edilməsi anlamına gəlirdi.
Sovet hakimiyyəti dövründə Xalq Deputatlar Soveti, yaxud icra orqanları tərəfindən vətəndaşlara sərəncamla mənzil verilsə də, bəzilərinin orderi olmayıb. Hazırda oderi olanlara isə kirayə müqaviləsini əsas gətirərək mənzillərin özəlləşdirilməsinə əngəl yaradılır. Ona görə də vətəndaş mənzilini özəlləşdirə bilmir. Bu sənədlər məhz həmin problemlərin aradan qaldıracağına ümidləri artırmışdı.
Bütün bunlar azmış kimi, vətəndaşın dövlət tərəfindən müəyyən staj müqabilində verilən mənzilini özəlləşdirməsi də müşkülə çevrilib. İllər keçsə də problem həll edilmədən, acı bağırsaq kimi uzanaraq, vətəndaşı çilədən çıxarmaqda, bəzi məmurların cibinin qalınlığını artırmaqda davam edir.
Bu istiqamətdə xüsusilə İcra Hakimiyyətlərinin əməkdaşları “at oynadır”, necə deyərlər, istədiyi qiyməti “oxuyur”, qaz vurub qazan doldururlar. İş o yerə çatıb ki, paytaxtda qayda-qanunla, qeydiyyatlı mənzilini özəlləşdirmək istəyən vətəndaşdan 3 min, 4 min, hətta 5 min manat “şirinlik” istənilir. Səbəb soruduqda isə min bir bəhanə gətirərək, onu haqsız çıxarırlar… Görünən odur ki, bizdəki bəzi qanunlar yalnız onları pozmaq üçün yazılır…