Husilərin Səudiyyədə uğurlu hərbi əməliyyatları: İran “Şiə ayparası” planını reallaşdırır

0
493

Yaxın Şərqdə , o cümlədən Fars körfəzində   baş verən hadisələr tədricən öz sərhədlərini aşaraq  bölgədə yeni təhlükə mənbəyi əmələ gətirməkdədir.  Bunu Yəməndəki husi qiyamçılarının hərbi əməliyyatları Səudiyyə Ərəbistanı ərazisinə keçirmələri də bir daha sübut etməkdədir. Belə ki, bir neçə gün öncə  İran tərəfindən dəstəklənən  husi qiyamçıları Səuidiyyə Ərəbistanı ərazisində daha bir hərbi əməliyyat keçiriblər. Husi qiyamçılarının nəzarəti altında olan “Almasirah” televiziya kanalının verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının ərazisində keçirilən uğurlu əməliyyatlar zamanı yüzlərlə Səudiyyə əsgəri də daxil olmaqla, minlərlə koalisiya əsgəri girov götürülüb. Telekanalda buna sübut kimi əsir götürülən  koalisiya əsgərlərinin və əməliyyatların görüntüləri nümayiş etdirilib. Səudiyyə Ərəbistanı ərazisində həyata keçirilən son uğurlu hərbi əməliyyatla bağlı keçirilən mətbuat konfransında husilərin hərbi sözçüsü Yahya Sarya bildirib ki, uğurlu əməliyyatlar nəticəsində koalisiya ordusuna ağır zərbə vurulub. Yəhya Sarya: “Səudiyyə Ərəbistanının cənub sərhəddində yerləşən Nəcran şəhərində keçirdiyimiz  genişmiqyaslı hərbi əməliyyatda iki mindən çox koalisiya əsgərini əsir götürmüşük. Düşmənin 200-dən çox əsgəri məhv edilib. Eyni zamanda ərəb koalisiyasının üç alayı darmadağın edilib və yüzlərlə zirehli texnika ələ keçirilib”.

 Husilərin keçirdiyi son hərbi əməliyyatlar nəticəsində Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya güclərinin böyük itkilər verməsi adıçəkilən ölkdədə və onun müttəfiqi olan ABŞ-da sözün əsl mənasında şok yaşanıb. Nə qədər qəribə olsa da ABŞ husilərin son hərbi əməliyyatları ilə bağlı əsasən susmağa və ondan danışmamağa üstünlük verib. Öz növbəsində Səudiyyə Ərəbistanı hakimiyyət orqanları da husilərin son hücumları nəticəsində məruz qaldıqları ağır məğlubiyyətlə bağlı rəsmi açıqlama verməyib.

Yeri gəlmişkən qeyd edək ki, son 15-16 gün ərzində husilər bununla da Səudiyyə Ərəbistanı və koalisiya güclərinə ikinci ən böyük zərbəni endiriblər.

Xatırladaq ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanın “Aramco” şirkətinə məxsus iki neft emalı zavoduna səhərə qarşı pilotsuz uçan aparatla (PUA) hücum edilib. İlk hücum şirkətin Buqayq şəhərindəki kompleksinə  edilib. Bundan bir neçə dəqiqə sonra Qüreyş şəhərindəki neft emalı zavodu PUA tərəfindən vurulub.  Hücumun nəticələri isə beynəlxalq səviyyədə  güclü əks-səda verib. Belə ki,  Səudiyyə Ərəbistanın neft emalı zavodlarına dronlarla hücum nəticəsində dünya bazarlarında xam neftin qiymətlərində 1991-ci il Körfəz müharibəsindən sonra ən böyük sıçrayış baş verib. Həftənin əvvələrində isə Səudiyyə Ərəbistanı Bəhreynə neft nəql etdiyi boru kəmərini də bağlayıb. Nəticədə gündəlik 220,000-230,000 barrel xam neftin nəqlini həyata keçirən bu kəmərin fəaliyyəti “qara qızıl” hasilatının azalması ilə bağlı dayandırılıb.

O vaxt hücumun husilər tərəfindən həyata keçirildiyi iddia edilsə də ABŞ bu işdə İranı günahlandırırdı. Vaşinqton iddia edirdi ki, İranın Səudiyyə Ərəbistanına hücumu 20 pilotsuz uçan aparat və minimum 10 raketlə həyata keçirilib. Öz növbəsində İran ABŞ-ın ittihamlarını rədd edərək baş verən hadisədə əli olmadığını bəyan edib. Səudiyyə Ərəbistanı neft mədənlərinə təşkil edilən hücumlardan sonra İran bölgədə vəziyyətin təhlükəli həddə çatdığını və bunun yeni müharibəyə səbəb ola biləcəyini anlayaraq müharibəyə hazır olduğunu rəsmi şəkildə elan edib. Lakin İranın silahlandıraraq müdafiə etdiyi və Səudiyyə Ərəbistanı ilə faktiki olaraq müharibədə olan Yəməndəki husi hərəkatı dronlu hücumlar üçün məsuliyyəti öz üzərinə götürüb. Amma heç kəsə sirr deyil ki, husilərin silahlı dəstələrinə rəhbərlik edənlərin 80 faizi İrandan olan hərbçilərdir.

Bundan əlavə bəzi məlumatlara görə, İranın  20 min nəfərdən artıq yaxşı hərbi təlim görmüş hərbçisi husilər tərəfində vuruşur. Bu baxımdan husi qiyamçılarının Səudiyyə Ərəbistanı ərazisində həyata keçirdiyi son iki böyük uğurlu əməliyyatın planlarının İran Müdafiə nazirliyi Baş hərbi qərargahında hazırlandığı istisna edilmir. Bütün hallarda husilərin Taliban və İŞİD-dən sonra bölgədə üçüncü böyük hərbi qüvvə kimi ortaya çıxdığı göz önündədir. Özü də husilərin hərbi əməliyyat taktikaları müəyyən qədər İŞİD-ın vaxtı ilə İraqdakı hücumlarını və uğurlarını xatırladır. Belə hesab edilir ki,  İŞİD-in qurulmasında və meydana çıxmasında ABŞ rol oynayıb. Husilərin hərbi güc kimi körfəzdə meydan sulamalarının arxasında isə İran dayanır.  Yeri gəlmişkən onu da deyək ki, Yəməndə yaşayan 22 milyonluq əhalinin 30 faizini təşkil edən husilər də İran kimi şiə təriqətinə mənsubdurlar. Husilərin siyasi güc kimi meydana çıxmasında özlərini “Mömin gənclər” və ya “Ənsarullah” adlandıran qrup önəmli rol oynayıb. Bu qrup Husiyyə İmamiyyə əqidəsinə bağlı dini təşkilatda birləşiblər. Bu islamı hərəkat əvvəl Zeydiyyə əqidəsi istiqamətində meydana gəlsə də, hərəkatın təsisçiləri daha çox Bədrəddin əl-Husinin fikirlərini əsas götürürlər.

Bədrəddin əl-Husi Zeydi təriqətinin alimi olmasına baxmayaraq, əqidəsinə görə, Zeydiyyə ilə 12 imam şiəliyini yaxınlaşdırmağa çalışıb.  Sonralar “Ənsarullah” adı alan hərəkatın ilk lideri də Bədrəddin Husinin böyük oğlu Hüseyn əl-Husi olub. O 1990-cı ildə Yəməndə Hizbul Haqq Partiyasını yaradaraq ona rəhbərlik edib. Hüseyn əl-Husi  1993-cü ildə keçirilən seçkilərdə  parlamentə seçilib. Amma bundan 4 il sonra, 1997-ci ildə deputat mandatından imtina edərək Husilər hərəkatını yaradıb. İranla sıx münasibətləri olan və Tehran tərəfindən maliyyələşdirilən Husilər hərəkatı lideri 2004-cü ldən başlayaraq ABŞ və İsrail əleyhinə Yəməndə güclü təbliğat aparıb və buna görə güclü təzyiqlərə məruz qalaraq öldürülüb.

Yəmən rəsmiləri Hüseyn Husi tərəfdarlarının İran və Livan Hizbullahı tərəfindən silahlandırıldığını və bunun arxasında İranın “Şiə ayparası”nın yaradılması planlarının dayandığını dəfələrlə  bəyan edib.

Yəmən hökuməti ilə husilər arasında  2005, 2006, 2007, 2008 və 2010-cu illərdə baş verən toqquşmalarda yüzlərlə insan öldürülüb. 2011-ci ildə baş verən “Ərəb baharı”ndan sonra Yəməndə vəziyyətin dəyişməsi husilərin əl-qolunun açılmasına səbəb oldu.

2014-cü ilin yay aylarından başlayaraq, Yəmən hakimiyyətinin iqtisadi siyasəti xüsüsilə də yanacağın bahalaşdırılması, hakimiyyət dairələrində rüşvətxorluq amillərinin aşkarlanması husilərin intensiv və kütləvi aksiyalarına səbəb oldu. Bundan istifadə edən husilər paytaxt Sənada dövlət müəssisələrini tutdular. Husilərin 2015-ci ildə Yəməndə hakimiyyətə gəlməsindən sonra Səudiyyə Ərəbistanı ilə onların arasında münaqişə və hərbi toqquşmalar ara vermir.  

Husilərin son iki həftə ərzində həyata keçirdikləri uğurlu hərbi əməliyyatlar isə onların bölgədə hərbi güc kimi meydana çıxdıqlarının  nümayişinə çevrildi. Bölgədə baş verən son hadisələri  şərh edən politoloq Qabil Hüseynli Axar-az-a verdiyi açıqlamasında deyib ki, husilərin bu addımı Yaxın Şərqdə İrana qarşı təzyiqlərin ciddi şəkildə artmasına səbəb olacaq. O qeyd edib ki, İranın əleyhinə olan qüvvələr meydanı qızışdırmağa çalışır:

“Ənsarullahın bu hücumundan sonra İranın vəziyyəti daha da ağırlaşacaq. Xüsusilə, Tehranın ABŞ və Avropa ölkələri ilə nüvə danışıqları ərəfəsində belə bir hücumun təşkil olunması onu göstərir ki, həmin görüşün əleyhinə olan qüvvələr var. Həmin qüvvələr İranı daxildən və xaricdən çox sıxışdırıb. Məhz indi onlar husilərə dəstək verərək, belə hücumları təşkil edir. Çünki təkbaşına Ənsarullahın bu səviyyədə böyük hərbi əməliyyatlar keçirməsi mümkün deyil”.

Tanınmış politoloq  belə hesab edir ki, bütün hallarda husilərin bu addımının məsuliyyəti İranın üzərinə düşəcək: “Bu da yaxın Şərqdə İrana qarşı hərbi əməliyyatların başlanmasına səbəb ola bilər. Ümumiyyətlə, belə şəraitdə Avropa ölkələrinin İranla danışıqlara gedəcəyini və hər hansı bir razılığın əldə olacağını düşünmürəm”.

Yeri gəlmişkən onu da deyək ki, Yəməndə husilərin siyasi gücə çevrilməsi İran  tərəfindən “Şiə ayparası” planın uğurla həyata keçirildiyini göstərməkdədir. Belə ki, Yəmən də,  Livan, Suriya, İraq və Bəhreyn kimi “Şiə ayparası”nın əsas hədəflərindən biridir. Qeyd edək ki, artıq adıçəkilən ölkələrin demək olar hamısında İran istədiyinə nail ola bilib. Beləliklə husilərin Səudiyyə Ərəbistanına qarşı həyata keçirdiyi son iki uğurlu əməliyyat göstərdi ki, ABŞ-ın və onun müttəfiqlərinin təzyiqlərinə və sanksiyalarına baxmayaraq İran faktiki olaraq bölgədə söz sahibi olan dövlətə çevrildiyini nümayiş etdirməkdədir. Bütün bunlar isə bölgədə hərbi, siyasi və iqtisadi maraqları olan güclər tərəfindən  Yaxın Şərqdə təsir dairəsi uğrunda mübarizənin daha da qızışacağını göstərir…

Əziz Mustafa