İcra başçısının həbsdə olan adamına 6 il cəza istənildi

0
597

Dələduzluqda, vəzifə saxtakarlığında təqsirləndirilən məmur növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Ağaqədir Osmanovun cinayət işi üzrə məhkəmə iclasına Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib.

Prokuror bildirib ki, A.Osmanov dələduzluq əməllərini 2007-2009-cu illərdə törədib. Dövlət ittihamçısı bildirib ki, bu əməllərinə görə ona cəza təyin edilə bilməz. Çünki cəza təyin etmə müddəti başa çatıb.

Prokuror A.Osmanovun Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məlum olub ki, zərərçəkmişlərlə A.Osmanov arasında barışıq əldə edilib.

Məhkəmə iclası martın 1-də davam etdiriləcək.

Bildirək ki, Osmanov ittihamları qəbul etmədiyini, özünü təqsirli bilmədiyini deyib.

A.Osmanov qeyd edib ki, bu cinayət işini həmyerlisi Malikcan Muradov etdirib: “Çünkü onun mənə qarşı pirinsipi var idi. Ona görə ki, həmin adam bir neçə il əvvəl Şamaxıda təxribatla bağlı çıxış edirdi. Mən də onun başını yarmışdım. Hələ 2013-cü ildə də təxribatlarla məşğul olurdu. Bu barədə dövlət orqanlarına da məlumat vermişdim. Sonra Məlikcan mənim haqqımda bu işə əl atıb, həbs etdirdi”.

A.Osmanovun sözlərinə görə, M.Muradov ölkədən qaçıb, barəsində cinayət işi başlanılıb və hazırda axtarışdadır: “Onun arvadı da falçıdır. Bildiyim qədər ilə Məlikcan hazırda Qazaxıstanda yaşayır”.

Ağaqədir Osmanov həbs edilən zaman Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışıb.

Bundan əvvəl isə rayonun daha bir neçə qəsəbəsində icra nümayəndəsi işləyib.

Bildirək ki, Ağaqədir Osmanov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Osmanov Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət vermə), 178-ci (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.

İş üzrə 4 nəfər zərərçəkmiş var. A.Osmanov vətəndaşlara torpaq satacağı adı ilə onlara qarşı dələduzluq edib. O, 4 il əvvəl vəfat edən Gülsüm Əhmədovanın adından yeni etibarnamə əldə edərək onun torpaq sahəsini başqa şəxslərə satıb.İ
Musavat.com