Şəkidə yerləşən “Azəri Koorporasiyası” və “Mehdi” MMC-nin istehsal etdiyi siqaretlər beynəlxalq laboratoriyada ekspertizadan keçirilib.
Bu barədə virtualaz.org saytına birliyin rəhbəri Eyyub Hüseynov məlumat verib.
Onun sözlərinə görə, ekspertizaya göndərilmiş tütün məmulatının tərkibində olan 4000 kimyəvi birləşmənin (tüstüdə isə 5000 kimyəvi birləşmə) ən təhlükəlisi olan qətran “Karvan” markalı siqaretlərdə icazə verilən ən yüksək normadan 17 faiz çox olub. “Şəki” markalı siqaretlərdə isə qətran 67 faiz, nikotin 40 faiz olmaqla icazə verilən normadan yüksəkdir. Təşkilat analizlərin nəticələrini Səhiyyə, İgtisadiyyat nazirliklərinə, Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinə göndərib”, – deyə E.Hüseynov əlavə edib.
Təşkilat rəhbəri qeyd edib ki, gigiyenik sertifikatdan başqa heç bir qanuni sənədləri olmayan siqaretlərin satışdan yığışdırılmasına nail olmaq istəyir: “Doğrudur, tütün məmulatlarının bütün növləri təhlükəlidir, istər filtrli olsun, istər filtrsiz. Amma bu siqaretlərin tərkibindəki kimyəvi maddələr normadan dəfələrlə çoxdur. Siqaretlər 45 qəpiyə satılır. Müəssisələr yalnız gigiyenik sertifikata əsaslanaraq siqaret istehsal edirlər”.
E.Hüseynov sahibkarlara yaradılan şəraitdən sui-istifadə edildiyini, əhalinin zəhərləndirildiyini də iddia edib. “Gigiyenik sertifikat kifayət qədər müayinə aparılmadan və ya aparmaq üçün texniki imkanlar olmadan verilib. Bunu dövlət qurumları da etiraf edib. Siqaretlərin ekspertizası MDB məkanında cəmi 3 ölkədə mövcuddur. Azərbaycanda isə siqaretlər ekspertiza edilmir. Buna görə də, məhsullardan nümunələri digər ölkələrdəki laboratoriyaya göndərməyə məcbur olduq”, – təşkilat rəhbəri belə deyib.
E.Hüseynov president İlham Əliyevin 23 dekabr 2015-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün strategiyanı” da xatırladıb: “Sənəddə göstərilir ki, işemiya və ürək-damar xəstəliklərinin 80 faizi tütündən yaranır. Buna görə də, 5 il müddətində tütündən istifadənin 10 faiz azaldılması qarşıya məqsəd qoyulub”.
Virtualaz.org