‘Hökumət camaatdan kəsib özünə xərcləyib’ – Ekspert

0
593

Hökuməti idarə edənlər ölkənin inkişafına yönələn vəsaitdən kəsib özlərinin sosial təminatına yönəldirlər. İqtisadçı Qubad İbadoğlu «Facebook» səhifəsində belə yazır.

617 MİLYON MANATLIQ ARTIM

Ekspert büdcə rəqəmlərinə əsaslanaraq qeyd edir ki, bu il dövlətin idarəetmə xərcləri 60 faizdən çox artıb: «Hazırda hökumətin qarşısında duran başlıca hədəf çevik və rasional idarəetməni, səmərəli dövlət tənzimləməsini, yetkin bazar münasibətlərini qurmaq, milli iqtisadiyyatın strukturunu təkmilləşdirmək və ixracyönümlü qeyri-neft sektorunun inkişafına nail olmaqdır. Lakin statistika göstərir ki, hökumət yenə israfçılıqla məşğuldur.

Dövlət Statistika Komitəsinin açıqlamalarına görə, 2016-cı ilin yanvar-avqust aylarında ümumi dövlət xidmətləri xərcləri ötən illə müqayisədə 60.1 faiz çox icra olunub. Nəticədə 2016-cı ilin ilk 8 ayında ümumi dövlət xidməti üzrə xərcləmələr ötən ilə nisbətən 607 milyon manat çox olub. Ötən ilin 8 ayında bu məqsədlə 1 milyard 9 milyon manat xərclənmişdi, bu ilin yanvar-sentyabr aylarında xərcləmələr 1 milyard 616 milyon manata çatıb. Beləliklə, 2016-cı ilin 8 ayında büdcə vəsaitlərinin 17.3 faizi və ya hər 5 manatdan 1 manata qədəri ümumi dövlət xidmətləri xərclərinin maliyyələşdirilməsinə yönəldilib».

Ekspertin sözlərinə görə, artımın struktur təhlili göstərir ki, onun 10 faizə qədəri beynəlxalq təşkilatlara üzvlük haqqı üzrə manatla ifadə olunan maliyyə öhdəliklərinin çoxalmasına görədir. Eləcə də artımdan məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına cüzi pay düşüb. Lakin ondan ən çox bəhrələnən mərkəzi və yerli icra hakimiyyəti qurumları və qanunvericilik hakimiyyəti olub.

60 FAİZDƏN ÇOX VƏSAİT

İqtisadçı sual edir ki, əhaliyə «kəmərlərinizi sıxın» mesajları verən, bahalı «Mercedes»dən düşüb ucuz «NAZ-Lifan»a minən hökumət nədən ümumi dövlət xidməti funksional xərc maddəsinə keçən ilə nisbətən 60 faizdən çox vəsait ayırır.

«Əksinə, baş verənlər bu xərc maddəsi üzrə azalmanı şərtləndirməli idi, çünki yeni yaranan strukturlar köhnələrin ləğvinə gətirib çıxarmışdı. Yalnız Maliyyə Bazarlarına Nəzarət Palatasının yaranması Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Dövlət Sığorta Nəzarəti Xidmətinin və Maliyyə Monitorinqi Xidmətinin ləğvini şərtləndirib. Bəs onda nədən belə struktur dəyişikliklərinin nəticəsi büdcədə görünmür?», – deyə iqtisadçı bildirir.

Q.İbadoğlu əlavə edir ki, büdcədə əksər xərclərin ixtisar olunduğu dövrdə idarəetmə aparatının saxlanması xərclərinin 60 faizdən çox artması hökumətin struktur islahatları və qənaət rejiminə keçidlə bağlı bəyanatlarına kölgə salır.

BIR CAVAB BURAXIN