„ Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçasıdır. Dünyada isə iqtisadi böhran 2016-cı ildə də davam edib. Bundan əlavə, neftin qiymətinin dünya bazarlarında üç-dörd dəfə aşağı düşməsi nəticəsində gəlirlərimiz kəskin şəkildə azalıb. Belə bir vəziyyətdə biz ancaq ciddi islahatlar apararaq vəziyyətdən çıxış yolunu tapa bilərdik və buna nail olduq“.
AzərTAC-ın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev dekabrın 31-də Dünya Azərbaycanlıların Həmrəyli günü xalqa ünvanladığı təbrik nitqində səsləndirib.
İlham Əliyev deyib ki, çətinliklərə baxmayaraq Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını saxlaya bilib.
„Ölkədə qeyri-neft sənayesində 5 faiz, kənd təsərrüfatında isə 2 faizdən çox artım olub. Bu il valyuta ehtiyatlarımızı qoruya bilmişik. Bu da çox mühüm məsələdir“ deyə dövlət başçısı bildirib.
“APREL DÖYÜŞLƏRİ MÜNAQİŞƏNİN HƏLLİNİ YAXINLAŞDIRIR”
İlham Əliyev aprel döyüşlərini tarixi qələbə adlandırıb və deyib ki, bu qələbə münaqişənin həllini yaxınlaşdırır.
„2016-cı il bizim şanlı hərbi qələbə ili kimi tarixdə qalacaqdır. 1994-cü ildən bu günə qədər ilk dəfə idi ki, Azərbaycan işğal edilmiş torpaqların bir hissəsini işğalçılardan azad edib. Aprel ayında ordumuz erməni silahlı təxribatının qarşısını alaraq düşmənə sarsıdıcı zərbələr vurub və işğal edilmiş torpaqların bir hissəsini azad edib. Biz şəhidlər də vermişik. Allah şəhidlərimizə rəhmət eləsin. Azərbaycan xalqı, Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq göstərmişdir. Bizim bayrağımız bu gün Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında dalğalanır. Azad edilmiş torpaqlarda olarkən Azərbaycan bayrağı altında mən bir daha demişdim ki, heç vaxt Azərbaycan xalqı və Azərbaycan dövləti öz torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verməyəcəkdir. Aprel döyüşləri bizim şanlı tariximizdir. Aprel döyüşləri bizim tarixi qələbəmizdir. Bu qələbə münaqişənin həllini yaxınlaşdırır”,
“BIZƏ QARŞI OLAN QÜVVƏLƏR SIYASI SƏHNƏDƏN GEDIRLƏR“
Prezident beynəlxalq aləmdə Azərbaycanın dostlarının sayının artdığını bildirib.
“Bizi istəməyən qüvvələr, bizə qarşı vaxtaşırı kampaniyalar aparan qüvvələr isə siyasi səhnədən gedirlər. Azərbaycan beynəlxalq təşkilatlarda böyük uğurlar qazana bilmişdir”.
Əliyev İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox vacib sənədlərin qəbul edildiyini vurğulayıb.
“Deyə bilərəm ki, bizim siyasi və diplomatik mövqelərimiz il ərzində daha da möhkəmlənmişdir. Qondarma “Dağlıq Qarabağ” qurumunu heç bir ölkə tanımır və tanımayacaq. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir. Status-kvonun qəbuledilməzliyi haqqında artıq həm bu məsələ ilə bağlı fəaliyyət göstərən həmsədr ölkələrin prezidentləri, eyni zamanda, ATƏT və digər qurumların rəhbərləri dəfələrlə bəyanatlar vermişdir”